“50 min insan miqrasiya problemi ilə üz-üzədir“
Bizi izləyin

Nida.az

“50 min insan miqrasiya problemi ilə üz-üzədir“

"Bir neçə il öncə Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunmuş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" haqqında qanuna görə Azərbaycanla həm viza rejimi olan, həm də vizasız rejimə malik ölkələrdən gələnlər Azərbaycanda cəmi 90 gün qala bilərlər.

90 gündən sonra yenidən həmin ölkəyə qayıdıb təkrar viza almalıdırlar. Həmin qanunun müvafiq maddəsi Gürcüstanda yaşayan azərbaycanlılara şamil edilmirdi. Son 10 gün ərzində isə qanunun bu maddəsi onlara da şamil olunur".

Bu sözləri Publika.Az-a açıqlamasında "Qafqaz" Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı bildirib. O, qeyd edib ki, Azərbaycan ali məktəblərində çoxlu sayda Gürcüstan əsilli azərbaycanlı tələbələr təhsil alır, Azərbaycana işləmək üçün gələn çoxsaylı Gürcüstan azərbaycanlıları da var:

"Bundan əlavə, yoldaşının biri Azərbaycan vətəndaşı, digəri Gürcüstan vətəndaşı olan, yaxud Zviad Qamsaxurdiya dövründə Bolnisi, Dmanisi rayonlarından, Kazreti qəsəbəsindən çıxmış insanlar var ki, bir çoxlarının vətəndaşlıq məsələsi həllini tapmayıb.

O vaxt qovulan soydaşlarımız Azərbaycana pənah gətiriblər, burda məskunlaşıblar, özlərinə ev tikiblər. Ailə qurublar, indi bu insanlardan tələb olunur ki, get hər üç aydan bir sərhədi keç, geri qayıt".

Kamran Ramazanlı deyib ki, bir ailədə 4 nəfər varsa onların hər birinin gedib-gəlməyi üçün 100 manat, 4 nəfərin gedib-gəlməyi üçün toplam 400 manat tələb olunur:

"Azərbaycana gələn Gürcüstan azərbaycanlıları Dövlət Miqrasiya Xidmətində qeydə alınmadıqları halda 300-400 manat cərimə olunurlar ki, bu da əsassızdır. Yəni, onlardan 3 aydan artıq Azərbaycanda yaşamaları ilə bağlı 300-400 manat cərimə ödənilməsi tələb olunur.

Əmək miqrantı kimi gələn adamlar üçün isə 1000 manat dövlət rüsumu müəyyən olunması ədalətsizlikdir. İndi təsəvvür edin ki, onsuz da vəziyyəti ağır olan bu insanlar hansı əziyyəti çəkirlər. Müəyyən mənbələrdən aldığımız qeyri-rəsmi məlumata görə, Azərbaycanda 50 min nəfərdən artıq insan var kı, onlar bu vəziyyətlə üz-üzə qalıblar.

Baxmayaraq ki, həmin insanların böyük əksəriyyətinin ailə başçısı və yaxud övladı məhz Azərbaycan vətəndaşıdır və onlar Azərbaycanda yaşayırlar. Cərmələnənlər arasında Azərbaycanda təhsil alanlar, ailəsini Gürcüstanda qoyub işləməyə Azərbaycana gələn insanlar da var.

Bu insanlardan "3 aydan bir Gürcüstan sərhədini keç, geri qayıt" tələb etmək düz deyil. Son 10 günədək bu məsələ Gürcüstanda yaşayan soydaşlarımıza və burda yaşayan, Gürcüstan vətəndaşı olan və vətəndaçlığı olmayan azərbaycanlılara tətbiq olunmurdu. Amma 10 gündür tətbiq edilir"

Mərkəz rəhbəri deyib ki, bu məsələ həm Gürcüstandakı soydaşlarımız tərəfindən, həm burda yaşayan Borçalı əsilli insanlar tərəfindən çox mənfi qarşılanır, ciddi narahatlıq var.

Kamran Ramazanlı deyib ki, bu problemi iki yolla həll etmək ola bilər:

"Ailə üzlərinin biri Azərbaycan vətəndaşı olanlara 3 aylıq tələb ləğv edilə bilər. Beynəlxalq konvensiyaların da tələbinə görə, həyat yoldaşı bir ölkənin vətəndaşı olana vətəndaşlıq verilməsində problem olmamalıdır. İkincisi, Milli Məclis müvafiq qanunvericilikdə dəyişiklik etməli və 3 ay müddətini 1 ilədək artırmalıdır".

Müsahibimiz bildirib ki, onsuz da Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti acınacaqlıdır:

"Məlum hadisələr üzündən Gürcüstandan Rusiyaya çıxış yoxdur. Azərbaycanla Ermənistan müharibə vəziyyətində olduğu üçün soydaşlarımız təbii ki, Ermənistana da gedə bilmirlər.

Gürcüstanda iş yerinin olmaması səbəbindən yalnız pənah yeri Azərbaycandır ki, gəlib işləyib ailələrinə çörək aparsınlar, burdan da qapını bağlayanda bəs bu insanlar neyləməlidir?

Azərbaycanda da ağır şərtlərin qoyulması bu adamları məyusluğa düçar edir. Digər tərəfdən Rusiyaya gedən azərbaycanlıların orada ailə qurmaları məcburən milli assimilyasiyanı gerçəkləşdirir. Bu qədər insanı narazı salmaq olmaz. Onsuz da o insanların problemləri həddən artıq çoxdur".

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm