Furkan Azəridən erməni yazara sərt cavab: “Gecənin uzun olması günəş doğmayacaq demək deyil”
Bizi izləyin

Nida.az

Furkan Azəridən erməni yazara sərt cavab: “Gecənin uzun olması günəş doğmayacaq demək deyil”

Türkiyədə çap edilən “Agos” qəzetinin keçmiş sahibi, hazırda “T24”-ün yazarı Aris Nalçı keçən həftə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa gedib və və qanunsuz səfəri ilə bağlı yazı yazıb.

Publika.az “timeturk”ə istinadən xəbər verir ki, Aris Nalçı 1993-cü ildə Qarabağda baş verən müharibəni “ermənilərin dirənişi” adlandıraraq, bu gün Kobanidəki vəziyyətə oxşadıb. Həmçinin Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı “Dağlıq Qarabağ bu bölgədə qurulan dövlətin adıdır” yazıb. Bundan dərhal sonra “timeturk.com” saytının azərbaycanlı yazarı Furkan Azəri erməni jurnalistə cavab ünvanlayıb.

Publika.az Furkan Azərinin erməni yazara sərt cavabını təqdim edir:

“Nə olub? Qarabağ problemi Kobani ilə eyni problemdir? Yox əşi... İstəyirsiniz “Kobani I Dünya müharibəsi ilə eyni problemdir” deyək. Hətta “nasist Almaniyası ilə eyni problemdir” deyək... Bununla da kifayətlənməyək, Orta Şərqin paytaxtı elan edək o şəhəri.

Bəy əfəndi xəyal dünyasında yaşayır. Həmişə olduğu kimi dünyanın harasındasa bir dəhşətli hadisə yaşansa mütləq özləri ilə əlaqələndirməlidirlər. Sanki hamı zalımdır. Bircə bunlar məsum və zərərçəkəndir. Həmişə ürəyimdə bir düyün olub: vuranın özünü məsum kimi göstərməsi necə ola bilər? Bu hiyləgər oyunu necə oynayırlar və dünyanı necə inandırırlar? Bax bu həmişə mənim dərdim olub.

Halbuki soruşmaq lazımdır. Bizim acımız haqqında sən nə bilirsən?

Evindən-eşiyindən, torpağından sürgün edilən, öz vətənində qaçqın vəziyyətinə düşən bir milyon Azərbaycan türkünün haqqı, hüququ, iztirabı, dərdi səni heç maraqlandırmır?

XXI əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqrımında vəhşicəsinə qətlə yetirilən mülki insanlar, iztirablar bəy əfəndinin gündəmində belə deyil. Onsuz da heç vaxtı olmayıb.

Çox qəribədir, elə deyilmi? Burnumuzun dibində Suriyada onlarla şəhər bombalandı, tar-mar edildi. Yermukda, Şərqi Qutada, Xümsdə, Hələbdə minlərlə mülki insan mühasirə altında qətlə yetirildi. Bəy əfəndi bunu görmür. Amma Qarabağda ermənilərin başına gəlməyən zülmlərdən ajiotaj yaradaraq danışır. Bir də söhbəti əxlaqsız bir şəkildə Kobani ilə əlaqələndirir.

“Gözü yaşlı” oğlan deyir ki, “Dağlıq Qarabağ Ermənistan ilə Azərbaycan arasındakı müharibədən sonra 1993-cü ildə bölgədə qurulan dövlətin adıdır”. Bu cümlənin İslam aləmində, Türk dünyasında, şərəfli insanların vicdanında və beynəlxalq hüquqda heç bir qarşılığı yoxdur və əsla da olmayacaq. Birinci onun adı Ermənistan-Azərbaycan müharibəsi deyil. Onun adı Ermənistanın havadarı Rusiyadan dəstək alaraq Azərbaycan torpaqlarının 20%-i açıq-aşkar və bilərəkdən işğal etməsidir. Hadisə bundan ibarətdir. Həm də “Dağlıq Qarabağ bölgədə qurulan dövlətin adıdır”nə deməkdir? İşğal etdikləri bölgələrdə saxta dövlətcik qurmaq onların təbiətində var.

İnsanlar bilməlidir ki, ora Azərbaycanın tarixi torpaqlarıdır. Bu gün də elədir və sabah da elə olacaq. Gecənin uzun olması o demək deyil ki, günəş doğmayacaq.

Nə bahasında olursa olsun, ölüm üstümüzə şığısa da biz bir gün öz torpaqlarımıza qayıdacağıq”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm