İrəvan Bakını müharibəyə sürükləyə bilər – “DQR” oyunu nəyə xidmət edir?
Bizi izləyin

Nida.az

İrəvan Bakını müharibəyə sürükləyə bilər – “DQR” oyunu nəyə xidmət edir?

Ermənistan parlamentinə növbəti dəfə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaqla bağlı qanun layihəsi qaldırıldı.

Lakin həmişə olduğu kimi, bu qanun layihəsi parlamentdən keçmədi.

Bu layihəni parlamentə 4 nəfərlik deputat qrupuna malik olan “İrs” partiyası təqdim edib. Bu partiya ilk dəfə belə bir qanun layihəsini 2009-cu ildə irəli sürmüşdü. O vaxtdan keçən 5 il ərzində “Daşnaksütyun” partiyasının da dəstəyi ilə zaman-zaman gündəmə gələn layihə parlamentdən keçməyib.

Dünyada “DQR”-in tanınması üçün təbliğat aparan İrəvanın özünü belə addım ata bilməsi diqqət çəkir.

Siyasətçilər İrəvanın bu “hoqqabaz” siyasi gedişlərini Publika.az-a şərh edib.

“Özləri özləri ilə oynayır, həm də Bakıda qıcıq yaradırlar”

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə İrəvanın bu addımını daxili siyasətə hesablanmış siyasi gediş kimi qiymətləndirib: “Bir tərəfdən, “DQR”-in müstəqilliyini dünyaya tanıtmaq üçün təbliğat aparırlar, digər tərəfdən özləri tanıya bilmir. Çünki Ermənistanın “DQR”-i tanıması beynəlxalq hüquq normalarına kobud şəkildə əməl etməməsini açıq şəkildə göstərəcək və Azərbaycan torpaqlarına təcavüz etdiklərinin öz dilləri ilə etirafı olacaq.

Bir növ özləri özləri ilə oynayır. Eyni zamanda, Azərbaycanda qıcıq yaradırlar. Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı ciddi qərarları olmayana qədər bu oyun davam edəcək. Lakin hər kəs bu oyunun yalan olduğun bilir. Çünki Ermənistan sülh danışıqlarında sadəcə imitasiya ilə məşğuldur”.

“Bu, Azərbaycanın müharibəyə başlaması deməkdir”

Milli Məclisin deputatı Fəzail Ağamalı İrəvanın “DQR”-i tanımasının sülh danışıqlarının bitməsi və müharibə variantının gündəmə gəlməsi olduğunu bildirib.

“Bu variant Azərbaycana torpaqlarının işğaldan azad etmək üçün müharibədən başqa yol buraxmır. Bunu Ermənistan yaxşı anlayır və müharibə variantının onlar üçün son olacağını bilirlər. Çünki Azərbaycan beynəlxalq sülhə hörmət edərək münaqişənin həllini sülh yolu ilə olmasına nə qədər razıdırsa, müharibə versiyasını da heç vaxt unutmur. Öz ordusunu müasir texnikalarla gücləndirib. Ermənistan ordusu isə bu ölkənin cəmiyyətinin günündərir. Buna görə də İrəvan bu riskli addım getməz. Sadəcə olaraq, onlar Azərbaycanı qıcıqlandırmaq, “biz bu addımı ata bilərik” mesajını vermək istəyirlər. Amma bir şeyi unutmamalıyıq. “DQR”-in Ermənistan tərəfində tanınması Azərbaycandan öncə beynəlxalq ictimaiyyətin sərt təpkisinə səbəb olacaq”, - deyə deputat bildirib.


“Ermənistan bunu sifarişlə gündəmə gətirir”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Ermənistan parlamentinin bu addımının sifarişlə atıldığını deyib. Onun fikrincə, sifariş Moskvadan gəlib: “Rusiya bununla Qərbə mesaj verir. Paris görüşü keçirildi və bunun fonunda Qərb münaqişənin həllinə çalışır. Qərbin istədiyi regionda sabitliyin olması və ərazi bütövlüyünün bərpasıdır. Çünki Avropanın burda daha çox iqtisadi maraqları var və bu müharibə bu maraqlara ziddir. Rusiya buna qarşı müəyyən manevrlər edir. Bu məsələnin parlamentdə yenidən gündəmə gəlməsi əslində qəbul edilmək məqsədi daşımırdı. Bununla Azərbaycana və münaqişənin həllində marağı olan Qərbə “hər şey mənim əlimdədir” mesajını verir”.


V. Quluzadə Ermənistan parlamentindəki müzakirə planına ciddi əhəmiyyət verməyə ehtiyac görmür: “Müzakirə keçirsinlər, lap qondarma rejimi tanısınlar. Bu, heç nəyi dəyişmir, təzə vəziyyət yaratmır. Rusiya Ermənistanın adı ilə torpaqlarımızı işğal edib. Amma bu işğal Ermənistana bədbəxtçilikdən başqa bir şey verməyib. Faktiki olaraq Rusiya Ermənistanı bədbəxt edib”.


Politoloq hesab edir ki, Moskva 2015-ci ilin əvvəllərində Azərbaycanı Gömrük İttifaqına qoşmaq, bu alınmasa, heç olmasa öz təsirinə almaq istəyir.


“Qərblə Rusiyanın qarşıdurması uzun çəkəcək. Bu müddətdə Rusiyaya özünü sığortalamaq lazımdır. Bunun üçün Azərbaycanda təsir imkanlarının genişləndirmək vacib məsələdir”, - deyə o bildirib.


“İrəvan rejimi ölkədə ictimai rəyi sakitləşdirmək üçün buna gedir”


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə “İrs” fraksiyasının qondarma rejimin tanınması məsələsində xüsusi canfəşanlıq etməsinə diqqət çəkib: “Bu fraksiya son 5-6 il ərzində bir neçə dəfə buna cəhd edib. Ermənistan parlamenti hər dəfə bu məsələ ətrafında səs-küy, ajiotaj yaradır. Sonda isə ya səsverməyə çıxarmır, ya da gündəliyə daxil etmir. Bu məsələni gündəmə gətirməkdə ermənilərin bir neçə məqsədi var. Onlar həm beynəlxalq təşkilatlara, həm də Azərbaycana “DQR”i tanıya biləcəklərini göstərirlər. Bununla özlərinin guya sülh danışıqlarına sadiq olduqlarını və danışıqların pozulmaması üçün bu addımı atmadıqlarını nümayiş etdirirlər. Digər tərəfdən, hakimiyyət daha çox ölkə daxilində ictimai rəyi sakitləşdirmək və nəzarətdə saxlamaq, başqa sözlə desək, daxildəki problemlərini həll etmək üçün bu məsələni gündəmə gətirir. Rəsmi İrəvanın ən azı bu gün Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq planı yoxdur. Çünki hakimiyyət və parlamentin deputatları çox gözəl başa düşürlər ki, hazırkı status-kvo onları qane edir. Yəni, Dağlıq Qarabağ qondarma da olsa de-fakto müstəqil bir qurum kimi fəaliyyət göstərir və bu qurum beynəlxalq təşkilatlar üçün getdikcə daha çox adiləşir. Beynəlxalq təşkilatlar bu qurumu reallıq kimi qəbul edirlər. Bu, indiki məqamda Ermənistanın maraqlarına cavab verir. Ermənilər bu istiqamətdə hər hansı addım atarlarsa, onları qane edən status-kvo dərhal dəyişəcək. Əgər onlar Dağlıq Qarabağdakı qondarma qurumu tanısalar, o zaman Azərbaycandakı ictimai rəyin təzyiqi ilə hökumət hansısa radikal addımlar ata bilər və Azərbaycan müharibəyə başlamaq da daxil olmaqla, ata biləcəyi radikal addımlarında haqlı olacaq. Ermənistan tərəfi bu addımı atmaqla ən azı Azərbaycana ciddi təsir vasitəsi verə biləcəyini də anlayır”.


QAT sədri Ermənistanın siyasi cəhətdən müstəqil olmamasına da diqqət çəkərən burda Rusiya amilini önə çəkir.


“Ermənistanın asılı olduğu Rusiya hələlik belə bir addımın atılmasını istəmir. Əgər Rusiya sabah Ermənistana belə bir addım atmağın lazım olduğunu desə, o zaman rəsmi İrəvan bu addımı atacaq. Rusiya isə bu gün həmin addımın atılması ilə regionda vəziyyətin gərginləşməsini, Azərbaycanın radikal mövqeyə keçməsini, Türkiyənin fəallaşmasını istəmir. Rusiyanın istəmədiyi üçün də məsələni açıq saxlayırlar. Bu məsələdə Ermənistanın deyil, Rusiyanın mövqeyi həlledicidir”, - deyə A. Nağı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm