Başqan müavini: “Aşığın sözü qurtaranda dalay-dalay deyir” – Cavab
Bizi izləyin

Nida.az

Başqan müavini: “Aşığın sözü qurtaranda dalay-dalay deyir” – Cavab

Müsavat Partiyasında başqanlıq seçkisindən 2 aya yaxın müddət keçsə də, təşkilatda üzvlər arasında ittihamlar səngimir.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları qurultayda ədalətsizliyin olduğunu bəyan edir və partiya daxilində fraksiya yaradılmasının qaçılmaz olduğunu söyləyirlər. Yeni başqan Arif Hacılı və komandası isə fraksiyanı nizamnamə pozuntusu olduğunu qeyd edir.

Başqan müavini Gülağa Aslanlı qarşı tərəfə müraciət edərək qayda pozuntusu barədə faktları təqdim etməyi təklif edib. O, faktı təqdim edən şəxsin iştirakı ilə narazı qaldığı məsələnin müzakirə edə biləcəklərini qeyd edib.

Müsavat başqanının sabiq müşaviri, başqanlıq yarışında namizədliyini Qubad İbadoğlunun xeyrinə götürmüş Səxavət Əlisoy özünün “Facebook” səhifəsində G. Aslanlıya iki fakt təqdim edib və bunlara cavab istəyib: “Hörmətli, Gülağa bəy, statuslarınızı, rəylərinizi izləyirəm. Fakt tələb edirsiniz, bu da sizə 2 fakt, lütfən, cavab verin:

1. Qurultaydan sonra Səbail rayonunda sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?

2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?”

Gülağa Aslanlı Publika.az-a açıqlamasında S. Əlisoya cavab verib. Başqan müavininin sözlərinə görə, S. Əlisoyun dediyi məsələlər qurultaydan sonra baş verənlər hadisələrdir: “Səbail rayonunda sədr seçkisi məsələsi çox operativ həll olundu. Bir ailədən iki nəfərin Məclis üzvü olduğu məlum olanda ailənin bir üzvünə məlumat verildi ki, bunu həyat yoldaşına da çatdır. Həyat yoldaşı isə ona hansısa məlumatın çatdırılmadığını bildirdi. Həmin gün nəticələr ləğv olunub. Nəticələr Məclisə çıxarılmadığı üçün məsələ ilə bağlı hansısa söz deyilməyib. Aşığın sözü qurtaranda dalay-dalay deməyə başlayır. Bunlar qurultaydan sonra olan hadisələrdir”.

Müsavatın Ağcabədi və Mingəçevir rayon təşkilatları adından yayılan bəyanatlara gəlincə, G. Aslanlı deyib ki, Ağcabədidə olan zona müşavirəsində rayon təşkilatının sədri bəyanatın razılaşdırıldığını bildirib: “Digər rayon təşkilatının sədr müavini isə deyir ki, razılaşmamışıq. Ona görə də bu məsələlərin guya böyük nizamnamə pozuntusu olduğunu iddia etmək özü də nizamnaməni bilməməyin nəticəsidir”.

Qeyd edək ki, partiya hazırda rayonlarda zona müşavirələri keçirir. Bir sıra rayon təşkilatları bəyanat yayaraq Müsavat Partiyasının VIII Qurultayı tam demokratik və nizamnaməyə uyğun keçirildiyini bildiriblər. Lakin Ağcabədi və Mingəçevir rayon təşkilatlarının nümayəndələri belə bir bəyanata imza atmadıqlarını söyləyiblər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm