Ruhaninin çantasındakı ən vacib məsələ: Bakı Tehranı Qərbə aparır – TƏHLİL
Bizi izləyin

Nida.az

Ruhaninin çantasındakı ən vacib məsələ: Bakı Tehranı Qərbə aparır – TƏHLİL

İran prezidenti Həsən Ruhani dövlət başçısı kimi Azərbaycana ilk səfərini sabah reallaşdıracaq. Bu səfər iki yaxın və tarixi bağlılığı olan ölkə arasında qarşılıqlı münasibətləri daha yüksək məqamlara daşımaq baxımından önəmlidir. Eyni zamanda, Ruhani son 10 ilə yaxın bir müddətdə Bakıya gələn ilk iranlı prezidentdir. 2006-cı ildən sonra Bakı ilə Tehran arasındakı yollar, demək olar, qapanmışdı. Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir, ən pisi isə Qərblə qarşıdurmada İrana endiriləcək zərbənin müstəvisi ola biləcəyini iddia edirdi. Rəsmi Bakı bütün bu iddiaları inkar edirdi, öz ərazisindən heç bir qonşusuna qarşı istifadəyə icazə verməyəcəyini bildirdi.

Buzların əridiyi dövr: Bakı və Tehran öz çıxarlarını düşünür

Nəhayət, bu il Bakı-Tehran münasibətlərindəki gərginlik yumşaldı. Tehranda rəhbər dəyişikliyi, Əhmədinejatdan daha praqmatik olan Ruhaninin prezident seçilməsi, həmçinin İranın Qərblə münasibətlərdəki buzların əriməsi qonşu ölkələrin münasibətlərinə də təsirsiz ötüşmədi.
İllərdir Tehrana getməyən Azərbaycan dövlət başçısı bu ilin aprelində İrana rəsmi səfər etdi. Bundan sonra bir sıra yüksək vəzifəli Azərbaycan rəsmiləri ilə İran rəsmiləri qarşılıqlı səfərlər etdilər. Bunun məntiqi davamı olaraq İran prezidenti Həsən Ruhaninin Bakıya gəlməsinə bir gün qalıb.

Regional təhlükəsizlik, Xəzər amili, İŞİD... masada ola biləcək məsələlər

Ruhaninin Bakı səfərində masaya yatırılacaq ilk məsələ, güman ki, Bakı-Tehran münasibətlərinin yüksək templə irəliləməsi olacaq. Bu, Qərblə İran arasında buzların əriməsi baxımından Tehranın marağındadır.

Bununla yanaşı, regional təhlükəsizlik, Xəzərin statusu məsələləri də aktualdır. Eyni zamanda, dini ekstremizm, xüsusilə İran və Azərbaycan üçün yaxın, yaxud uzaq perspektivdə təhlükə mənbəyi olan İŞİD müzakirə edilə biləcək mövzular sırasında ilk yerlərdədir.

Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhaninin qarşılıqlı müzakirə edəcəyi bir çox önəmli məsələ olacaq. Bu, uzun illər yüksək gərginlik altında olan münasibətlərə yenidən baxmaq, ölkələrin öz çıxarları prizmasından yanaşmaq üçün vacib məqamdır.

Çıxış yolları axtarılır... Ruhaninin Bakı səfərində ən vacib məqam

Ruhaninin səfərinin fonunda ən vacib və masada ön sırada dayanan məsələ olaraq enerji amili var. Söhbət Ukrayna hadisələrindən sonra Avropa üçün hava-su kimi lazımlı olan təbii qazdan gedir. “Köhnə Qitə” Rusiya qazından tamamilə qurtulmağın yollarını axtarır. Bu, yaxın bir neçə il ərzində mümkünsüz görünsə də, Avropa üçün Azərbaycan qazı və dəhlizi ən əlverişli versiyadır. Ötən ay “Cənub qaz dəhlizi”nin Bakıda təməlinin atılması təsadüfi deyildi. Bakı qazını Türkiyəyə daşıyacaq TANAP kəməri TAP-a qoşularaq enerji daşıyıcılarını Avropanın cənubuna qədər aparacaq. Avropa buna ən sərfəli xilas yolu olaraq baxır. Lakin Azərbaycanın ilk vaxtlar hər il 10 milyard kubmetr qaz verəcəyi kəmər avropalıların dərdini tam sağaltmır. Bu baxımdan, faktiki ən real və sərfəli dəhlizə əlavə mənbələr tapmaq üzərində iş aparılır. İlkin versiya türkmən qazıdır. Xəzərin dibi ilə çəkiləcək Transxəzər kəməri türkmən qazının TANAP-a qoşacaq, burdan da Avropaya daşınacaq. Aşqabad buna razıdır və ilkin variant kimi 10 milyard kubmetr qazı Qərb üçün saxlayır. Lakin Rusiya amili bu variantı çətinləşdirir. Xəzərin statusu hələ də müəyyənləşməyib və Türkmənistan üçün nə qədər əhəmiyyətli layihə olsa belə Aşqabad yaxın qonşusu Rusiyanı tapdalayaraq onun razılığı olmadan qaz vermək istəmir. Hazırda Aşqabadın razı salınması yolunda iş aparılır. Ötən həftə Türkmənistana səfər edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da türkmənbaşını bu layihəyə razı salmağa çalışıb. Bu variant mümkün çıxış yolu olaraq qalmaqdadır.

İkinci ən mühüm variant İran təbii qazıdır. Bunun üçünsə ən əlverişli yol Bakı dəhlizidir. Təbii ki, İran qazının Avropaya çıxarılması dəhlizinə göz dikənlər də var. Söhbət Ermənistandan gedir. Amma...


İran və Qərb arasında nüvə məsələsində yekun razılaşma imzalandıqdan sonra gündəlikdə duran birinci məsələ İran təbii qazının Avropa bazarına çıxarılması olacaq. Önə çıxan marşrutlardan biri və bəlkə də, ən əlverişlisi Azərbaycan vasitəsilə İran qazının Avropaya daşınmasıdır.
Bu məsələ Azərbaycan prezidentinin Tehran səfərində müzakirə mövzularından biri olub.

Erməni politoloqları isə İran qazının bu ölkə marşrutu ilə çıxarılmasını əlverişli variant kimi təqdim edirlər. Onların fikrincə, regionda təsir imkanları üzərində İranla Türkiyə arasında qarşıdurma var, Azərbaycansa Ankaranın ayrılmaz dostudur. Bundan başqa, Bakı ilə Tehran arasında Xəzərin dib sularının bölünməsində fikir ayrılığı var. İran-İraq-Suriya marşrutunun təhlükəli olduğunu diqqətə çatdıran ermənilər, ən əlverişli yol kimi Ermənistan üzərindən təbii qazın daşınmasını təqdim edirlər. Lakin erməni başbilənlərin unutduğu bir neçə məqam var.

Tehran təbii qazın satıcısı olaraq bir sıra məqamlara görə Ermənistan marşrutuna üstünlük verə bilər. Amma Qərb alıcı olaraq buna nə dərəcədə razı olacaq?


İrəvan 3 illik danışıqdan sonra Avropa ilə Assosiativ Sazişdən imtina edərək bir növ Qərbə “atdı” və Moskvanın layihəsinə - Avrasiya İttifaqına qoşuldu. İrəvan Qərb qarşısında işlətdiyi bu “günah”ı az da olsa BMT Baş Assambleyasında Ukrayna qətnaməsinin müzakirəsi zamanı yuya bilərdi. Amma bunu etmək də onun özü əlində deyildi. Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verməklə birmənalı olaraq Rusiya cəbhəsində yer aldığını və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik etdiyini göstərdi.

Beləliklə, İrəvan Qərbin yaddaşında ən etibarsız və yalançı tərəf olaraq qaldı. Digər tərəfdən, Qərbin Rusiya qazından qurtuluş yolunu Rusiyanın nəzarət etdiyi torpaqlar vasitəsilə etməsi gülünc olardı. İran bəlkə də təbii qazının Ermənistan ərazisindən daşınmasına razı olar, amma burda hər şey Tehrandan asılı deyil. Qərb əsas söz sahibidir. Azərbaycan Gömrük Şurası ətrafında baş verən proseslər və Ukrayna hadisələrindən sonra daha etibarlı tərəfdaş olduğunu göstərdi.

Burda Rusiya amili də unudulmamalıdır. Moskva Ermənistanın təbii qaz tranzitindən əlavə qazanc əldə etməsinə və iqtisadi müstəqilliyə nail olmasına razı olmaz. Çünki bu, İrəvanın Qərb cəbhəsinə keçməsini reallaşdıra bilər.

Göründüyü kimi, bütün tərəflərin maraqları kontekstində İran qazının Ermənistandan daşınması mümkün deyil. Bununla yanaşı, Qərbin Azərbaycan və Türkiyənin öz maliyyəsi hesabına hazırda inşa edilən dəhlizi bir kənara qoyub, kasıb Ermənistandan reallaşması sual altında olan hansısa qeyri-müəyyən kəmərə pul yatırması və buna ümid etməsi yalnız xəyal ola bilər.

Bakı və Tehranın öz marağı

İran qazının “Cənub qaz dəhlizi” ilə Avropaya çıxarılmasında Bakı və Tehranın da öz marağı var.

Azərbaycan üçün İran qazının daşınmasında tranzit olmaq öz cibinin pulu ilə inşa etdiyi kəmərin Qərb üçün aktuallığını daim saxlaması və gələcəkdə ölkənin siyasi və iqtisadi divident əldə etməsi deməkdir. Yəni, Bakı uzaq gələcəyi indidən hesablayıb və buna uyğun addım atır.

Digər tərəfdən, bu, Tehranın Ermənistana dəstəyinin aradan qalxması və Bakının yürütdüyü təcrid siyasətinin güclənməsi deməkdir. Bu isə dolayısı yolla Dağlıq Qarabağın ədalətli şəkildə Azərbaycanın ərazi bütövlüyü xeyrinə həllini sürətləndirə bilər. Ermənistan Rusiyadan sonra arxalandığı ikinci gücü – İranı itirəcək.

İran üçün öz qazının Azərbaycan vasitəsilə Avropaya çıxarmaq ilk növbədə iqtisadi dividentdir. Yəni Ermənistandan çəkiləcək boru kəmərinə pul xərcləməkdənsə, daha az kapitala daha çox pul qazanmaq şansı itirilməyəcək.

Tehran Qərblə münasibətlərin yoluna qoyulmasında maraqlıdır və bunun üçün addımlar atılır. Bakı Qərb-İran münasibətlərinin yoluna qoyulmasında da əlverişli dialoq müstəvisi ola bilər.

Bunun fonunda Tehran İran-Ermənistan münasibətlərinin yaxınlığı ilə bağlı rəsmi Bakının narahatlığını qəbul edir. Belə bir vəziyyətdə İranın Ermənistanı çox da yaxına buraxması inandırıcı görünmür.

Deməli, Azərbaycan siyasi maraqlar baxımından İran üçün daha əlverişli ölkədir. Güman ki, bu məsələlər Ruhaninin səfəri çərçivəsində masa üzərində olacaq ən önəmli mövzular sırasında olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm