Müdafiə Nazirliyi: “Vurulan helikopter Ermənistan Hərbi Hava Qüvvələrinə məxsusdur”
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyi: “Vurulan helikopter Ermənistan Hərbi Hava Qüvvələrinə məxsusdur”

Ağdam rayonu istiqamətində mövqelərimizi atəşə tutarkən məhv edilən Mi-24 döyüş helikopteri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsusdur.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur: "Həmişə olduğu kimi, yenə də Ermənistan tərəfi riyakarlıqdan əl çəkmir və Mi-24 döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır. Halbuki məhv edilən Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir".

Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edirmiş.

Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Beynəlxalq qanunlara zidd olaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə mövqerlərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub.

Azərbaycan Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən, işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən bütün razilaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm