• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vilfrid Furman: “Minsk qrupu “DQR”-i dəstəkləyir” – Müsahibə

  • Nida.az
  • 5 Noyabr 2014 13:18
  • 788 Baxış
Vilfrid Furman: “Minsk qrupu “DQR”-i dəstəkləyir” – Müsahibə

Almaniyalı professor Vilfrid Furman Rusiya mediasına müsahibəsində Bundestaqın sol fraksiyasının Almaniya federal hökumətinə Dağlıq Qarabağla bağlı göndərdiyi sorğuya hökumətin cavablarını şərh edib.
Publika.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Solların sorğusuna federal hökumətin cavabını necə şərh edərdiniz?

- 41 bənddən ibarət sorğuya federal hökumətin cavabı diplomatik formada verilib. Lakin burda açıq şəkildə Minsk qrupunun münaqişənin həllində effektli nəticələr əldə edə bilmədiyi göstərilir. Bu doğru yanaşmadır. 1992-ci ildə yaradılan Minsk qrupu büdcəsiz və ofisi olmayan qeyri-formal orqandır. Bu qrup tərəfləri ortaq məxrəcə gətirə bilər, lakin bu, hələlik baş verməyib. Digər tərəfdən, Almaniya Minsk qrupunun adi üzvü olaraq danışıqlar prosesinin heç bir məqamı haqda məlumatlandırılmayıb.

- Rəsmi Berlinin cavabında sizin diqqətinizi xüsusilə nə cəlb etdi?

- Hökumətin cavabında Azərbaycanın ərazi bütövlüyü tanınır. Eyni zamanda, öz müqəddəratını təyin etmə prinsipi vurğulanır. Lakin bu iki prinsipi bir araya qoymaq nə qədər doğrudur? 25 il əvvəl ermənilər tərəfindən soyqırım siyasətinə məruz qalan milyondan artıq azərbaycanlı var. Belə olan halda “qalib” üçün öz müqəddəratını təyin etmə haqqı tanımaq nə qədər münasibdir? “Madrid prinsipləri”ndə öz müqəddəratını təyin etməyə zəmanət verilməsindən danışılır. Lakin ərazi bütövlüyünün zəmanəti haqda heç nə deyilmir? Təhlükəsizlik zəmanəti də dəqiq göstərilir. Amma Ermənistanın nizami ordusunun 8 min əsgərinin Dağlıq Qarabağda qulluq etdiyindən bir kəlmə də danışılmır. Halbuki “Qarabağın özünümüdafiə gücləri” adlanan hərbi birləşmənin əksəriyyətini erməni ordusunun qulluqçuları təşkil edir.


- Hökumətin cavabında Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılan məcburi köçkün və qaçqınların cəmiyyətə inteqrasiya problemi ilə qarşılaşdığı deyilir. Siz bu haqda nə düşünürsünüz?

- Sorğunun 29-cu bəndinə cavabda hökumətin yanaşması təqdirəlayiqdir. Orda Azərbaycanın bir milyon qaçqın və məcburi köçkün üçün həyat şəraitini yaxşılaşdırmağa, sosial inteqrasiyasını təmin etməyə məcbur edildiyi deyilir. Bu inkişaf edən ölkə üçün böyük yükdür.

Ermənistanda da Azərbaycandan gəlmə qaçqınlar var. Onların hamısı ağır şəraitdə yaşayırlar. Lakin Ermənistan hökuməti büdcənin 15 faizini hərbi xərclərə sərf edir.

Ermənistan həmçinin Suriyadan qaçan erməniləri də işğal edilmiş ərazilərdə yerləşdirir. Onlar hansı məqsədlə bu ərazilərdə yerləşdirilir? Güman ki, sahibsiz qalan Azərbaycan mülklərində yaşayırlar.


- Rəsmi Berlin həmçinin Xocalı aeroportunun açılış məsələsində də toxundu...

- Alman hökumətinin fikrincə, Xocalıda aeroportun açılışı mənfi effekt göstərəcək. Azərbaycan bunu yolverilməz hesab edir. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri aeroportun işə salınmasının Dağlıq Qarabağın statusuna təsir etmədiyini deyirlər. Onlar bununla faktiki olaraq tanınmamış “DQR”-i dəstəkləyir.
Bu həm də Ermənistanı həvəsləndirir. Hazırda xaricdəki ermənilər Şuşa və Xankəndinə investisiyalar yatırmaqdadır.

Rəsmi Berlin haqlı olaraq Azərbaycanın münaqişənin həllində beynəlxalq hüquqa güclü sədaqətini xüsusi qeyd edir. Burada Azərbaycan faktiki olaraq əlləri bağlanmış vəziyyətdədir. Federal hökumət tərəfindən daim vurğulanan güc tətbiqindən imtina və münaqişənin diplomatik qaydada nizama salınması prinsipləri istənilən ədalətli vasitəçinin Ermənistana güzəşt etməsini qadağan edir. Lakin Azərbaycanın beynəlxalq hüquq hörməti və hərbi gücdən istifadə etməməsi acizliyin nümunəsi kimi qəbul edilir. Bu da faktiki olaraq vasitəçilər tərəfindən sui-istifadə olunur. Çünki Azərbaycan hərbi gücə əl atsa beynəlxalq reputasiyası zədələnə bilər və Ermənistanın haqlı duruma düşməsinə səbəb olar. Bu baxımdan, vaxt keçdikcə Azərbaycan əlverişsiz və mürəkkəb vəziyyətə düşür.

Rəsmi Berlinin toxunduğu maraqlı məqamlardan biri də işğal altındakı Azərbaycan qəbiristanlıqlarının baxımsız vəziyyətdə olmasıdır. Əgər ermənilər mədəni nümunədən danışırlarsa, bunu da vurğulamaq lazımdır.
Rəsmi Berlin münaqişənin həlli üçün heç olmasa Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılmasını ilkin şərt kimi görür. Bu ərazilərin qaytarılması baş tutmadan nə Madrid prinsiplərinin reallaşması, nə mərhələli həll planı, nə də sonrakı sülh gözləntiləri mümkün deyil. Almaniya hökumətinin Dağlıq Qarabağla bağlı bu bəyanatı son dərəcədə diqqətəlayiqdir.


Qeyd: Ötən ay Almaniya Bundestaqında Sol fraksiyası federal hökumətə Dağlıq Qarabağla bağlı təfsilatlı cavab tələb edən sorğu göndərib. Almaniya hökumətinin cavabında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistanın apardığı siyasət tənqid edilir. “İşğal edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qaytarılması münaqişənin həlli istiqamətində aparılan danışıqlarda irəliləyiş üçün ilkin əsas şərtdir”, - deyə rəsmi Berlin bildirir.

Federal hökumət Dağlıq Qarabağ münaqişəsinə Ermənistan və Azərbaycan arasında baş verən dövlətlərarası münaqişə kimi baxır. Qeyd edir ki, “Dağlıq Qarabağ Respublikası”nın malik olduğu 23 min əsgərdən ibarət “özünümüdafiə gücləri”nin 8 mini Ermənistanın nizami ordusunun hərbi qulluqçularıdır (dırnaqlar orijinalda belədir).


Bununla rəsmi Berlin ermənilərin illərdir “Qarabağ xalqı” kimi münaqişəyə soxmaq istədiyi tərəfi rədd edir. Həmçinin, qondarma “DQR”-in əslində erməni əsgərlərindən ibarət orduya malik olduğunu diqqətə çatdırıb.

Federal hökumət Ermənistan və Azərbaycanın hərbi xərclərindən konkret statistik məlumatlar gətirir. Ümumi büdcəyə görə Ermənistanın hərbi xərcləri Azərbaycanın hərbi xərclərini xeyli ötür.

2009-cu ildə Azərbaycanın hərbi xərcləri büdcənin 9,7 faizini təşkil edib. 2010-cu ildə bu, 8,7 faiz, 2011-ci ildə 13,5 faiz, 2012-ci ildə 12,7 faiz, 2013-cü ildə 11,4 faiz olub.

Ermənistanda isə 2009-cu ildə büdcənin 12 faizi hərbi xərclərə yönəlib. 2010-cu ildə bu 17,2 faiz, 2011-ci ildə 16 faiz, 2013-cü ildə 15,5 faiz, 2014-cü ildə isə 15,6 faiz olub.

Rəsmi Berlin “Madrid prinsipləri” əsasında aparılan danışıqların faktiki dalana dirəndiyini də vurğulayıb.

“Əgər erməni tərəfi heç olmasa Dağlıq Qarabağın ətrafındakı əraziləri azad edəcəksə, o zaman, Almaniya federal hökuməti bunun “Madrid prinsipləri” ilə Azərbaycanın razılığı üçün ilkin şərt olacağını hesab edir. Xüsusi halda, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin ediləcək”, - deyə federal hökumət bildirib.

Tanınmamış “DQR” rejimi tərəfindən Xocalı aeroportunun mümkün açılışına toxunan rəsmi Berlin tərəfləri qarşıdurmanı təşviq edən hərəkətlərdən əl çəkməyə çağırıb. Əks təqdirdə bu, regionda vəziyyəti kəskinləşdirə bilər: “Qarabağda yaşayan əhali elementar ictimai xidmətlərdən belə məhrumdur. Həmçinin, işğal altında olan Dağlıq Qarabağ ətraf rayonlarda Azərbaycan qəbiristanlıqları lazımı səviyyədə qorunmur. Onlar məhv olmaq təhlükəsi ilə üz-üzədir”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR