İran rəsmisi: Azərbaycandan tranzit kimi istifadə etməkdə qərarlıyıq - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

İran rəsmisi: Azərbaycandan tranzit kimi istifadə etməkdə qərarlıyıq - MÜSAHİBƏ

İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Məhəmməd Nəhavəndianın Trend-ə eksklüziv müsahibəsi

- Azərbaycan və İran arasında əməkdaşlığın perspektivlərini necə dəyərləndirirsiniz?

- Sevindirici haldır ki, Azərbaycan və İran arasında mövcud ticarət əlaqələri inkişaf etdirilir. İki ölkənin uzun quru və su sərhədlərinə malik olması bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial yaradır. Hər iki ölkənin bu potensialdan istifadə etməsi lazımdır. Bunun üçün isə ilk növbədə, hər iki ölkə əməkdaşlıq üçün mövcud potensialları öyrənməlidir.

Bu gün Bakıda hər iki ölkənin prezidentlərinin iştirakı ilə biznes forum keçirilib. Dövlət başçılarının forumda iştirakı tədbirin önəmini göstərir. Biznes forum İran və Azərbaycan biznes nümayəndələrinin əməkdaşlığının genişləndirilməsi üçün fürsətdir. Tacirlər qarşılıqlı müzakirələr aparmalı və əməkdaşlıq sazişləri imzalamalıdırlar. Bu sazişlər həm ticarət, həm də qarşılıqlı investiya yatırılması sahəsində ola bilər.

İki ölkənin əməkdaşlığında ikinci məsələ ticari prosedurların sadələşdirilməsidir. İran və Azərbaycan gömrük tarifləri, yükdaşımalar, ixrac və idxal qaydaları sahəsində bir-birinə qarşılıqlı imtiyazlar verməlidirlər. Ticari prosedurların sadələşdirilməsi üçün iki ölkənin bankları arasında əlaqələr genişləndirilməlidir və banklar bir-biriləri ilə yaxından əməkdaşlıq etməlidirlər.

Sevindirici haldır ki, ötən il ərzində iki ölənin siyasi münasibətlərində daha çox inkişafa nail olunub. Azərbaycan və İran hazırda qeyd olunan sahələrdə əməkdaşlığı artırmaq üçün qətiyyətlidir. İki ölkə arasında imzalanmış, eləcə də hazırda imzalanması üçün danışıqlar aparılan bəzi digər sənədlər Azərbaycan və İran arasında ticari əlaqələrin inkişafı üçün zəmin yaradacaq. İki ölkənin bank sektorunun əlaqələrinin inkişafı məsələsini öncə də müzakirə etmişdik, bu gün də iki ölkənin Mərkəzi bank rəhbərlərinin görüşü keçiriləcək. Ümid edirik ki, Azərbaycan və İranın bank sektorunun birbaşa əməkdaşlığının qurulması ilə ölkələr arasında ticari əlaqələrin inkişafı üçün zəmin yaranacaq.

- Avropa ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün İran hansı tədbirləri görüb və nəticələr nədən ibarət olub?

- Biz İran və Avropa arasında idxal-ixrac əməliyyatları üçün tranzit yollardan biri kimi Azərbaycan ərazisindən istifadə etməkdə qərarlıyıq.

Prezidentlərin görüşündə müzakirə olunan mövzulardan biri də Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu vasitəsilə iki ölkənin dəmiryol şəbəkəsinin birləşdirilməsi məsələsi idi. Bu dəmir yolu Azərbaycan ərazisindən Avropaya kimi uzanacaq. Əlbəttə, bu layihəni reallaşdırmaq üçün böyük miqdarda investisiya yatırmaq lazımdır. Dəmir yolunun tikintisi iqtisadi baxımdan səmərəli olduğundan hazırda layihənin maliyyələşdirilməsi üçün bir neçə təklif irəli sürülüb. Biz bunu strateji layihələrdən biri hesab edirik və inanırıq ki, hər iki ölkənin səyləri nəticəsində layihə reallaşdırılacaq. Bu dəmir yolunun tikilməsinin Azərbaycan üçün böyük faydaları var. Bu, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində Azərbaycanın tranzit imkanlarını artıracaq. Eyni zamanda, layihə İran üçün böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu İranın Avropa ilə əlaqələrini inkişaf etdirməsi üçün alternativ seçim olacaq. İran hazırda bu məqsədlə avtomobil yollarından da istifadə edir. Biz yük maşınlarının hərəkətini asanlaşdırmaq və yolların dözümlülüyünü gücləndirməklə İran və Avropa arasında ticari əlaqələri artırmaq üçün Azərbaycan yollarından da istifadə edə, Azərbaycan və Gürcüstan istiqamətində tranziti gücləndirə bilərik. Bu barədə müzakirələr apardıq. Bu layihələr Azərbaycan və İranın birgə maliyyə vasaiti hesabına reallaşacaq. Ümid edirik ki, bu layihələrin həyata keçirilməsi ilə həm ikitərəfli, həm də regional ticari əlaqələr daha da inkişaf edəcək.

- Bu ilin ötən dövrü ərzində İranın neft-kimya məhsulları və qaz-kondensatı ixracı artıb, lakin qeyri-neft sektoru üzrə ixracatın həcmində o qədər də inkişaf qeydə alınmayıb. Qeyri-neft sektoru məhsullarının ixracının artırılması üçün hansı işlər görülür?

- Ötən bir il ərzində hökumətin gördüyü əsas işlərdən biri iqtisadiyyatda sabitlik yaratmaq idi. Uzunmüddətli ticarət proqramının hazırlanması üçün əsas şərtlərdən biri iqtisadiyyatın proqnozlaşdırılmasıdır. Digər məsələ tacirlərin valyuta məzənnələri, ticari əlaqələr, ölkənin qonşularla əməkdaşlıq siyasətinə etibar edə bilməsi və onun əsasında proqramlar hazırlamasıdır. Sevindirici haldır ki, biz İranda bunu edə bilmişik. Hazırda sahibkarlar layihələr üzərində iqtisadi dəyərləndirməni rahatlıqla aparırlar. Əlbəttə, hökumət ixracın stimullaşdırılması istiqamətində də işlər görüb. Biz hazırda ixracı dəstəkləmək məqsədilə bank kreditlərinin verilməsində ixracatçılara üstünlük veririk. Nazirlər Kabinetinin sonuncu iclasında ixracatçıları dəstəkləmək məqsədilə yeni qərarlar qəbul olundu. Bunlardan “Müqavimət iqtisadiyyatı” Koordinasiya Heyətinin İxracatın Zəmanət Fondunun gücləndirməsi və ixracatçılar üçün bank zəmanətlərinin verilməsini misal göstərə bilərəm. Hökumətin prioriteti istehsalı və ixracı dəstəkləməkdir. "İqtisadi tənəzzüldən çıxış" layihəsi və Nazirlər Kabinetinin qərarları bu sahədə yardımçı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm