Ziyafət Əsgərov: “Təxribatlar təkrarlansa, Ermənistan yenə cavabını alacaq”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Təxribatlar təkrarlansa, Ermənistan yenə cavabını alacaq”

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ötən gün təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirib.

Birinci vitse-spiker Z.Əsgərov Publika.az-a eksklüziv açıqlamasında Ermənistan tərəfinin bu cür təxribatçı hərəkətlərinin ilk dəfə olmadığını deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi prezidentlərinin yüksək səviyyədə keçirilən görüşləri ərəfəsində və yaxud görüşdən sonra hər zaman bu cür təxribatlara əl atır: “Bu, bizim üçün yenilik deyil. Bu, artıq sübut olunmuş ssenaridir. Prezidentlərin Parisdə keçirilən görüşündən sonra Ermənistan növbəti dəfə təxribata əl atdı. Çox təəssüf ki, Ermənistan tərəfi öz təxribatçılıq cəhdlərindən əl çəkmir. Azərbaycan ərazilərinin 20 faizdən artıq hissəsini işğal etmiş Ermənistan ölkə daxilində baş verən ictimai-siyasi və sosial-iqtisadi narazılığı erməni xalqının diqqətindən yayındırmaq üçün bu cür təxribatlara əl atır. Əksər beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi və Avropa Şurası müvafiq qətnamələr qəbul ediblər. Həmin sənədlərdə birmənalı şəkildə göstərilir ki, Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon Azərbaycan ərazisinin tərkib hissəsidir. Buna görə də Ermənistan silahlı qüvvələri dərhal bu əraziləri tərk etməlidir. Çox təəssüf ki, Ermənistan indiyədək beynəlxalq hüququn bu tələblərinə əməl etmir. Ermənistan hakimiyyəti Azərbaycan ərazilərində bu cür təxribatları törətməklə hesab edir ki, yenə də beynəlxalq ictimaiyyəti aldadacaq, erməni əhalisinin diqqətini sosial problemlərdən yayındıracaq və nəticə etibarilə bu cür təxribatları yenə də davam etdirəcək. Ancaq bu qəti mümkün deyil və Ermənistanın bu cür siyasətinin yaxşı sonu yoxdur. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu cür siyasətlə həm beynəlxalq ictimaiyyəti, həm də öz xalqını aldadır. Ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus olan hərbi helikopterin təmas xəttini keçərkən vurulması da onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən regionun ən güclü ordusudur və silahlı qüvvələrimizdə döyüş hazırlığı ən yüksək səviyyədədir. Azərbaycan ordusu bundan sonra da ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq. Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. Ona görə də bu cür təxribatlar təkrar olunarsa, Ermənistan yenə də cavabını alacaq. Dünya birliyinə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinə sual vermək istəyirəm: Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, Ağdam Ermənistan ərazisi deyil. Belə olan halda siz nə üçün Serj Sarkisyandan soruşmusunuzmu ki, sənə aid olmayan ərazidə niyə hərbi təlimlər keçirirsən və sənin hərbi helikopterin orada nə edir? Digər sualım ondan ibarətdir ki, Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş digər ərazilərin hava məkanı Azərbaycan tərəfindən qanunsuz uçuşlar üçün bağlandığı halda, o zaman siz nə üçün bu təxribatlara əl atırsınız?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm