Rövşən Rzayev: “Onlara layiqli cavab veriləcək” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Rövşən Rzayev: “Onlara layiqli cavab veriləcək” – MÜSAHİBƏ

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayevin Publika.az-a müsahibəsi


- Bu günlərdə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanla bağlı bir sıra ittihamların yer aldığı məqalə ilə çıxış etdi. Bu ittihamlarla nə qədər razılaşmaq mümkündür?


- Bəzi avropalı siyasətçilər əksər hallarda Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edirlər. Bu gün Azərbaycan uğurla inkişaf edir, müstəqil xarici siyasət yürüdür. Lakin bu uğur hamını sevindirmir və Azərbaycanı sevməyənlər öz imkanlarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Əgər onlar dedikləri qədər ədalətli olsaydılar, Azərbaycan torpaqları 20 il işğal altında qalmazdı.

Avropa Şurasının baş katibinin çıxışı da bu qəbildəndir və bizi o qədər də təəccübləndirmir. Çünki biz bütün bu qərəzli kampaniyanın arxasında kimlərin dayandığını yaxşı bilirik. Söhbət erməni diasporu, onların lobbiləri və bu qrupların təsirində olan siyasətçilərdən gedir. Təbii ki, Azərbaycan AŞPA-da uğurla təmsil olunur və bu qurumda ədalətli olan, Azərbaycanın nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlayan kifayət qədər siyasətçi var. Amma bəziləri ədaləti başqa maraqlara qurban verirlər. Bir şeyi unutmamalıyıq. Avropa Şurası Fransada yerləşir və bu ölkədə ermənilərin hansı formada təmsil olunduğunu hər kəs bilir. Yəni ümumi mənzərədə baş verənlər aydındır.


- AŞPA-nın növbəti iclaslarında Azərbaycan nümayəndə heyəti bu tənqidlər, eləcə də Ermənistanda saxlanılan girovlarımız üzərində keçirilən “məhkəmə” ilə bağlı məsələ qaldıracaqmı?


- Azərbaycan nümayəndə heyəti AŞPA-da öz mövqeyini həmişə olduğu kimi, bu dəfə də ortaya qoyacaq. Biz daim Azərbaycanın ərazilərinin işğal altında olduğu faktını, eləcə də bu ərazilərdə Ermənistan hökumətinin qeyri-qanuni əməlləri ilə bağlı məsələ qaldırırıq. Bu dəfə də eyni məsələlər gündəmə gətiriləcək. Eyni zamanda, girovlarımızla bağlı məsələ də avropalı parlamentarilərin diqqətinə çatdırılacaq. Bu istiqamətdə lazımi işlər görüləcək.


- Avropalı siyasətçilərin bununla bağlı Azərbaycanın mövqeyini dəstəkləyəcəyinə, Ermənistana qeyri-qanuni əməllərinə görə, hansısa formada etiraz ediləcəyinə ümid etmək olarmı?


- Bu, hər zaman mümkündür. Ədalət prinsipi həmişə zəfər çalır. Azərbaycan xarici siyasətində bu istiqamətlər üzrə öz prinsipial addımlarını atır. Həmişə olduğu kimi bu dəfə də uğurlu addımlar atacağıq. Biz erməni lobbisinin, bu lobbinin təsirində ola siyasətçilərin qeyri-səmimi, qeyri-konstruktiv mövqe sərgiləyəcəyini bilirik. Azərbaycan haqqında onlar tərəfindən böhtan və şantaj xarakterli fikirlər səslənəcək. Biz buna qarşı öz sözümüzü deməyə hazırıq və onların layiqli cavabı veriləcək. Amma hər şeyə rəğmən bu cür addımlar, qərəzli mövqelər nə Azərbaycan xalqının, nə də hökumətinin ədalətli, prinsipial mövqeyini dəyişməyəcək. Bu gün Azərbaycanda xalq hökumətlə eyni mövqeni paylaşır və daim Heydər Əliyev yolunu dəstəkləyir. Azərbaycan insanı ölkə prezidentinin yanındadır. Son nəticədə Azərbaycanın qələbə çalacağını, ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminəm. Bu mənim qəti mövqeyimdir.


- AŞPA-da Azərbaycanla bağlı hansısa digər məsələ qaldırılacaqmı?


- Biz işğal edilmiş ərazilərdə yerləşən Sərsəng su anbarının təhlükə qarşısında olduğu məsələsini də qaldırmağa çalışacağıq. Bu anbarda qəzanın baş verməsi ehtimalı ondan aşağıda yaşayan 400 minə yaxın əhalini daim təhlükə altında saxlayır. Ermənilər bundan zaman-zaman təzyiq kimi istifadə edir, təhdidlər səsləndirirlər. Hesab edirəm ki, AŞPA-nın növbəti iclaslarında bu məsələ ciddi müzakirələrə səbəb olacaq. Onlar bunu Dağlıq Qarabağda qurduqları qondarma rejimin üzərinə atırlar. Məqsəd Azərbaycanın separatçı rejimlə danışığa məcbur etməkdir. Lakin Azərbaycan heç vaxt buna getməyəcək. Bu məsələ beynəlxalq təşkilatların qarşısında qaldırılır. Artıq beynəlxalq ictimaiyyət bu məsələdən xəbərdardır. Əminəm ki, Ermənistanın şantaj siyasəti ifşa olunacaq.


- Suriyada daxili münaqişə kəskinləşdikcə ordan köçən ermənilər Ermənistan hökuməti tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılır. Bu günlərdə məskunlaşdırılma prosesində iştirak edən erməni təşkilatçılarından biri Matovesyan etiraf etdi ki, Suriyadan gələn 28 ailə Laçında yerləşdirilib.


- Biz bu məskunlaşdırmadan xəbərdarıq. Bu nə Azərbaycan qanunvericiliyinə, nə də beynəlxalq hüquqa uyğundur. Ermənistan hökuməti bunu məqsədyönlü şəkildə aparır. Çünki işğal edilmiş ərazilər darmadağın vəziyyətə salınıb. Ermənistan isə ora Suriya müharibəsindən qaçan erməniləri məskunlaşdırmaqla “normal həyat” görüntüsü yaradır. Onlar bununla gələcəkdə bölgənin milli tərkibinə təsir edə biləcəklərini düşünürlər. Amma bu baş tutmayacaq. Azərbaycan bu qanunsuz hərəkətin qarşısının alınması üçün əlindən gələn bütün addımları atır, bundan sonra da atacaq. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu qeyri-qanuni məskunlaşdırmaya etirazlarını bildirməlidir. Təəssüf ki, onlar bu gün də susur.


- Sizcə, Minsk qrupu formatı münaqişənin həllində nə qədər effektli fəaliyyət göstərir?


- Minsk qrupunun bu illər ərzində ciddi addımlar atmadığı bəllidir. Bu üzdən formatın müəyyən qədər dəyişməsini məqbul hesab etmək olar. Lakin hər şeydən öncə Minsk qrupu ədalətli olmalıdır. Misal üçün, bu gün Minsk qrupunun həmsədr ölkəsi olan Fransa Avropa İttifaqına daxil olan ölkələrin adından çıxış etməlidir. Amma Fransa yalnız fransız diplomatiyasını təmsil edir. Eləcə də, bəzi maraqlar bu qrupun öz missiyasını lazımınca yerinə yetirməyinə və münaqişənin həllində irəliləyişə nail olmağına mane olur. Hesab edirəm ki, Minsk qrupunun formatı dəyişə bilər. Amma bu dəyişiklik hansı formada olacağını indidən demək çətindir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm