Nida.az
“4 milyon dollarlıq büdcə pulu yeyilib” - MÜSAHİBƏ
“Faxralı məscidinin təmiri zamanı bir qrup pravoslav keşiş məscidin təmirinə etiraz etdi. Sonra böhran yaşandı və bu zaman Gürcüstandakı müsəlmanları parçaladılar. Konkret olaraq sünni və şiə məsələsini ortaya atdılar və Saakaşvilinin xeyir-duası ilə buradakı müsəlmanların dini rəhbərliyini Qafqaz Müsəlmanları Ruhani İdarəsinin əlindən aldılar. Sonradan Acarıstanda müsəlman qaçqınlar problemi ortaya çıxanda pravoslavlarla müsəlmanlar arasında münasibətlər korlandı. Milli Hərəkat Partiyası noyabrın 15-də mitinq keçirəcəyini elan edəndən sonra pravoslavlarla müsəlmanlar arasında yeni problemlər yarandı, pravoslavlar dedilər ki, siz niyə məscid tikirsiniz, mədrəsə açırsınız, buna ixtiyarınız yoxdur. Sonda Kabuleti də mədrəsə açmaq istəyəndə onun qapısına donuz başı yapışdırıldı”.
Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib. Müsahibəni təqdim edirik:
- Əli müəllim, təmsil olunduğunuz hakim “Gürcü Arzusu”
koalisiyasında nə baş verir?
- Digər ölkələrdə olduğu kimi Gürcüstanda da demokratik proseslər
gedir. Ancaq bunu başqa formada təqdim etmək cəhdləri var. Söhbət
ondan gedir ki, “Gürcü arzusu” siyasi blok idi, burada altı partiya
birləşirdi. Bloka İvanişvili rəhbərlik edirdi və iki il əvvəl
seçkiləri udaraq baş nazir oldu. Ancaq az sonra özü baş nazir
postundan gedərək bu postu başqasına tapşırdı. Koalisiyadakı hər
partiyanın öz xətti, ideologiyası var. Bu partiyaların da bir-biri
ilə məsləhətləşməsində, mövqe birliyi məsələsində zəiflik var idi.
Zəiflik də indi özünü büruzə verdi. Nəticədə Müdafiə naziri İrakli
Alasaniyanın özü və Azad Demokratlar Partiyası koalisiyadan çıxdı.
Bunun da səbəbi var. Müdafiə naziri vəzifədə olduğu müddətdə
korrupsiya məsələsi var idi, təxminən 4 milyon dollarlıq büdcə pulu
yeyilib. Müdafiə naziri də xaricdən Tiflisə gələndən sonra baş
nazirlə söhbət elədi. Ancaq bunun nəticəsi olmadı. Sonda nazir və
partiyası koalisiyadan çıxdı. Bu partiyanın parlamentdə 10 deputatı
var. Onlar parlamentdəki çoxluqla bir yerdə olmaqdan da imtina
edib. Hazırda vəziyyət normaldır, yeni müdafiə naziri təyin edilib.
Siyasi proseslər gedir, televiziyalar bu məsələlərə geniş yer
ayırıb. Demokratik proseslərdir.
- Ancaq xarici işlər naziri Maya Pancikidze də istefa
verib. Bu, hakimiyyət böhranı deyilmi?
- Xarici işlər naziri Pancikidze hakim koalisiyanı tərk edən
müdafiə naziri İrakli Alasaniyanın baldızı idi. Yəni istefa
qohumluq üzrə baş verib. Həm də Maya Pancikidze müdafiə nazirinin
sədri olduğu partiyanın üzvü idi. Onunla birlikdə üç müavini də
istefaya gedib. Burada söhbət siyasi fikir ayrılığından deyil,
qohumuna görə istefa verməsindən gedir. Həm də əgər partiya
koalisiyadan çıxırsa, təbii ki, onun hakimiyyətdə təmsil olunan
nümayəndələri də istefaya gedə bilər. Bu, təbii prosesdir. Çünki
hakimiyyəti tərk edən partiyanın qərarı var. Mümkündür ki, başqa
istefalar da olsun. Amma bu ümumilikdə hakimiyyət böhranı yarada
bilməz.
- Bundan sonrakı proseslər necə davam
edəcək?
- Sabiq prezident Mixail Saakaşvilinin sədri olduğu Milli Hərəkat
Partiyası noyabrın 15-də Tiflisin mərkəzində mitinq keçirmək
niyyətindədir. Belə xəbərlər gəzirdi ki, koalisiyanı tərk edən Azad
Demokratlar Partiyası Saakaşvili ilə koalisiyaya gedəcək və
müxalifətdə duracaq. Ancaq onlar bəyan etdilər ki, Saakaşvili ilə
koalisiyaya getməyəcək, mitinqə qatılmayacaq, eləcə də “Gürcü
arzusu” bloku ilə münasibətlərini qoruyub saxlayacaqlar.
Koalisiyadan çıxan partiya elan edib ki, Gürcüstan parlamentində 10
deputatla fraksiya yaradacaq və fəaliyyətinə belə davam edəcək.
Eləcə də 2016-cı ildə keçiriləcək parlament seçkilərinə ciddi
hazırlaşıb hakimiyyətə gəlmək istiqamətində fəaliyyət
quracaqlar.
- Gürcüstanda hər kəs deyir ki, bu ölkənin prezidenti və
baş naziri postlarında formal oturur, əslində ölkəni Botanika
bağında özünə iqamətgah tikdirən İvanişvili idarə
edir...
- Siz məndən də yaxşı bilirsiniz ki, son 10 ildə Saakaşvili
Gürcüstanda hansı əməllərə yol verdi, idarəçiliyi necə qurdu və
bizim millətimizə münasibəti də necə oldu. Saakaşvilinin rejimi bu
gün də ortadadır. İvanişvili isə “Gürcü arzusu”nun yaradıcısı, bu
hərəkatın lideridir. Həm də məhz İvanişvilinin səyi və maddi
dəstəyi nəticəsində Saakaşvilinin hakimiyyəti uzun sürmədi. Buna
baxmayaraq, İvanişvili demokratik proseslərə qarşı getmədi. Bu gün
də Saakaşvilinin Milli Hərəkat Partiyası Gürcüstanda ana
müxalifətdədir, siyasi proseslərdə də aktiv iştirak edir. Konkret
İvanaşviliyə gəldikdə, bu şəxs son iki ildə çox işlər edib. Hakim
koalisiyada təmsil olunan hər bir partiya İvanişvili ilə
məsləhətləşmə apara bilər. Burada qeyri-adi heç nə yoxdur.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili də açıq-açığına deyir ki,
İvanişvili ilə məsləhətləşir. Bu təbii ki, hökumətin idarə
edilməsinə heç bir maneə yaratmır. Hökumət fəaliyyətini davam
etdirir. Yəqin nəzərə alınır ki, sabiq prezident Saakaşvili xaricdə
müxtəlif ölkələrə gedərək Gürcüstanın imicinə ziyan vurur,
hakimiyyəti pisləyir, “Gürcü arzusu”na qarşı iddialarla çıxış edir.
Reallıq belədir. İvanişvilinin məsləhət verməyə imkanı və
səlahiyyəti var. Çünki hərəkatın lideri bu şəxsdir.
- Sizə elə gəlmirmi ki, “Gürcü arzusu”nda baş verən bu
qarşıdurma səbəbindən növbəti seçkidə Milli Hərəkat Partiyası daha
çox səs alacaq?
- Gürcüstan ictimaiyyətinin 90 faizinin Milli Hərəkat Partiyasına
etimadı yoxdur. Bunun da səbəbi var. Bu gün Milli Hərəkat
Partiyasının liderlərinin çoxu həbsdədir. Çünki korrupsiya və insan
hüquqlarının pozulmasına görə cəza çəkirlər. Bunu da hər kəs bilir.
Başqa sözlə, Gürcüstanda Saakaşvilinin lideri olduğu partiyanın
reytinqi çox aşağıdır. Çünki son 10 ildə hakimiyyətdə olduqları
zaman xalq onlara bələd olub. Bu partiyanın yenidən xalqdan səs
alacağı, seçkilərdə qalib gələcəyi imkanları olduqca azdır.
Gürcüstanın indiki hakimiyyəti respublikaya tam nəzarət edir,
ölkədə ciddi inkişaf gedir. Kənd təsərrüfatı, sahibkarlıq
istiqamətində ciddi addımlar atılıb, təhsil və səhiyyə məsələləri
diqqətdə saxlanılır. Əlbəttə, burada kadr baxımından ciddi
problemlər də özünü göstərir. Son 24 ildə dağıdılan Gürcüstan
yenidən qurulur. Ümid edirik ki, növbəti ildə daha ciddi addımların
şahidi olacağıq. Ona görə də, gürcü milləti də, burada yaşayan
digər xalqlar da indiki hakimiyyətə, onun atdığı addımlara
optimizmlə baxır, daha böyük işlərin görüləcəyinə inanır. Əlbəttə,
səhv addımlar da var və onu da düzəltmək lazımdır. Bilirik ki,
Milli Hərəkat Partiyasında təmsil olunan və xalqa ziyan vuran çoxlu
sayda insan hazırda da hakimiyyətdədir, məmur postlarını tuturlar.
Bu istiqamətdə çətinlik var və onlar maneçilik yaradırlar. Amma
ictimaiyyət hakimiyyətin yanındadır və 2016-cı ildə keçiriləcək
seçkiyə ümidlə yanaşılır. Həm də hakim koalisiya indidən seçkilərə
hazırlaşır.
- Gürcüstan hakimiyyətində istefalar dalğası davam edə
bilərmi?
- Mən biləni proseslər davam edəcək. Ola bilsin ki, yeni situasiya
yaransın. Ancaq nəzərə almaq lazımdır ki, bu təbii proseslərdir,
azad ölkədə belə demokratik hallar baş verir. Ancaq onu da
unutmamalıyıq ki, hakimiyyət ictimaiyyəti birmənalı özünə tərəf
çəkib və ciddi müdafiə olunur. Hakimiyyət ictimaiyyəti
inandırmalıdır ki, doğrudan da, xalq hərəkatından gəlib, xalqı
unutmur, onun xeyrinə olan addımlar atır. Bu xətt sona qədər
aparılmalıdır.
- Bu yaxınlarda Gürcüstanda azərbaycanlıların məscidinin
giriş qapısına donuz başı yapışdırılması ciddi rezonansa səbəb
olub. Gürcüstanda azərbaycanlılara qarşı niyə bu cür addımlar
atılır?
- Bu məsələni qaldırdığınız üçün çox sağ olun. Hələ Saakaşvilinin
dövründən dini proseslərdə problemlər yaşanırdı. Əgər
xatırlayırsınızsa, Faxralı məscidinin təmiri zamanı bir qrup
pravoslav keşiş məscidin təmirinə etiraz etdi. Sonra böhran yaşandı
və bu zaman Gürcüstandakı müsəlmanları parçaladılar. Konkret olaraq
sünni və şiə məsələsini ortaya atdılar və Saakaşvilinin xeyir-duası
ilə buradakı müsəlmanların dini rəhbərliyini Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin əlindən aldılar. Sonradan Acarıstanda müsəlman
qaçqınlar problemi ortaya çıxanda pravoslavlarla müsəlmanlar
arasında münasibətlər korlandı. Milli Hərəkat Partiyası noyabrın
15-də mitinq keçirəcəyini elan edəndən sonra pravoslavlarla
müsəlmanlar arasında yeni problemlər yarandı, pravoslavlar dedilər
ki, siz niyə məscid tikirsiniz, mədrəsə açırsınız, buna ixtiyarınız
yoxdur. Sonda Kabuleti də mədrəsə açmaq istəyəndə onun qapısına
donuz başı yapışdırıldı. Yəni söhbət məsciddən deyil, mədrəsədən
gedirdi. Biz Gürcüstan müsəlmanları olaraq buna kəskin etirazımızı
bildirdik, bəyan etdik ki, bu sivil bir ölkəyə yaraşan hal deyil.
Hökumət də bu məsələdə bizi dəstəklədi. Hesab edirəm ki, burada ən
böyük səhv indiki hökumətindir. Çünki Saakaşvili zamanında olan bir
çox kadrlar indiki idarəetməyə cəlb edilib. Onlar da prosesləri
qızışdırır, müsəlman və pravoslavlar arasında münasibətləri
kəskinləşdirir.
- Sizinlə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
arasında hansı problemlər yaranıb, nədən soydaşlarımız eyni
mövqedən çıxış edə bilmirlər?
- Mən Gürcüstan Azərbaycanlılarının Milli Konqresini təmsil edirəm.
Heç kimlə də problemimiz yoxdur. Bizim tələbimiz odur ki,
Gürcüstanda soydaşlarımızın hüquqları tapdalanır, mədəniyyətimizlə
bağlı problemlər var. Biz hamını çağırmışıq ki, gəlin birlikdə bu
məsələləri müzakirə edək. Ancaq problem odur ki, maliyyə tapan
insanlar dərhal deyir ki, mən də varam, bunu mən edəcəyəm və s. Həm
də problem olanda susurlar, nəsə olanda isə “mən də varam”
deyirlər. Zəlimxan Məmmədlinin özü Borçalıdan deyil,
Qarayazıdandır. İkincisi də, mən Bakıya gələndə ziyalılar görürəm
ki, Borçalıya görə can yandırır, söz deyirlər. Bu saat həmin
ziyalılar qıraqdadır. “Borçalı” Cəmiyyəti isə bir qrupun əlindədir.
Mən də həmişə deyirəm ki, birləşin. Sizin birləşməyiniz bizim
əleyhimizə deyil, xeyrimizədir. Bakıda borçalıların 5-6 qrupu var.
Mən də onlara birləşmək məqsədilə müraciət etmişəm.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK