“Müsavatı iqtidar qarışdırır” iddiasına YAP-dan sərt cavab: “Saxtakarlığı biz demirik”
Bizi izləyin

Nida.az

“Müsavatı iqtidar qarışdırır” iddiasına YAP-dan sərt cavab: “Saxtakarlığı biz demirik”

Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, deputat Siyavuş Novruzov Müsavatda narazılıqların iqtidar tərəfindən yaradıldığı haqda iddialara cavab verib.

S. Novruzov Publika.az-a açıqlamasında bu iddiaları gülünc adlandırıb. Onun özlərinə görə, Müsavat öz daxilində münasibətləri aydınlaşdıra bilmədiyi halda bəhanəni hakimiyyətin üzərinə atır: “Bu, gülməli iddiadır. Qurultayın ədalətsiz keçirildiyini, başqanlıq seçkisində saxtakarlıq olduğunu biz demirik. Tənqidi fikirləri başqanlığa namizəd olmuş Qubad İbadoğlu və digərləri deyir. Müsavatın bərpasında iştirak edənlərin hər biri etiraz edərək partiya sıralarından çıxırlar. Nəsib Nəsibli Müsavatdan getdi, Gənclər Birliyinin sədri partiyanı tərk etdi. Bunun hakimiyyətə nə aidiyyəti var?”


S. Novruzov əlavə edib ki, Müsavatın qurultayında saxtakarlıq olub, bir sıra müsavatçılar isə bu ədalətsizliyi qəbul etmir. Onun sözlərinə görə, obyektiv və tam şəffaf şəkildə təkrar qurultay keçirilməlidir.


“O zaman Müsavat üzvlərinin kimə daha çox səs verəcəyi məlum olacaq. Müsavatın taleyi şübhə altındadır. Partiyada yenidən qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli seçim olmalı, sonradan strukturlar formalaşmalıdır, əks halda Müsavat daxilində ikinci, üçüncü partiyalar yaranacaq. Bu partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə başlayacaq. Vəziyyət o həddə çatıb ki, azad fikir və söz deyənləri Müsavat qərargahından didərgin salırlar, onları partiyadan çıxarmaqla hədələyirlər. Seçkinin saxta keçirildiyi ilə əlaqədar irəli sürülən fikirlərə Müsavat rəhbərliyindən heç kəs münasibət bildirmir. Başqanın iki qardaşından başqa Müsavat rəhbərliyində təmsil olunan kimsə deyilənlərə cavab vermir. Müsavat Partiyasının qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşdüyü göz qabağındadır”, - deyə S. Novruzov qeyd edib.


Qeyd edək ki, Müsavat Divanının bəyanatında VIII qurultaydan sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərdiyi vurğulanır.


“Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır”, - deyə Müsavat baş verənlərdə iqtidarın da əlinin olduğunu iddia edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm