“Bu, özünü aldatmaqdır” – dolmayan stadion və “7 minlik nağıl”ın sonu – Şərh
Bizi izləyin

Nida.az

“Bu, özünü aldatmaqdır” – dolmayan stadion və “7 minlik nağıl”ın sonu – Şərh

Milli Şura noyabrın 9-da növbəti dəfə mitinq keçirdi. 700 nəfərin iştirak etdiyi mitinqdə tribunada öncəki mitinqdə olduğu kimi yalnız Milli Şura təmsilçiləri yer aldı. Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, qurum üzvləri Namizəd Səfərov, Eldəniz Quliyevin çıxış etdiyi mitinqdə yenə də müsavatçı qonaqlar salamlanmadı.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Məhsul” stadionuna 7 min nəfərin gəldiyini iddia etsə də, Bakı Şəhər Baş Polis İdarəsi mitinq iştirakçıları ilə bağlı dəqiq rəqəm açıqladı. Bu cəbhəçi müavinin dediklərindən 10 dəfə az idi. F. Qəhrəmanlının jurnalistlərə “7 min iştirakçı var idi” deyərək gülməsi də dediklərinə heç özünün də inanmadığını göstərirdi.


BŞİH-nin rəsmi məlumatına görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda sözügedən quruma daxil olan AXC, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Qeyd edək ki, təşkilatçılar arasında Müsavat Partiyası olmasa da, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu, onun əsas tərəfdarı Vurğun Əyyub və digər müsavatçılar, o cümlədən başqanlığa daha bir namizəd Tural Abbaslı iştirak edib. Oktyabrın 12-də keçirilən mitinqdə Müsavat lideri İsa Qəmbər və başqan Arif Hacılının meydandakı yerini bu dəfə yeni başqanın rəqibi əvəzləyib.


Publika.az siyasətçilərdən 9 noyabr mitinqinə münasibət öyrənib.


“Milli Şuraların mitinqi statistika xarakteri daşıyır”


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın mitinqinin olduqca zəif olmasına diqqət çəkib: “Müxalifətin seçkiqabağı yaratdığı vahid qurum öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Cəmiyyətdə onun mövcudluğuna sosial sifariş yoxdur. Milli Şura əsas diqqəti iştirakçıların sayı barədə rəsmi rəqəmlə özünün elan etdiyi rəqəm arasında mübahisəyə yönəltdi. Amma Milli Şura cəmiyyətin aktual problemləri ilə bağlı mövqeyini ortaya qoymamasını, hər hansı bir proqram irəli sürməməsini, cəmiyyətin onun fəaliyyətinə maraq göstərməməsini diqqətdən kənarda saxlamağa çalışır. Qaldırdığı şüarlar uydurma və reallığı əks etdirməyən məsələlər idi. 10 milyonluq bir ölkənin kiçik bir qrupunun orada iştirakı Milli Şuranın dərnək kimi fəaliyyət göstərdiyini bir daha sübut elədi”.


YAP-çı deputat cəmiyyətin müxalifətin siyasətini dəstəkləmədiyini deyib.


“Prezident İlham Əliyevin apardığı siyasət ölkə problemlərini həll edir. Dövlət başçımızın yürütdüyü siyasət əhalinin sosial vəziyyətini yaxşılaşdırır, gündən-günə yeni iş yerləri açılır. Bu prezidentin sosial bazasının daha da genişlənməsinə səbəb olur. Bu gün milli şuralar Azərbaycan siyasətində yaradıcı, konstruktiv bir rol oynamadıqlarına görə onların keçirdikləri mitinq də sadəcə olaraq, statistika xarakteri daşıyır”, - deyə o bildirib.


“Onların mitinqi maraq dairəmə daxil deyil”


Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa mitinqi izləmədiyini deyib: “Onların mitinqi maraq dairəmə daxil deyil. Azərbaycanın ictimai-siyasi həyatında hadisə yaradacaq fəaliyyət görmədiyimə görə maraq dairəmə girməyib. Amma tutulan insanların həbsdən azad olunması ilə bağlı dinc aksiyaların keçirilməsinə münasibətim normaldır. İnsanlara Konstitusiyaya uyğun olaraq hüquq verilib. Amma mən üstünlüyü sosial şəbəkədə fəaliyyətə verirəm. Bu gün mitinqlərin effektli təsiredici gücünü görmürəm. İnsanlar inanırlar ki, bu yolla daha çox diqqət cəlb edirlər. Mənsə fikri internet vasitəsilə geniş auditoriya ilə paylaşmağın daha düzgün olduğunu düşünürəm”.


“Müxalifət 2015-ci il seçkilərini uduzduğunu indidən bütün cəmiyyətə bəyan etmiş olur”


Millət vəkili Zahid Oruc mitinqə niyə maraq olmaması haqda fikirlərini açıqlayıb.


“Bu gün Azərbaycanda müxalif qüvvələr orta təbəqədən, cəmiyyətin aparıcı sahibkarlar ordusundan tamamilə kənarda fəaliyyət göstərir. Yəni, hər hansı bir imkana malik insanların onların təşkil etdiyi tədbirlərdə zaman itirdiklərini görmək mümkün deyil. Hətta aksiyanın keçirildiyi məkanın yanından addımlayıb keçən insanlar da bir dalğa effekti kimi həmin tədbiri digər küçələrə ötürməkdə maraqlı deyillər. Müxalifətin hazırkı tədbirləri daha çox bu cəbhədəki münasibətləri aydınlaşdırmağa və o cinahda “öndə olan qüvvə kimdir” sualına cavab tapmağa xidmət edir.

Müxalif elita çox amansız seyrəlmələrə məruz qalıb. Elektoral baza yoxdur. Hətta onların dediyi kimi 7 minlik bir aksiyadırsa, bu, 4 milyona qədər əhalinin məskunlaşdığı Bakı şəhərində heç nədir, aktiv bir kəsimdə 7 min rəqəmi bir bələdiyyə üzvünün seçilməsinə belə yetməyəcək qədər kiçik bir qüvvə deməkdir. Bununla hakimiyyətə güc göstərmək, özünü cəmiyyət proseslərində hiss etdirmək, beynəlxalq aləmə mesaj vermək qeyri-mümkündür. Bu müxalifətin 2015-ci il seçkilərinə qədərki dövrdə özünə tərəfdar toplamaq planıdırsa, əks effekt doğurur. Hakimiyyət açıq şəkildə dünyaya göstərəcək ki, kim sərbəst toplaşmaq hüququnu reallaşdırmaq istəyirsə, ona meydan tanınır. Amma bütün müxalifət qüvvələri bir “Məhsul” stadionuna yerləşəcək qədər az bir tərəfdara malikdir. Eyni zamanda müxalifət 2015-ci il seçkilərini uduzduğunu indidən bütün cəmiyyətə bəyan etmiş olur” , - deyə millət vəkili bildirib.


“Sayı şişirdib özünü pis vəziyyətə salırsan”


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə mitinqdə Müsavata saymazyana münasibətə diqqət çəkib. Onun sözlərinə görə, bu siyasi etika baxımından doğru deyil: “Müsavat mitinqə problemin onlara yaxın olduğu üçün gedib. Milli Şuranın mitinqini təşkil edənlər onlara dəstək verən aparıcı partiya liderlərini salamlamağa borclu idi. Bu, siyası etikadır. Orada bunu nümayiş etdirməyiblər. Bu kimi məsələlər siyasi mədəniyyətlə əlaqədardır. Bizdə siyasi mədəniyyətin aşağı olduğunu etiraf etməliyik”.


S. Cəlaloğlu iştirakçı sayının o qədər də əhəmiyyətli hesab etməməsinə rəğmən, “mitinqdə 7 min adam iştirak edib” fikrini qəbul etmir. Onun fikrincə, bu, özünü aldatmaqdır.


“Sənin məqsədin say toplamaqdırsa, o zaman bu qədər kiçik sayla özünü biabır edirsən. Yox, məqsədin siyasi şüarının çatdırmaqdırsa, onda sayı şişirdib özünü pis vəziyyətə salırsan. Yəni hər iki halda bu şişirdilmiş rəqəmi dilə gətirmək özlərinə ziyandır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm