Partiyadan çıxarılan müsavatçıdan şok açıqlama: “Mənə Qubad bəyi satmaq təklif olunmuşdu”
Bizi izləyin

Nida.az

Partiyadan çıxarılan müsavatçıdan şok açıqlama: “Mənə Qubad bəyi satmaq təklif olunmuşdu”

“Müsavatdan çıxarılmağım sırf Qubad İbadoğlunun tərəfdarı olmağımla bağlıdır”.


Bunu Publika.az-a açıqlamasında dünən Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiya sıralarından xaric edilən Kamil Xəlilbəyli deyib.


Qeyd edək ki, MNTK dünən daxil olan şikayət ərizələrini müzakirə edərək Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib. MNTK partiyanın nüfuzuna xələl gətirən, partiyanın ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətlə bağlı partiya üzvlərinə xəbərdarlıq edib.

“Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiyanın VIII Qurultayının qərarlarını tanımamaq, Müsavat Partiyasının müvafiq strukturlarının qərarlarına tabe olmamaq, partiya Nizamnaməsində nəzərdə tutulmayan fraksiya və başqa adda paralel strukturlar yaratmaq cəhdlərinin təşkilatçılarını bu addımlardan çəkinməyə çağırır. MNTK bu fəaliyyəti davam etdirən partiya üzvləri haqqında Nizamnamə çərçivəsində müvafiq qərarların qəbul edilə biləcəyi bəradə xəbərdarlıq edir”, - deyə sənəddə bildirilir.


Lakin K. Xəlilbəyli MNTK-nın qərarını Qubad İbadoğluya qarşı atılan addım kimi qiymətləndirib: “Sözügedən şikayət mənimlə Könül Turanın arasında şəxsi yazışmalarla bağlıdır. Halbuki şəxsi yazışmalar məhkəmə qərarı olmadan ortaya çıxarıla bilməz. Bu Azərbaycan qanunvericiliyinə görə belədir. Eləcə də partiya nizamnaməsində şəxsi yazışmaların ortaya çıxarılması və fakt kimi istifadə edilməsinə dair heç bir müddəa yoxdur. Osman Kazımovun özü vaxtilə hüquqşünas kimi şəxsi yazışmaların şikayət əsası ola bilmədiyini dilə gətirmişdi”.


Onun sözlərinə görə, Arif Hacılının tərəfdarı Könül Turan onun elektron poçtuna yazaraq təhqir edib: “Məni söydü, mən də cavabını verdim. O, həmin yazışmanı MNTK-ya təqdim edərək məndən şikayət edib. Legitimliyini qəbul etmədiyim MNTK sədri Sevinc Hüseynova mənimlə telefon danışığında Könül Turanın şikayəti əsasında partiyadan uzaqlaşdırılacağımı bildirib. Amma yaydıqları bəyanatda partiya maraqlarına zidd hərəkətlərdən bəhs edilir”.


K. Xəlilbəyli Arif Hacılı qrupunun 10 gün öncə ona yanlarına çəkmək məqsədilə təklif göndərdiklərini bildirib.


“Valeh Hümmətoğlu vasitəsilə 10 gün öncə mənə təklif göndərmişdilər. Təklifə görə, mən “facebook”da fəaliyyətimi dondururam, onlar da məni müdafiə edirlər. Sonra da onların tərəfinə keçirəm. Amma mən bununla razılaşmadım və sosial şəbəkələrdə aktiv fəaliyyətimi davam etdirdim. Ona görə də məni partiyadan uzaqlaşdırdılar. Yəni Qubad İbadoğlunu satmadım. Mənim namizədim əvvəldən Qubad bəy olub. Şəxsən onu müdafiə etdiyim və ona hörmət etdiyim üçün mənə qarşı bu addım atıldı. Amma yenə qurultay keçirilsə, Qubad bəyə səs verərəm. İstəsəm məhkəməyə müraciət edərəm, yaxud partiyada məsələ qaldıraram, üzvlüyüm yenidən bərpa olunaram. Sadəcə olaraq, baş verənlər insanın ürəyini ağırıdır. Müsavatı məhv edirlər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm