• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Yeni rəhbərlik cəza metodlarına başlayıb” - Qubad İbadoğlu Divanın bəyanatını şərh etdi

  • Nida.az
  • 12 Noyabr 2014 14:35
  • 213 Baxış
“Yeni rəhbərlik cəza metodlarına başlayıb” - Qubad İbadoğlu Divanın bəyanatını şərh etdi

“Müsavatın yeni rəhbərliyinin əsas fəaliyyəti partiyanın gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib. Divanın yaydığı bəyanat və iki nüfuzlu müsavatçının azad şəkildə ifadə etdikləri fikirlərinə görə izahat almaq tipli dəvət olunması bunun sübutudur”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat Divanının yaydığını bəyanata münasibət bildirərkən deyib.


Qeyd edək ki, Müsavat Divanı dünən toplantı keçirərək Səxavət Əlisoy və Əlövsət Talışxanlının partiyaya dəvət edilməsi qərarını qəbul edib. Ardınca bəyanat qəbul edən Divan qurultayın nəticələrini tanımayanları bölücülükdə və partiya maraqlarına zərbə vurmaqda ittiham edib.


Q. İbadoğlu bunu azad sözə qarşı repressiya kimi qiymətləndirib. Onun sözlərinə görə, yeni rəhbərlik əksəriyyətdən ibarət olan və partiyanın gələcəyini düşünən narazıların aktiv fəaliyyətində qorxuya düşüb: “Ona görə də hər vəchlə fəaliyyətimizin qarşısını almağa çalışır, öz legitimliklərini qəbul etdirmək istəyirlər. Amma bizim Müsavatın, müsavatçılığın gələcəyindən narahat olduğumuzu anlamırlar. Bizim 8 noyabrda keçirdiyimiz toplantı onlara bir siqnal oldu. Bu həm də Müsavatda baş verənlərdən narahat olanların tam əksəriyyət olduğunu göstərirdi. Bu sıra hər keçən gün daha da genişlənir, rayon təşkilatları da artıq baş verənlərin fərqinə varırlar. Lakin yeni rəhbərlik hər şeyi düzəltmək əvəzinə, daha pis formada dağıdır. Bu da ümumi partiya marağına ziddir. Onlar hər şeyin dialoq yolu və nizamnamə çərçivəsində həll etməyin mümkünlüyünü anlamalıdırlar. Təəssüf ki, bu günə qədər bunu anlamayıblar və atdıqları hər bir addım nizamnaməyə uyğun olmayıb. Bizim əsas istəyimiz hər şeyi nizamnamə çərçivəsində həll edilməsidir”.


Q. İbadoğlu hazırkı rəhbərliyin məqsədinin yalnız cəzalandırma olduğunu bildirib. Onun sözlərinə görə, bu səhv addımdır və partiyadaxili qarşıdurmanı körükləyir.


“Divanın bəyanatı müsavatçıların hüquqlarına qarşıdır. Onlar son vaxtlar bəyanat istehsalı ilə məşğul olur, rayon təşkilatlarının adından özlərinə dəstək bəyanatları səsləndirirlər. Bu bəyanatlardan hazırki rəhbərliyin səmimi olmadığını görürük. Onlar əvvəlcə qucaqlaşmaq təklifi edir, partiyanın birliyinə səsləyirlər. Amma real işə gələndə cəzalandırma metoduna üstünlük verirlər. Bu qeyri-səmimi mövqedir. Onları bu yanlış yollardan çəkinməyə çağırıram”, - deyə o, qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR