Deputat həmsədrləri təhqir etdi: “Ay...”
Bizi izləyin

Nida.az

Deputat həmsədrləri təhqir etdi: “Ay...”

“Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri utanmaz-utanmaz Azərbaycana deyir ki, ermənilərlə aranızda qarşılıqlı etimad yaranmalıdır və sairə. Həmin təşkilatlara demək istəyirəm ki, ay şərəfsizlər, ay demokratiyadan, ədalətdən, insan haqqından dəm vuran riyakarlar, mənim torpağımı işğal edən, mənə qarşı soyqırımı törədən işğalçı dövlətlə aramda hansı etimaddan söhbət gedə bilər?”

Bu sözləri Publika.az-a müsahibəsində 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputat, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Elman Məmmədov separatçı rejimin işğal olunan ərazilərimizdə azərbaycanlı girovlar üzərində qondarma məhkəmə qurmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, etimad o zaman olar ki, Ermənistan beynəlxalq hüququn normalarına əməl edib işğal etdiyi torpaqlardan geri çəkilsin.

E.Məmmədov bildirib ki, beynəlxalq təşkilatlar ağız dolusu etimaddan, güzəştə getməkdən danışır: “Axı Azərbaycan indi nəyə güzəştə getməlidir? Bəlkə Azərbaycan beynəlxalq təşkilatların xətrinə bir neçə rayonu da bu cinayətkar rejimə bağışlamalıdır? Ermənilər öz başına hərəkət etmir. Onları qudurdan, onların Qərbdəki havadarlarıdır, ATƏT-in Minsk qrupudur. Qərbin bir sıra təşkilatları Qarabağda olan separatçılara hər il maliyyə və silah-sursat yardımları göstərir. Beynəlxalq təşkilatlar bundan utanmalıdır”.

Deputat qeyd edib ki, ermənilər 100 ildən bəri əlləri türk qanına batıb: “Ermənilər türkün barışmaz düşmənidir. Çox təəssüf ki, ermənilər işğal olunmuş torpaqlarımızda nə əməllər törətsə də, biz onlara hələlik təsir edə bilmirik. Çünki düşmənlə müharibə vəziyyətindədiyik. İşğal olunmuş ərazilərimdə fəaliyyət göstərən separatçı rejim cinayətkar qurumdur. Bu gün Ermənistana da cinayətkar və hərbi canilərdən ibarət komanda rəhbərlik edir. Hətta, bunu onlar özləri də etiraf edirlər. Robert Koçaryan və Serj Sərkisyan birbaşa Avropa Şurası tribunasından etiraf ediblər ki, Xocalıda günahsız azərbaycanlıları öldürmüşük və bundan qürur duyuruq. Yəni, bu şəxslər soyqırımı törətmiş hərbi canilərdir. Bir dövlətə ki, hərbi canilər rəhbərlik edir, bu dövlətdən nə gözləmək olar? Eyni zamanda da bu gün Dağlıq Qarabağda ermənilərin yaratdığı separatçı qurum qondarma məhkəmə qurur. Bütün bunlar nifrət və qınaqla qarşılanır. Ancaq ermənilərin bu cür cinayətləri törətməsinə göz yuman və imkan yaradanlar dünyaya ağız dolusu “demokratiya zurnası” çalan ABŞ və Avropadır. Bu havadarlar bərk-bərk sıxıb qucaqladığı ermənilərin törətdiyi cinayətlərə heç olmasa arada baxsınlar. Axı ermənilər hansı ixtiyarla yad ölkənin ərazilərində qondarma məhkəmə prosesi aparırlar? Niyə Qərb buna göz yumur? Ermənilərin girov götürdüyü həmin azərbaycanlılar hansı qanunu pozublar? Hansı dövlətin sərhədini pozublar? İndi burada kim mühakimə olunmalıdır? O insanlar mühakimə olunmalıdır ki, günahsız insanlarımızı öz doğma yerlərindən didərgin salıblar. Azərbaycanın 20 faizdən çox torpağını işğal edən Ermənistan mühakimə olunmalıdır. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Bunlar mühakimə olunmalıdır. Yoxsa ki, öz doğma yurd-yuvalarına baxmağa gedən adamı öldürmək, digərlərinə qarşı isə qondarma məhkəmə qurmaq düşmən tərəfindən edilən iyrənc hərəkətdir. Bundan iyrənc hərəkətlər isə həmin işğalçı ölkəni müdafiə edən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu, BMT və digərlərinin hərəkətləridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm