Ərdoğan Bakı və Aşqabadla Rusiyaya qarşı yeni cəbhə açır – Təhlil
Bizi izləyin

Nida.az

Ərdoğan Bakı və Aşqabadla Rusiyaya qarşı yeni cəbhə açır – Təhlil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri çərçivəsində Əfqanıstanda sürətlə pisləşən vəziyyət kontekstində regional təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq.

Ərdoğan Aşqabada Türkmənistan prezidenti Qurbanqulu Berdiməhammədovun səfərinə cavab olaraq gedib. Berdiməhəmmədov energetika məsələləri üzrə əməkdaşlıq, xüsusilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması məsələsinin müzakirəsi məqsədilə yayda Ankarada səfərdə olub. Söhbət Xəzərin dibi ilə Bakıya qədər çəkiləcək qaz kəmərindən gedir. Bir neçə ay öncə Bakıda keçirilən Azərbaycan və Türkmənistan hökumətlərinin birgə iclasında bu məsələ müzakirə edilmişdi. Tərəflər dənizin dibi ilə çəkiləcək boru kəmərinin reallaşması üçün heç bir problem görmür və ümumi yanaşma eynidir. Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir. bp-nin hesabatında bildirilir ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdə gəlir. Çıxarılan ehtiyatlar 17,5 trilyon kubmetr təşkil edir. Bu ümumi dünya ehtiyatlarının 9 faizi deməkdir. Təbii ki, bu qazın böyük hissəsi ixracat üçün nəzərdə tutulub. Bu baxımdan, Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir.

Uzaq Şərqdə türkmən qazına maraqlı olan alıcılar var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün daha da aktuallaşıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə “Transxəzər” marşrutudur. Bu marşrut ilə türkmən qazı Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, oradan da bu yaxınlarda təməli atılan “Cənub qaz dəhlizi” vasitəsilə (Türkiyə-Yunanıstan-İtaliya marşrutu) Avropaya çıxarıla bilər.

Avropanın türkmən qazına marağının digər səbəbi Azərbaycan qazının ehtiyacları tam ödəyə bilməməsidir. Məhz bunun üçün Türkmənistan qaz ehtiyatlarından 10 milyard kubmetrini məhz Avropanın payı olaraq saxlayır.


Lakin ortada Rusiya adlı böyük maneə var. Moskva Avropanı boğmağa çalışdığı “qaz siyasətinə” kənar təsirlərin olmasını qəbul etmir. Xəzərin statusunun hələ də həll olunmamasının səbəbləri sırasında bu amil böyük rol oynayır. Bu ilin sentyabrda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə baş tutan Həştərxan sammitində məsələ bir daha gündəmə gəlmişdi. Türkmənbaşı sammitdə Rusiyanı sakitləşdirən çıxış etdi. Onun mövqeyinə görə, Transxəzər boru kəmərinin tikintisi Rusiyanın razılığı olmadan qeyri-mümkündür. Beləliklə, Rusiya Xəzərdən keçəcək istənilən boru kəmərinin tikintisini bloklayacaq.

Əslində Bakı ikitərəfli görüşlərdə Aşqabadı bu layihəyə inandırmağa çalışıb. Görünür, Berdsiməhəmmədov Azərbaycanın sərfəli təklifi ilə razılaşmaq istəmir. Ərdoğanın Aşqabad səfəri həm də Türkmənistan tərəfini Transxəzər boru kəmərinə inandırmağa hesablanıb.


Publika.az xəbər verir ki, Rusiyanın “Nezavismaya qəzeta” Ərdoğanın səfərini məhz bu kontekstdə şərh edib. Nəşr Ankaranın Aşqabadı inandırmaq məsələsində Bakıya yardımçı olacağını hesab edir.


Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov da Ərdoğanın Berdiməhəmmədovu Transxəzər qaz kəmərinə maraqlandırmaq niyyətində olduğunu düşünür. Onun fikrincə, bu, Ərdoğan üçün fövqəladə əhəmiyyətə malikdir: “Cənubi qaz dəhlizi”nin tikintisi üçün böyük səy göstərən Ankara bunun tərkib hissəsi olan Transxəzər boru kəmərinin reallaşması üçün də eyni səyləri göstərəcək. Çünki Türkiyə Avropanı Rusiyanın qaz asılılığından qurtaran əsas faktora çevrilmək istəyir. Bu da Türkiyənin regionda və dünyada mövqeyini, eləcə də Ərdoğan hakimiyyətini gücləndirəcək”.

Transxəzər boru kəmərinin əsas lobbiçilərindən birinin Ukrayna olması da diqqətçəkəndir.


Rusiya strateji tədqiqatlar institutunun eksperti Əjdər Kurtov isə Transxəzər boru kəmərində Ankranın əsas oyunçu olmadığını hesab edir.

Onun fikrincə, Aşqabad əfqan partizanlarının Türkmənistan sərhədinə daimi hücumlarının qarşısını almaq üçün dəstək axtarır: “Görünür, Aşqabad bu problemin öhdəsindən tək gəlməyi bacarmır. Bu baxımdan, Türkiyə ilə hərbi məsələlər müzakirə oluna bilər. Türkiyə hərbi sənayesi son vaxtlar xeyli inkişaf edir və türk silahları post-sovet ölkələrində xüsusi marağa sahibdir”.

Ə. Kurtov bu səfərdə Ərdoğanın uzağa gedən siyasi addımlarına da diqqət çəkir. Onun sözlərinə görə, Türkiyə türkdilli dövlətlərin liderinə çevrilmək istəyir: “Bu məsələ Ərdoğanın seçki proqramında əsas məsələlərdən biri idi. Ankara vahid türk birliyinin yaradılması istiqamətində çalışır. Buna Özbəkistan və Türkmənistan razılıq vermirdi. Görünür, bu məsələ yenidən gündəmə gələ bilər”.

Lakin rusiyalı ekspert görüşün əsas müzakirə mövzularından biri kimi Transxəzər boru kəməri məsələsi olacağını da istisna etmir. Onun sözlərinə görə, Türkiyə bu məsələdə də təşəbbüsü ələ almağa çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm