Siyasi partiyaların “1607” maneəsi: seçkidən yayınmağın əsl səbəbi nədir?
Bizi izləyin

Nida.az

Siyasi partiyaların “1607” maneəsi: seçkidən yayınmağın əsl səbəbi nədir?

Bu ilin dekabrın 23-nə təyin edilən bələdiyyə seçkiləri Azərbaycanın siyasi arenasında bir məqamı da ortaya çıxardı.

Mərkəzi Seçki komissiyasının məlumatına görə, bələdiyyə seçkiləri 1607 bələdiyyəni əhatə edəcək. Hakim Yeni Azərbaycan Partiyası seçkiyə 15035 namizəd irəli sürüb. Bu ən yüksək göstəricidir. YAP-ın sosial baza baxımından buna qadir olması normaldır. Lakin digər partiyaların hər bələdiyyəyə ən azı 2 namizəd çıxarması lazımdır ki, heç olmasa, biri qalib gəlsin. Bu isə 3214 namizəd deməkdir. Bu namizədlər ən kiçik də olsa siyasi təcrübəyə və idarəetmə qabiliyyətinə malik olmalıdır.


Ölkədə hakimiyyətə iddialı partiyaların az hissəsi bələdiyyəyə gedir. Hazırda hakim partiya ilə yanaşı, Vətəndaş Həmrəyliyi, Ümid, Demokratik İslahatlar, Sosial - Demokrat, Böyük Quruluş, Ana Vətən partiyalarının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.
Bununla yanaşı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) də bələdiyyə seçkisində iştirak qərarını verib. AMİP və KXCP də seçkidə iştirakda qərarlıdır.

Digər partiyalar isə bu və ya digər səbəbdən seçkidə iştirak etməyəcəklərini açıqlayıb. Lakin heç biri ən azı 3214 namizəd çıxara bilməyəcəyini etiraf etmək istəmir.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu seçkiyə getməməsini maliyyə problemi ilə əlaqələndirir.


“Seçkidə namizədlərimizin təbliğatı, sənədlərin hazırlanması və digər işlər üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Partiyamız heç yerdən maliyyələşmədiyi üçün bu qədər pulumuz yoxdur”, - deyə o bildirib.


Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə seçkinin partiyanı zəiflətdiyini düşünür: “Partiya olaraq seçkilərə qatılmayacağıq. İndiki şəraitdə seçkidə iştirakın partiyanı taqətdən salacağını hesab edirik. Lakin üzvlərimizin seçkidə iştirakı sərbəstdir”.


Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev isə seçkiyə getməmələrini belə izah edir: “Bələdiyyələri statusu qeyri-müəyyən olduğu üçün seçki də o qədər önəmli deyil. Ən vacib seçki kimi 2015-ci il parlament seçkilərini görürük. Bu ilin ikinci yarısında parlament seçkilərində iştirak üçün koalisiya da yarada bilərik. Gücümüzü parlament seçkilərinə saxlayırıq”.


Müsavat Partiyası da seçkiyə getməkdən imtina edib. Partiya Məclisinin qərarı ilə üzvlərə seçkidə iştirak üçün sərbəstlik verilib. Lakin partiya olaraq iştirak məqsədəuyğun hesab edilməyib.


Milli Şurada təmsil olunan AXCP-də də seçkiyə eyni yanaşma mövcuddur.


Lakin seçki texnologiyaları üzrə ekspert Vəli Əlibəyli Publika.az-a açıqlamasında problemin üzv sayının az olması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bu gün kağız üzərində on minlərlə üzvünün olduğunu deyən partiyalar reallıqda çox az insanı ətrafına toplaya bilir: “Bələdiyyə institutunun kifayət qədər inkişaf etmədiyi, səlahiyyətlərinin az olduğu bəllidir. Seçkiyə marağın az olmasına səbəb olan amillərdən biri budur. Misal üçün, Türkiyədə bələdiyyələrin sahib olduğu səlahiyyətin 50 faizi bizim bələdiyyələrdə olsa, bu seçkiyə axının kifayət qədər olacağına əminəm. Lakin siyasi partiyaların cəmiyyətdə mövqeyi baxımından onların hər seçkidə iştirak etməsi öz xeyirlərinədir. Elə partiyalar var ki, küçədə insanlardan soruşsan, nə adını, nə sədrinin kim olduğunu deyə bilməzlər. Bələdiyyə kimi seçkilərdə partiyaların iştirakı onları daha çox kütləyə tanıtmağa səbəb ola bilər. Özünü ciddi siyasətçi sayan partiya üzvlərinin bələdiyyədə çalışmaq istəmədiyini də anlamaq mümkündür. Amma gələcək planları, iddiaları olan partiyalar bunu mütləq nəzərə almalıdır. Hər şey aşağıdan başlayır. Əgər aşağıda uğurlu olsa, yuxarıya doğru bu uğuru daşımaq mümkündür”.


V. Əlibəyli siyasi partiyalarda ixtisaslı üzvlərin olmamasına da diqqət çəkib.


“Misal üçün, bu il keçiriləcək bələdiyyə seçkilərinə minlərlə namizəd irəli sürmək lazımdır. Bu namizədlər də, heç olmasa, müəyyən təcrübəyə, biliyə sahib olmalıdır. Amma bizim partiyalarda bu qədər insan varmı? Sual versək, hər biri ən azı 20, 30, 40, hətta 50 min üzvünün olduğunu deyəcək. Amma ortaya çıxarmaq lazım olanda, çox az sayda insanı görürük. Bu üzdən hesab etmək olar ki, bələdiyyədən qaçan partiyaların əksəriyyətinin üzvlük problemi var. Hansısa partiyanın başqa səbəblərə görə getməməsi normaldır. Amma bələdiyyələrin mənasız seçki olduğu iddialarına inansaq, o zaman yarım milyondan çox üzvü olan hakim partiya da getməzdi. Əgər birbaşa parlamentdə düşmək, yaxud prezident olmaq istəyirsənsə, sonra bunu bacarmayanda başqa yerdə günahkar axtarırsansa, deməli, problem özündədir”, - deyə ekspert bildirib.


Ekspert müxalifətin seçkidə bütün bələdiyyələri əhatə edəcək qədər namizəd çıxara biləcəyinə inanmadığını açıqlayıb.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm