“Bu, iranlıları narahat etməyə bilməz” – Ruhaninin səfərinə Bakıdan baxış
Bizi izləyin

Nida.az

“Bu, iranlıları narahat etməyə bilməz” – Ruhaninin səfərinə Bakıdan baxış

Sabah İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək. Bu, Ruhaninin prezident kimi Azərbaycana ilk rəsmi səfəridir. Bakıda İran prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində hökumətlər arasında 10-a yaxın sənədin imzalanması gözlənilir.

“Ruhaninin səfəri dünya siyasəti baxımından önəmlidir”


“İran böyük ölkədir və Azərbaycanla minilliklər boyu qırılmaz zəncirlərlə bağlıdır. Bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Ölkənin dini lideri də etnik azərbaycanlıdır. Bununla yanaşı, Azərbaycanın rəqibi zəif Ermənistandırsa, İranın rəqibi bütün Qərbdir. Bu baxımdan, Ruhaninin səfəri dünya siyasəti baxımından önəmlidir”.


Bunu Publika.az-a açıqlamasında şərqşünas politoloq Zərdüşt Əlizadə İran İslam Respublikasının prezidenti Həşən Ruhaninin sabah reallaşacaq Bakı səfərini şərh edərkən deyib.


“Bu, iranlıları narahat etməyə bilməz”


Onun sözlərinə görə, Azərbaycanla İran əməkdaşlıq etməyə, münasibətləri yüksək səviyyədə saxlamağa məcburdurlar.

“Bu gün iki ölkə arasındakı münasibətləri yüksək səviyyəli adlandırmaq olmaz. Hər halda, bu haqda danışmaq tezdir. Çünki İran hələ də müəyyən sahələrdə Qərblə toqquşur. Azərbaycan isə öz qərbyönümlü siyasətini davam etdirir. Eyni zamanda, Bakı İranla düşmən olan İsraillə də əməkdaşlığını yüksək səviyyədə qurur. Bu iranlıları narahat etməyə bilməz. Lakin 5 il öncəyə nisbətən bu gün Bakı ilə Tehran arasındakı münasibətlər yaxşıdır. Bu bir çox səbəblərdən irəli gəlir. Eyni zamanda, Ruhani sələfi Əhmədinejatdan daha praqmatik siyasətçidir”, - deyə politoloq bildirib.


“Bakı Dağlıq Qarabağ münaqişəsində İranın dəstəyinə nail olmaq istəyir”


Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə Rusiya mediasına açıqlamasında Bakının Dağlıq Qarabağ münaqişəsində İranın dəstəyinə nail olmaq istəyində olduğunu bildirib: “Ermənistan bu gün kifayət qədər İrandan asılılığa malikdir. Əgər İran münaqişə ilə bağlı təkcə bəyanatlar səsləndirməsə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətlə nizama salınmasına əməli olaraq qoşularsa, o zaman, Ermənistan rəhbərliyi bir addım geriyə çəkilə bilər. Lakin Tehran sadəcə bəyanat verməsi və Ermənistanla iqtisadi əməkdaşlığı davam etdirməsi İrəvana güc verir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm