• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Tiflis İrəvanla Bakı əleyhinə gizli danışıqlar aparır” – Gürcüstandan şok iddia

  • Nida.az
  • 7 Noyabr 2014 12:28
  • 855 Baxış
“Tiflis İrəvanla Bakı əleyhinə gizli danışıqlar aparır” – Gürcüstandan şok iddia

“Gürcüstan hökuməti İrəvanla gizli danışıqlara gedərək Abxaziya dəmir yolunu yaxın vaxtlarda açmaq niyyətindədir. Bu, birbaşa Azərbaycana qarşı olan siyasətdir”.


Bunu Publika.az-a açıqlamasında Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyası fraksiyasının azərbaycanlı deputatı Azər Süleymanov deyib.

Azərbaycanlı deputat Gürcüstan hökumətinin rəsmi Bakının verdiyi dəstəkdən sui-istifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Abxaziya dəmir yolunun açılması Rusiya ilə razılaşdırılıb və yaxın günlərdə bu plan reallaşdırıla bilər.

“Bu danışıqlar Ermənistan baş nazirinin müavini ilə Tiflis hökuməti arasında aparılıb. Gizli şəkildə aparılan danışıqlarda dəmir yolunun açılması məsələsi razılaşdırılıb. Danışıqların detalları tam məlum deyil. Amma Gürcüstan mediası da bu haqda xəbər verib”, - deyə azərbaycanlı deputat bildirib.

Qeyd edək ki, rəsmi Bakı Abxaziya dəmir yolunun açılmasına qarşıdır. Çünki bu, Ermənistanın Rusiya ilə quru yolunu aça və Azərbaycanın torpaqlarının işğal edilməsi səbəbi ilə apardığı blokada siyasətinə zərbə ola bilər. Saakaşvili hökuməti dəmiryolunun açılmasından qəti şəkildə imtina etsə də, 2012-ci ildə “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsindən sonra məsələ yenidən aktuallaşdı.

Məsələ Ermənistan prezidenti Serj Sərkisyanın bu ilin iyununda Gürcüstana səfəri zamanı yenidən müzakirə edilib. Eyni zamanda, Rusiya və Gürcüstan arasında iqtisadi, sosial və humanitar məsələlərlə bağlı danışıqların oktyabrın 16-da Praqada keçirilən səkkizinci raundunda da Abxaziya dəmir yolunun açılmasının müzakirə mövzularından biri olduğu deyilir. Bu baxımdan, dəmir yolunun açılması üçün gizli danışıqların aparıldığı iddiası diqqət çəkir.


Gürcüstanda hökumət böhranından danışan A. Süleymanov yerli azərbaycanlıların da hökuməti qəbul etmədiyini deyib: “Növbəti seçkilərdə azərbaycanlıların bu hökumətə səs verməyəcəyinə əminəm. Çünki Saakaşvilinin 9 illik dönəmində hər şey dəyişmişdi. Azərbaycanlılar özlərini dövlətin tam hüquqlu vətəndaşı kimi hiss edirdilər. “Gürcü arzusu”nun iki illik hakimiyyəti dönəmində isə 9 ildə qurulanlar dağıdıldı. Əhalinin yaşayış səviyyəsi aşağı düşdü. Gürcülərin azərbaycanlılara “tatar” sözündən istifadəsi yenidən qayıtdı. Hökumətin özü ayrı-seçkilik edir. Cavaxetiyada ermənilərlə görüşən baş nazir onlara “mənim layiqli vətəndaşlarım” deyə müraciət edir, amma eyni münasibət azərbaycanlılara qarşı yoxdur. Bələdiyyə seçkilərində azərbaycanlı namizəd Əhməd İmamquliyev 17500 səslə qalib olsa da, seçilən şəxs hökumətin gürcü namizədi oldu. 7500 səsimizi oğurladılar, məhkəməyə verdik, məhkəmə Əhməd İmamquliyevin özünə qarşı cinayət işi açmaq istədi. Biz azərbaycanlılar Gürcüstanı sevirik, bu ölkəyə öz vətənimiz kimi baxırıq. Amma eyni münasibəti qarşı tərəfdən görmürük. Tək azərbaycanlılar yox, digər millətlər də hökumətdən narazıdır”.


A. Süleymanov “Gürcü arzusu” koalisiyasının getdikcə reytinqinin aşağı düşdüyünü bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR