• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milli Şura ilə KXCP arasında yeni “mitinq qalmaqalı”

  • Nida.az
  • 5 Noyabr 2014 16:52
  • 365 Baxış
Milli Şura ilə KXCP arasında yeni “mitinq qalmaqalı”

Milli Şura rəhbərliyi ilə KXCP arasında mitinq qalmaqalı yenidən alovlanıb. Milli Şuranın üzvü olan, amma faktiki olaraq qurumun fəaliyyətində iştirak etməyən KXCP-nin mitinqlərə soyuq münasibəti qarşı tərəfi qıcıqlandırıb.

Oktyabrın 12-də keçirilən mitinqə qatılmayan KXCP sədri Mirmahmud Mirəlioğlunun noyabrın 10-da keçirilməsi planlaşdırılan mitinqdən xəbərsiz olduğunu deməsi yenidən qalmaqala səbəb olub.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Publika.az-a açıqlamasında günahın KXCP sədrində olduğunu deyib: “Bütün saytlar, qəzetlər mitinqlə bağlı xəbərlər yazır. Mirmahmud bəyin bundan xəbər tutması onun öz borcudur. O, partiya sədri kimi ictimai-siyasi arenada olan adamdır. Mitinqin keçiriləcəyi haqda qərardan xəbərsiz olması mümkün deyil. Digər tərəfdən, Mirmahmud bəy Koordinasiya Mərkəzinin iclaslarında iştirak etmədiyi üçün verilən qərarlardan da xəbərsiz olur. Halbuki biz hər iclasdan öncə ona da xəbər veririk. İclasların keçirilməsi haqqında mərkəzin hər bir üzvünə bir gün öncədən sms-lə vaxtı, yeri və müzakirə olunacaq məsələlər haqqında məlumat verilir. Mirmahmud bəyə də məlumat verilir, lakin o, iclaslarda iştirak etmir. İndi durub xəbərim yoxdur deyirsə, problem özündədir. Bu qərar Koordinasiya Mərkəzində verilib, o da iştirak edəydi, biləydi. Bundan başqa, qərarla bağlı mətbuat hər gün yazır. Adama deyərlər, bilmirsən, oxu, öyrən. Yox istəmirsənsə, belə deməyə də haqqın yoxdur. Mirmahmud bəyə xüsusi dəvətnamə göndərməliyik? Biz toy etmirik”.

KXCP sədrinin müavini, Milli Şuranın keçmiş üzvü Xəzər Teyyublu Publika.az-a açıqlamasında bu məsələlərin onlar üçün əhəmiyyətsiz olduğunu deyib. Onun sözlərinə görə, M. Mirəlioğlu atdığı addımları, dediyi sözləri düşünərək edir: “Əslində mitinq qərarının verildiyi iclasda iştirak etməyibsə, deməli Mirmahmud bəy nə bu məsələdən xəbərdar olmağa borcludur, nə də bu qərarı dəstəkləməyə”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR