Nida.az
Azərbaycan və İran prezidentləri Birgə Bəyannamə imzaladılar
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə İran Prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə imzalanıb.
Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və İran İslam Respublikasının Prezidenti (bundan sonra Tərəflər);
İkitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin
qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri
müzakirə edərək,
hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban
qonşuluq münasibətlərindən çıxış edərək;
20 may 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran
İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin
prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;
hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında
ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası
əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad
və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə
yardım edəcəyinə əminlik ifadə edərək;
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn
digər ümumtanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq
hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası
qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi
bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor
işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili
işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq
edərək;
Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli
əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan
xüsusi narahatlıqlarını ifadə edərək;
İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı
fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi,
ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin
dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd
edərək;
İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına
hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə
əminlik ifadə edərək;
aşağıdakıları bəyan etdilər:
Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;
Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı
maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif
səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;
Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib
hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında
əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm
qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini
vurğuladılar;
Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi
bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı
şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq
tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq
etdilər;
Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;
Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq,
dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və
ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq
edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının
nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi,
ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə
əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara
əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini
bir daha təsdiq etdilər;
Tərəflər beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini
əsas götürərək, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə və
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində
bütün ölkələrin, o cümlədən İran İslam Respublikasının nüvə
enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiklərini
bir daha təsdiq etdilər;
Tərəflər terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etdiklərini, tolerantlığa əsaslanan və multikulturalizm tarixi mirasları ilə mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, həmçinin islamafobiya, irqçilik, zorakılıq və digər separatçılıq meyillərinə və hallarına qarşı mübarizəni davam etdirmək istiqamətində qərarlı olduqlarını bir daha bəyan etdilər;
Tərəflər beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı Birləşmiş Millətlər Təşkilatının potensialından effektiv istifadənin vacibliyini qeyd etdilər;
Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin
qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı
mübarizədə ikitərəfli əsasda və BMT qurumlarında birgə fəaliyyətə
hazır olduqlarını bəyan etdilər;
Tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universal və regional
təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək
niyyətlərini bildirdilər;
Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının istiqamətverici mexanizmi kimi iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdilər;
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye,
energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində
qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər;
Tərəflər öz iqtisadiyyatlarının diversifikasiyası və onun yeni
texnoloji əsaslara keçirilməsi sahəsində prioritetlərini nəzərə
almaqla, bundan sonra da ikitərəfli iqtisadi, ticarət, investisiya,
elmi və texniki əlaqələrini inkişaf etdirəcəklər;
Tərəflər iki ölkə arasında nəqliyyat-kommunikasiya sahəsində
əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklər və öz
ərazilərindən tranzit daşımaların həyata keçirilməsi üçün əlverişli
şərait yaradacaqlar;
Tərəflər ölkələrində qarşılıqlı sərmayə qoyuluşunu və digər
ölkələrdə ortaq sərmayə qoyuluşunu təşviq edərək, bu istiqamətdə
təklif olunan layihələri araşdıracaq və razılaşdırılmış layihələrin
həyata keçirilməsi üçün zəruri addımlar atacaqlar;
Tərəflər iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı
əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji
layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklər.
Bu baxımdan Azərbaycan Respublikası Hökuməti və İran İslam
Respublikası Hökuməti arasında “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin
davam etdirilməsi və istismarı ilə bağlı Saziş layihəsinin tezliklə
imzalanmasının zəruriliyini bildirdilər;
Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” su elektrik
stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq
haqqında Saziş”in tezliklə qüvvəyə minməsinin vacibliyini qeyd
etdilər;
Tərəflər Araz çayının imkanlarından səmərəli istifadə etməklə iki
ölkə arasında qarşılıqlı maraqların qorunması və razılaşdırılması
əsasında Araz çayı üzərində transsərhəd əməkdaşlığın və yeni ortaq
layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar;
Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;
Tərəflər 2014-cü ilin sentyabr ayının 29-da Rusiya Federasiyasının
Həştərxan şəhərində baş tutmuş Xəzər Zirvə Toplantısının
nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər;
Tərəflər ətraf mühitin mühafizəsi, təbii və texnogen xarakterli
fövqəladə halların qarşısının alınması və onların nəticələrinin
aradan qaldırılması sahəsində əməkdaşlığı davam edəcəklər;
Tərəflər iki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəklər;
Tərəflər hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında
əlaqələrin gücləndirilməsinə yardım edəcəklər;
Tərəflər hazırkı Bəyannamənin iki ölkə arasında etimadın və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə etdilər.
Bu Birgə Bəyannamə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən
Ruhani arasında aparılmış danışıqların nəticəsi olaraq Bakı
şəhərində 12 noyabr 2014-cü il tarixində iki əsl nüsxədə,
Azərbaycan və fars dillərində qəbul edilmişdir.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub