“Səudiyyə kralı mənə pul verdi” - Şeyxin qudası
Bizi izləyin

Nida.az

“Səudiyyə kralı mənə pul verdi” - Şeyxin qudası

Ərəb dövlətləri Azərbaycanı çox istəyirlər. Onların Azərbaycanla, elə şeyxlə də isti münasibətləri var. Prezidentimiz Səudiyyə, İordaniya kralı ilə dostdur. Eləcə də digər ölkələrlə. Bu da çoxlarını qıcıqlandırır və belə təbliğatlar ortaya çıxır.


Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin deputatı Hacı Qalib Salahzadə Publika.Az –a müsahibəsində şeyxə qarşı olan iddialardan danışıb

-Şeyx haqqında bir sıra iddialar səsləndirildi. Dünən mətbuatda yeni iddialar yayılıb. Belə ki, Küveytdə iş adamı Əbd əl-Əziz Səud əl-Babteyn 90-cı illərdə Bakıda İslam Universiteti tikmək üçün bir milyon pul ayrılıb. Lakin bu iş yerinə yetirilməyib və həmin iş adamı şeyxə “universitet tikmədin, rus məktəbi tikəydin, heç olmasa bir iş görərdin” kimi sözlər deyildiyi də bilirilir. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

-Açıq-aşkar görünür ki, bu şeyxə qarşı həm Azərbaycan, həm də xarici mətbuatda aparılan kompramatlardır. Bu hər bir ziyalı da, jurnalist də bilir. Axı, nəyə lazımdır bu. Əgər bu adam həqiqətən pul veribsə, pulu verdiyi vaxt deyərdi ki, mən filankəsə, filan qədər pul vermişəm. Necə olur ki, bu söhbətlər qalxanda hər tərəfdən şeyxə qarşı xarici və yerli mətbuatdan da istifadə edərək propaqanda aparırlar. Şeyxin heç nəyə ehtiyacı yoxdur. Şeyxi dövlət müdafiə edir.

“Şeyx məscid tikdirən, universitet yaradandır?!”

-Ümumiyyətlə hansısa xarici maliyyə yardımı ilə ölkədə məscidlər tikilibmi?

-Bu ölkədə məscidləri ulu öndər Heydər Əliyev tikdirib. İndi də prezident İlham Əliyev bunu davam etdirir. Şeyx məscid, yaxud universitet tikdirəndir? Ulu öndərimiz nə qədər məscid tikdirdi, nə qədər məscidin fəaliyyətini bərpa etdi. Kilsələr, sinaqoqlar tikildi. Bu qədər haqq-hesabda bir dəfə də olsun hallanmayıb ki, şeyx Bakının filan ərazisində məscid tikintisində pul alıb. Necə oldu ki, bu cür təbliğat birdən-birə başladı. Özü də hardan başladı.

-Sizcə, hardan başladı ki?

-Bunun açıq mənası belədir ki, şeyximizin, Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu hansısa ölkələri, eləcə də daxildəki bir çoxlarını narahat edir. Məscidlərin tikintisini dediyim kimi ulu öndər Heydər Əliyev, ondan sonra da preizdent İlham Əliyev aparıb. İndi bir ərəb, yaxud biznesmen çıxıb desin ki, Bibi-Heybət, Təzə Pir məscidlərini mən tikdirmişəm. Bu iki şəxsiyyət edib bunları. Şeyx məscid tikdirən, universitet yaradandır?! Görünür, şeyxə qarşı kampaniya aparırlar ki, onu nüfuzdan salsınlar.

“Sən o pulu harda, nə vaxt, kimin yanında şeyxə vermisən?”

-Azərbaycanda bildiyim qədər İslam Universiteti var. Həmin universiteti kim tikdirib?

-Əlbəttə ki, bu dövlətin işidir. İslam Universitetinin rektoru da hacı sabir Həsənlidir. Şeyxin ona köməkliyi, tövsiyələri ola bilər, məsləhətlər verə bilər. Amma şeyx universitet, məscid tikdirən deyil.

-Bu cür məlumatlar daha çox ərəb mətbuatında çıxır. İndi burda hansısa maraqlar ola bilərmi, xüsusilə son hadisələr fonunda?

-Ərəb dövlətləri Azərbaycanı çox istəyirlər. Onların Azərbaycanla, elə şeyxlə də isti münasibətləri var. Prezidentimiz Səudiyyə, İordaniya kralı ilə dostdur. Eləcə də digər ölkələrlə. Bu da çoxlarını qıcıqlandırır və belə təbliğatlar ortaya çıxır. Adama deyərlər sən o pulu harda, nə vaxt, kimin yanında şeyxə vermisən? Güman ki, bu Ermənistan, ya da hansısa qüvvələr tərəfindən təşkil olunmuş şeylərdir.

“Şeyx prezidentin dostudur, bu da qısqanclıq yaradır”

-Hansı qüvvələr ola bilər?

-Daxildəki qüvvələrin, elə müxalifətin özünün də gözü şeyxi götürmür. Çünki o, İlham Əliyevin ən sədaqətli adamıdır. Şeyx prezidentin dostu, ən yaxın adamlarından biridir. Bu da qısqanclıq yaradır. Respublikanın prezidenti məscidlər tikdirir, dini universitet açıq. Bakıda qurub-yaradır.

Bu təbliğat əvvəlcə şeyxdən başlayıb yuxarıya ı yönələcək. Anladınız da mən nə demək istəyirəm. Azərbaycanın nüfuzuna, qüdrətinə, hörmətinə paxılıq edirlər. Şeyxə qarşı təbliğat aparanlar birbaşa Ermənistan üçün işləyən adamlardır. Buna şübhə etməyin. Bu adamlar Ermənistanın mənafeyini qoruyur, bizi ləkələməyə çalışırlar. Maraqlıdır ki, erməni, yaxud gürcü mətbuatı öz dini rəhbərlərinə qarşı heç bir cümlə də yazmırlar. Bu şeyxə qarşı nə biabırçılıqdır, nə vicdansızlıqdır?!

“Səudiyyə kralı mənə 700 dollar pul verdi”

-Belə çıxır ki, xarici mətbuatda, elə ərəb mətbuatında da bu yazıları kimlərsə yazdırır və təbliğatı bu formada aparırlar.

-Xaricdə yazı yazmaq, qəzetdə istədiklərini çap etdirmək çox adi bir şeydir. Nə istəyirsən yazırlar. Bundan başqa digərlərini bilmirəm. Lakin şeyxə qarşı bu cür olmaz. Bunu pis qəbul edirəm, hesab edirəm ki, belə şeylər Azərbaycanın nüfuzuna xələl gətirir. Öz gözlərimin şahidi olmuşam ki, Səudiyyə kralı şeyxi necə hörmətlə qarşılayıb. Mən özüm üst-üstə 26 dəfə Həcc ziyarətində olmuşam, Kəbə evinin içinə daxil olmuşam. Azərbaycan zəvvarları birinci dəfə 90-cı ildə ziyarətə gedəndə Səudiyyə kralı hər birinə 700 dollar pul verdi. Mənim özümə də 700 dolar verdilər. Necə deyə bilərik ki, bu ölkələr bizə qarşı mənfi münasibətdədir.

-700 dolları nə üçün verdilər?

-Mən olan şeyi danışıram. Nə vaxt soruşsalar, deyə bilərəm ki, Səudiyyə kralı 90-cı ildə ora gedəndə bizim hər birimizə 700 dollar verdi. Dedi ki, birdən pulunuz olmaz, birinci dəfədir gəlmisiniz. Onlardan bu cür hörmət görmüşük. Kimlərsə nə üçünsə aranı qarışdırmaq istəyir. Yəqin ki, hüquq-mühafizə orqanları bunu aydınlaşdırar.
Son olaraq yenə deyirəm ki, bu cür təbliğat Azərbaycana qaşıdır. Çünki nə qədər prezident İlham Əliyev var, Azərbaycan həmişə inkişaf edəcək. belə şeylər də bu gün şeyxə qarşıdırsa, sabah hansısa nazirimizə, alimimizə qaşı olacaq. Bunları gözdən qaçırmaq olmaz. Misal üçün 2015-ci ildə Bakıda Avropa oyunları keçiriləcək. İndi görərsiniz, düşmənlərimiz əleyhimizə nə qədər söz deyəcəklər. İnkişaf olan yerdə paxıllıq da var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm