Ərdoğan Putinlə Azərbaycana görə mübahisə edib?
Bizi izləyin

Nida.az

Ərdoğan Putinlə Azərbaycana görə mübahisə edib?

Son günlər Qərb mediası pisləşən Ərdoğan-Putin münasibətlərindən yazır.

Konkret olaraq ingilisdilli “Runet” saytı iki ölkə liderinin telefonda mübahisə etdiyini iddia edib. İddiaya görə, mübahisəyə səbəb Suriya problemi, eləcə də Azərbaycan olub. Sayt Türkiyə liderinin Moskvanı Bakını sıxmaqda günahlandırdığını yazıb.

Bu iddianın nə dərəcədə doğru olduğunu demək çətindir. Rusiyalı ekspertlərsə belə xəbərlərin daha çox Rusiya-Türkiyə münasibətlərinin pozulması məqsədi daşıdığını düşünürlər.

Bu, Qərbin təbliğatıdır, yoxsa...?

Publika.az xəbər verir ki, politoloq Vitali Arkov Qərbin Moskva və Ankaranın arasını vurmağa çalışdığını bildirib: “Rusiya prezidentinin Türkiyəyə səfəri nəzərdə tutulubsa, burda qalmaqallı nəsə yaratmaq lazımdır. Bunun da ən doğru yolu informasiya təbliğatıdır. Hərçənd Ankara ilə Moskva arasında münasibətlər normaldır. Hər iki ölkənin dünyadakı problemlərə ortaq baxışı var. Təbii ki, bir çox ölkələr kimi Türkiyə və Rusiya arasında müəyyən fikir ayrılığı olan məqamlar var. Bu, xüsusilə Suriyaya münasibətlə bağlıdır. Türkiyənin regionda liderliyinə iddia edən Ərdoğan əsas rəqib hesab etdiyi Suriya və İranın zəifləməsində maraqlıdır. Daha əvvəl İraq da bu sıraya daxil idi. Amma Səddamın devrilməsindən sonra bu ölkə uzun müddət özünə gəlməyəcək. Suriya və İran isə hazırda rəqibdir. Buna paralel olaraq Qətərlə Səudiyyə Ərəbistanı da var. Amma Türkiyə hələlik onlarla gücünü sınamağa hazır deyil. Əsədin devrilməsi üçünsə yaxşı şərait yaranıb”.

“Ankara Tehran qazını Avropaya daşımaqda maraqlıdır”

Arkov Türkiyənin İranla əməkdaşlıq etməsinə baxmayaraq Tehranın regional liderliyinin Ankaraya sərf etmədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Cənubi Avropaya İran qazının nəql edilməsində öz ərazisini tranzit olaraq açmağa hazırdır: “Tehran buna ürəkdən razı olmasa da, sanksiyalardan zəifləmiş iqtisadiyyatı dirçəltmək üçün bu, ona da lazımdır. Əgər sanksiyalar qalxacaqsa, Tehranın tonu dəyişəcək. Ankarada bunu yaxşı anlayırlar”.

Qeyd edək ki, bu gün Bakıya rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhaninin Azərbaycan dövlət başçısı ilə görüşündə əsas müzakirə mövzularından birinin bu məsələ olacağı gözlənilir. Gələcəkdə İran qazının Azərbaycandan Türkiyəyə, oradan da Avropaya uzanan “Cənub qaz dəhlizi”nə qoşula biləcəyi ehtimal olunur.

Rusiya Türkiyə-Azərbaycan münasibətlərindən narahatdırmı?

Rusiyalı politoloq Türkiyə-Azərbaycan münasibətlərində Rusiyanın maraqlarına toxunan ciddi məsələnin olmadığını hesab edir.

“Regionda liderliyə iddialı Türkiyə ilə əməkdaşlıq Azərbaycana çox sərfəlidir. İki ölkənin münasibətləri bərabər səviyyədədir. Ötən əsrin 90-cı illərində müstəqilliyini əldə edən Azərbaycan Ermənistanla müharibədə Türkiyənin dəstəyini gördü. Bakıda heç nəyi unutmurlar. Amma bu gün Türkiyə, Azərbaycan və Rusiya öz maraqları çərçivəsində münasibətləri qurur”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm