Rasim Musabəyov: “Erməni helikopteri Azərbaycan səmasında nə qələt edirdi?”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Erməni helikopteri Azərbaycan səmasında nə qələt edirdi?”

“Ermənistan Paris görüşündən sonra Azərbaycan ərazilərində hərbi təlimlərə başlamaqla təxribatlara əl atdı və nəticədə cavabını aldı”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, politoloq Rasim Musabəyov Azərbaycan səmasından təxribat uçuşları yerinə yetirən erməni helikopterinin vurulmasını şərh edərkən deyib.


Onun sözlərinə görə, Ermənistan hərbi təlimlərlə Azərbaycana güc nümayiş etdirirdi: “Paris danışıqları oldu və müəyyən irəliləyişə ümidlər yarandı. Amma danışıqlarda irəliləyişin olması Ermənistanın xeyrinə deyil. Onlar hazırkı status-kvonun davam etməsində maraqlıdırlar. Buna görə də hər vəchlə danışıqlara mane olmağa çalışırlar. Son təlimlər, erməni helikopterlərinin Azərbaycan səmasında uçuşları məhz bu məqsəd daşıyırdı. Bunun arxasında Azərbaycanı təxribata çəkmək məqsədi dayanır. Azərbaycan da öz haqqı olaraq səmasında uçan düşmən ölkənin təyyarəsini zərərsizləşdirdi”.


R. Musabəyov helikopterin vurulmasına görə heç kimin Azərbaycanı ittiham etməyə haqqının çatmadığını bildirib.


“Buna görə hansısa ölkə, yaxud həmsədrlər Azərbaycana heç nə deyə bilməzlər. Həmsədrlər, eləcə də digər böyük ölkələr narahatlılıqlarını dilə gətirirlər. Əslində bu narahatlığı Ermənistan Azərbaycan ərazisində təxribat xarakterli təlimlər aparanda bildirməli idilər. Ermənistan təlimlərdə raket silahlarından tutmuş hərbi helikopterlərə qədər texnikanı sınaqdan keçirirdi. Helikopterin uçuşu da Azərbaycana hücumun imitasiyası idi. Amma heç kim zəmanət verə bilməzdi ki, onlar hücum etməyəcək, yaxud kəşfiyyat məlumatları toplamır. Helikopterləri havaya qaldıranda vurulma ehtimalını da düşünməli idilər. Azərbaycan tərəfi haqlı olaraq belə bir addım atdı. Digər tərəfdən, helikopterdəki 3 hərbçi erməni vətəndaşı idi. Azərbaycan səmasında nə qələt edirdilər? Əsas məsələ budur”, - deyə o vurğulayıb.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm