Milli Şuranın “7 min” nağılı sona çatdı: Göydən üç alma düşmədi - Reportaj
Bizi izləyin

Nida.az

Milli Şuranın “7 min” nağılı sona çatdı: Göydən üç alma düşmədi - Reportaj

Milli Şuranın payız mövsümündən ikinci mitinqini bu gün keçirdi.

Publika.az-ın mitinqi izləyən müxbiri aksiyada maraqlı anları müşahidə edib.

Saat 15:00: aksiya iştirakçıları “Məhsul” stadionunda toplaşıb. Stadionun demək olar yarısı heç dolmayıb. Təxminən 700 nəfərlik iştirakçılar əllərində Azərbaycan bayrağı, (oktyabrın 12-də keçirilən mitinqdən fərqli olaraq bu dəfə Avropa Birliyinin bayraqları gözə dəymirdi- red) şüarlar səsləndirir, tribunada dayanan cəbhəçilərsə şeirlər oxuyurdu. Arxa fonda müxtəlif mahnılar səslənir, Azərbayca mahnıları arasında xarici musiqilər də qulağa dəyirdi.

Təxminən 15 dəqiqə keçməsinə baxmayaraq, Milli Şura rəhbərliyi gözə dəymirdi. Bu arada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov mitinqin təşkilatçılarına asayişin qorunması ilə bağlı xəbərdarlıq etdi. Polis əməkdaşları isə aksiyanı işıqlandıran mətbuat işçilərinin onlar üçün əvvəlcədən ayrılmış yerdə dayanmasını tələb etdi.

Polisin bu tələbini AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz təbirincə şərh edərək “Yəqin hansısa təxribat hazırlanıb və jurnalistlərin həmin məqamları çəkməsinin qarşısı alınır” deyə bildirdi.

Cəbhəçi müavinin bu dedikləri nə qədər absurd görünsə də, ətrafındakılardan dəstək də qazandı.

Polis əməkdaşları isə jurnalistlərdən xüsusi dəmir çəpərin arxasında dayanmasını tələb edirdi. Lakin sonra bu çəpər götürüldü və jurnalistlərə sərbəst formada mitinqi işıqlandırmaq şəraiti yaradıldı.

Hər şey axarınca gedir, gözlərsə yollardadır.


Məclisə aş gəlir: “Ay bala bura toy deyil”


Artıq saat 15: 20-ni keçib. Milli Şura rəhbərliyindən nə Əli Kərimli, nə Cəmil Həsənli, nə də digərləri “Məhsul” stadionunda görünmür.

Bu arada gənc iştirakçılar mahnı oxuyub oynayırlar. Qocaman qadınlardan biri onlara “Ay bala bura mitinqdir, toy deyil” iradını tutur.

“Bizim üçün əsl toy elə mitinqdir”. Cavab belə olur. Amma “toyun aşı”, daha dəqiq desək mitinqin müəllifləri gəlib çıxmaq bilmir. Hiss olunur ki, iştirakçılar narahatdır.

Nəhayət, budur, gözlənilən an gəlib çatdı. Cəmil Həsənli, Əli Kərimli, Eldəniz Quliyev, Namizəd Səfərov, Əbülfəz Qurbanlı və bir sıra komanda üzvləri meydana daxil oldu. Tribuna həsrətlə gözlədiklərinə qovuşdu.

İştirakçılar gurultulu əl çalır, amma fondakı musiqi ümumi mitinq abu-havasını sanki toyla əvəzləyirdi.


Tələbəlik illəri, 40 il öncə Moskvaya alınmış bilet və Cəmil Həsənlinin nostaljisi


AXCP sədri Əli Kərimli odlu-alovlu çıxışlarından daha birini etdi. Hakimiyyəti “rejim” adlandıran Ə. Kərimli xalq, millət, vətən və bu qəbildən olan sözləri ard-arda düzdü.

Mitinq aparıcısı Əbülfəz Qurbanlının ilk sözü öz partiya rəhbərinə verməsi də diqqətlərdən yayınmadı. Bu, Milli Şurada AXCP-nin hegomonluq etdiyini bir daha göstərir.

AXCP sədrindən sonra söz Namizəd Səfərova verildi. Onun eynitipli çıxışından sonra söz demək növbəsi Cəmil Həsənliyə gəlib çatdı. Elə bu an, maraqlı an yaşandı. Mitinq iştirakçıları “Əli bəy” deyə qışqırmağa başladı. C. Həsənli bundan bir qədər pərt olsa da, özünü o yerə qoymadan çıxışına başladı. O, mitinqin məğzindən başqa demək olar hər şeydən danışdı. Tələbəlik illərindən, adlığı təqaüddən, Moskvaya təyyarə ilə uçmasından, İran xəstəxanalarından, daha sonra bələdiyyələrdən, ən axırda məhbuslardan danışaraq çıxışını yekunlaşdırdı. Bunların məsələyə nə qədər aidiyyətinin olduğunu yəqin C. Həsənlidən başqa heç kim deyə bilməz.

Çıxışların ümumi tezisi çox ilginc idi. Milli Şura mitinqə “siyasi məhbus” şüarı ilə çıxsa da, səslənən fikirlər 90-cı illərə aid idi. Sanki qurum 90-cı illərin nostaljisini yaşamaq üçün 9 noyabr mitinqini gözləyirmiş.

1990-cı illər: pensiyaların baza hissəsi yüksək idi, ünvanlı sosial yardımlar verilirdi, emal sənayesi, kənd təsərrüfatı, yüngül sənaye, xəstəxanalar, allı-güllü həyat, nə bilim, daha nələr, nələr...


Müsavatda rollar dəyişdi: Bu dəfə Qubad İbadoğlunun dəstəsi tribunaya buraxılmadı


Mitinqdə diqqət çəkən digər məqam müsavatçıların tribunaya yenə də yaxın buraxılmaması idi. Lakin bu dəfə rollar dəyişmiş, keçmiş başqan İsa Qəmbərlə, yeni başqan Arif Hacılı və ona yaxın şəxslərin yerini Müsavatda narazılar qrupunu təmsil edən Qubad İbadoğlu, Tural Abbaslı, Vurğun Əyyub və bir neçə şəxs tutmuşdu. Bir növ növbələşmişdilər. Milli Şura rəhbərliyinin İsa Qəmbəri tribunaya dəvət etməyib salam verməməyi ortada idi. Lakin narazı müsavatçılar da tribunada deyil, iştirakçılar arasında yer almışdı. Daha onlara salam verildiyini deyə bilmərik.

700 nəfərlik mitinqdə “7 min” cavabı

Cəmil Həsənlinin çıxışından sonra qətnamə oxundu və toplantı başa çatdı.


Mitinqdən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı jurnalistlərin “mitinqdə nə qədər adam iştirak edirdi?” sualına “7 min” cavabı artıq hər şeyə nidasını qoydu. Əli Kərimlinin müavini ya riyaziyyatdan zəifdir, ya da 700 nəfərlik iştirakçını 10-a vuraraq, yanına bir sıfır atıb 7 000 min deməsi onun nə qədər “ağıllı” olduğundan xəbər verirdi.

Hərçənd, bu o qədər də təəccüblü deyil. 12 oktyabr mitinqində rəsmi məlumatlara görə, 900 nəfər iştirakçının qatıldığını aksiyanı F. Qəhrəmanlı “7 minlik mitinq” adlandırmışdı.


“7 minlik” nağılı sona çatdı, göydən üç alma düşmədi


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqlə bağlı rəsmi açıqlama verib.

Məlumata görə, Yasamal rayonundakı “Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm