Maayn Yaffi: “Vaşinqton Azərbaycanı İrandan da çox tənqid edir”
Bizi izləyin

Nida.az

Maayn Yaffi: “Vaşinqton Azərbaycanı İrandan da çox tənqid edir”

Yəhudi əsilli məşhur amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi Azərbaycanı həddindən artıq tənqid etdiyi üçün Vaşinqtonu qınayıb.


Publika.az xəbər verir ki, yəhudi əsilli jurnalistin ABŞ-ın “The Hill” nəşrində dərc olunan “Azərbaycan- İsrail münasibətləri müsəlman-yəhudi sülhünün modelidir” başlıqlı məqaləsində yəhudilərə qarşı antisemitizm hücumları olduğu zamanda müsəlman ölkəsi olan Azərbaycanın İsraillə yüksək səviyyəli münasibətlər qurduğunu yazıb.


“Həmasın Qüdsə son hücumları fonunda Yaxın Şərqdə sülh perspektivləri ilə bağlı getdikcə daha böyük məyyusluğa qapılırıq. İsraildə müharibə gedir, onun sərhədləri boyunca xaos yaşanır. Müsəlmanlar arasında yəhudilərə qarşı güclü antisemitizm hücumları olur. Lakin müsəlman ölkəsi olan Azərbaycan İsraillə öz işgüzar münasibətlərini saxlayır”, - deyə o bildirib.


Sentyabr ayının ortalarında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun görüşünü xatırladan M. Yaffi iki ölkə diplomatının ölkələri arasındakı sıx münasibətlərdən danışdığını, Nyu-York, Vaşinqton və Filadelfiyanı birgə gəzdiklərini deyib.

Azərbaycanın coğrafi mövqeyinə toxunan amerikalı jurnalist yazır: “Azərbaycan İran, Gürcüstan, Rusiya və Xəzərlə həmsərhəddir. Həmçinin, onun münaqişədə olduğu Ermənistanla da sərhədləri var. Son vaxtlar ABŞ tərəfindən İsrail və Azərbaycana dəstək hiss olunur. Lakin hər iki ölkə eyni dərəcədə haqsızlığa məruz qalır. Son bir neçə ildə İsrail baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama arasında media üzərindən mübarizə gedir. Amerika mediası və siyasətçiləri Azərbaycanı insan haqları ilə bağlı tez-tez, hətta fasilə vermədən tənqid edir. Azərbaycanda vəziyyət əlbəttə ki, qüsursuz deyil. Vətəndaş cəmiyyəti və bir sıra sahələrdə islahatlar aparılmalıdır. Bu ölkənin təcrübəsinin az olduğu nəzərə alınmalıdır. Amma Vaşinqtonun Azərbaycanı başqa ölkələrdən daha çox tənqid etdiyi də ortadadır. ABŞ hətta keçmiş düşməni olan İranı belə Azərbaycan qədər tənqid etmir. Bundan başqa, ABŞ alçaldılmış şərtlərlə Putinin Gömrük İttifaqına qoşulan Azərbaycanın qonşusu Ermənistanın daxili repressiyalarını və xalqın suverenliyini təhlükə altına atdığını görmür”.


M. Yaffi Azərbaycan xalqının hakimiyyətləri haqda deyilən tənqidlərə məhəl qoymadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu mənada Azərbaycan və İsrail bir-birinə çox bənzəyir: “Azərbaycan xalqı üçün bütün bu deyilənlərin heç bir əhəmiyyəti yoxdur. Bir neçə bədxah isə iqtidarı tənqid edən məqalələr dərc etməklə sanki vaxt keçirir. Azərbaycanlılar üçün bu planlaşdırılmış mənfi kampaniyadır. Bu isə ABŞ maraqlarına zidd olaraq Moskva və Tehranın maraqlarına xidmət edir. Yəhudi dövlətinə qarşı maliyyələşdirilən kampaniyalarda İsrail təcrübəsini nəzərə alsaq, bu, təəccüblü görünməməlidir”.


1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu yazan M. Yaffi bu ölkənin müsəlman əhaliyə sahib olmasına baxmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar verən, o cümlədən konstitusiyada qadınlara səs vermə hüquq tanıyan ilk qərbyönümlü demokratiyaya sahib olduğunu bildirib.


“Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. SSRİ-nin “Qızıl ordusu” Azərbaycanı işğal edərək Sovet İttifaqının tərkibinə daxil etdi. Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda etnik ədavətlə münaqişə yaşandı. Moskva 20 yanvar faciəsini törətdi. Sonra da AXC-nin bayrağını dövlət bayrağı olaraq qəbul edən Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandı. Tarix boyu bu ölkə yəhudilərə və digər millətlərə açıq ölkə olub. Israilin Bakıdakı səfiri Harpaz Azərbaycanda antisemitizmin olmadığını deyir. Elin Süleymanov da XX əsrin əvvəllərində Azərbaycanın ilk parlamentində yəhudilərin olduğunu, hətta səhiyyə nazirinin yəhudi olduğunu xatırladır. Hazırda İsrailin istifadə etdiyi neftini 40 faizini Azərbaycan verir. Həmasla sonuncu müharibədə bir çox ölkələr İsrailə uçuşları dayandırdı, təkcə Azərbaycandan başqa.
Diplomatlar Qərbin Azərbaycanda dünyəvi və açıq cəmiyyəti saxlamağın lazım olduğu fikrini düzgün anlamadığını deyirlər. Çünki öz qərarını verəcək yaşda olmayan qızlara məcburi hicabın taxılmasına və radikal qruplara qarşı mübarizə aparılmalıdır. Lakin Qərb xırda detallardan tutaraq Azərbaycana siyasi təzyiqlər etməyə cəhd edir”, - deyə amerikalı jurnalist bildirib.


M. Yaffi Azərbaycanla İsrail arasında hərbi sahədəki əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb. O, Qərbi Azərbaycana qarşı sərt və əsassız tənqidlərdən çəkinməyə çağırıb.


“İsrail üçün Azərbaycanın tərəfdaş ölkə olduğunu bilmək olduqca xoşdur”, - deyə M. Yaffi əlavə edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm