Nida.az
Bakı-Tehran yaxınlaşması regiona nə vəd edir? - TƏHLİL
İran prezidenti Həsən Ruhaninin Bakı səfəri maraqlı məqamlarla yadda qaldı. Tərəflərin münasibətləri müsbət məcraya daşımaq və əməkdaşlığı genişləndirmək kontekstindən yanaşdığı bu səfər bir sıra mühüm sənədlərin imzalanması ilə müşahidə olundu. Dövlət başçıları bundan sonrakı münasibətlər və əməkdaşlıqla bağlı birgə bəyannamə imzaladı.
Uzun fasilədən sonra İran prezidentinin Bakı səfəri dünyanın diqqətində idi. Həsən Ruhani öz doğum günündə Azərbaycana gəlmişdi və bunun arxasında Bakıya xüsusi müsbət jestin olduğu görünürdü.
66 yaşlı Ruhaninin Bakıda qeyd etdiyi doğum
günü
Ruhani doğum gününü xüsusi qeyd etmirdi. Əslində rəsmi səfər gələn
İran prezidentinin Bakı səfərində iki ölkə münasibətləri və
regional məsələlərdə birgə əməkdaşlığın önəmi daha vacib idi. Lakin
Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarının doğum gününü
unutmadı və mətbuat qarşısında çıxışı zamanı Ruhani təbrik
etdi.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət
vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında Ruhaninin doğum
günündə Bakıya səfər etməsinin arxasında incə məqamların olduğunu
deyib. Onun sözlərinə görə, Azərbaycan və İran arasında keçmişdə
olmuş problemlər fonunda bu səfər diqqət çəkən idi: “Ruhani
Azərbaycana bununla xüsusi jest etdi. Bu jestin arxasında
Azərbaycanın önəmi və İranın bunu yaxşı dərk etdiyi dayanır. O,
Azərbaycana öz səmimi hörmətini nümayiş etdirdi. Azərbaycan və İran
tarix baxımından çox oxşardır. Bəzən münasibətlərdə kənar
müdaxilələr, gərginlik ola bilər. Lakin hər iki paytaxtda
münasibətlərin önəmini yaxşı anlayırlar. Ruhaninin bu səfərindən
sonra münasibətlərin daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid
edirəm”.
A. Mirzəzadə prezidentlərin görüşünü, imzalanan bəyannaməni, biznes
forumunun keçirilməsini önəmli hal olaraq qəbul edir. Onun
sözlərinə görə, iki yaxın ölkə müxtəlif səviyyələrdə bərabər
səviyyəli əməkdaşlığa önəm verir.
“Bu səfər bütün hallarda iki ölkə arasındakı münasibətləri
möhkəmləndirdi. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsində
İranın mövqeyi və Xəzəri statusunun həll edilməsindəki yanaşma bu
səfərdən sonra müsbətə doğru dəyişə bilər”, - deyə o bildirib.
“Bakı ilə yaxınlaşma Tehranın münaqişənin həllində
Azərbaycana yardım edə biləcəyi ehtimalını yüksəldir”
Zaman-zaman İranın Ermənistanla yaxın münasibətlər qurduğu haqda
informasiyalar yayılır və bunun mənzərəsi açıq şəkildə görünür.
Yerli politoloqlar İranın Dağlıq Qarabağ münaqişəsində Ermənistanın
işğalçılıq siyasətini davam etdirməsinə yardım etdiyini hesab
edirlər. Lakin Ruhaninin Bakı səfərində verdiyi Qarabağ açıqlaması
diqqətdən yayınmadı.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində ədalətli
şəkildə öz həllini tapmalıdır”, - deyə İran prezidenti
bildirdi.
Bunu İran prezidentinin diplomatik yanaşması da hesab etmək olar.
Lakin Azərbaycan və İranın yüksələn münasibətlərində belə bir
açıqlama müsbət qarşılanmalıdır. Tehran İrəvanla münasibətlərini
obyektiv və ya subyektiv səbəblərdən pozmaqda maraqlı olmaya bilər.
Amma münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinin
tərəfdarı olduqlarını dilə gətirməsi Ruhanidən Bakıya dəstək idi.
Çünki münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli
Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir və bunu bütün
dünya qəbul edib.
Rusiyanın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir
Sajin Rusiya mediasına Ruhaninin Bakı səfərini şərh edərkən İranın
Dağlıq Qarabağ münaqişəsində vasitəçi qismində rol almaq
niyyətlərindən danışıb: “Bakı ilə yaxınlaşma Tehranın münaqişənin
həllində Azərbaycana yardım edə biləcəyi ehtimalını yüksəldir”.
Rusiyalı şərqşünas eyni zamanda bir sıra problemlərin həllinə yaşıl
işıq yandırıldığını da düşünür.
“Azərbaycan və İran arasında münasibətlər yaxınlığı və səmimiliyi
ilə seçilməyib. Ortada bir sıra ideolji və siyasi əngəllər var idi.
Amma hər iki ölkə coğrafi və etnik baxımından tarixi yaxınlığa
malikdir. Bakı və Tehran arasında ümumi maraqlar mövcuddur. İran
prezidentinin Bakı səfəri ikitərəfli münasibətlərin inkişafında
vacib dövrü başladacaq. Son zamanlar hər iki ölkədə münasibətlərin
yaxşılaşması haqda danışılır. İki ölkənin iqtisadi və siyasi sahədə
əməkdaşlığı sərfəlidir. Digər tərəfdən Tehran Qafqaza diqqəti
artırıb. Bu həm Azərbaycana, həm də digər Cənubi Qafqaz ölkələrinə
aiddir. Geostrateji baxımdan bu təbiidir. Ruhaninin Bakı səfərinə
bu kontekstdən də yanaşmaq olar. Həmçinin, bu səfər iki ölkə
arasındakı fikir ayrılıqlarının aradan qalxmasına da təsirsiz
ötüşməyəcək. Xəzərdə Bakı ilə Tehranın maraqlarının toqquşduğu
məqamlar mövcuddur. Yüksək səviyyədə görüş bu məsələni ölü
nöqtəsindən tərpədə bilər. Amma ön planda iqtisadi və siyasi
əməkdaşlıq dayanır”, - deyə rusiyalı şərqşünas qeyd edib.
Avropaya gedən yol Bakıdan keçir
İran prezidentinin Bakıda verdiyi açıqlamalar arasında ən önəmli
məsələlərdən biri də Azərbaycanın Tehranın Avropaya çıxışında
tranzit ola bilməsi faktoru idi.
“Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə
yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman
dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər
körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz
vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran
vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar”.
İran prezidentinin uzun fasilədən sonra Bakıda səsləndirdiyi bu
fikir təsadüfi deyildi. Ukrayna böhranından sonra Avropanın enerji
təhlükəsizliyi sual altında düşüb. Bu prosesdə əsas oyunçu olan
Bakının “Cənub qaz dəhlizi”nə əlavə enerji mənbəyi lazımdır.
Türkmən qazının Xəzərin dibi ilə gətirilməsi planı mövcuddur, lakin
Rusiya faktoruna görə bunun reallaşmasına əngəllər var. Alternativ
mənbə kimi İran qazı nəzərdə tutulur. Xüsusilə Qərb-İran
münasibətlərinin yaxşılaşması fonunda bu mümkündür. Ruhaninin
Bakını Tehran üçün Avropa qapısı adlandırması da bu kontekstdə
təsadüfi deyil.
“Azərbaycanın İranla əlaqələrinin yenidən qurulması bizə
qazanc gətirəcək”
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət
vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Həsən
Ruhaninin İranın dünyadakı yeni bir imicini formalaşdırmaqda
olduğunu deyib: “Artıq nüvə qalmaqalı və sanksiyalarla bağlı
təsirlər də arxa plana keçib. Ən azından Barak Obamanın yazdığı
üçüncü məktub da onların İranla bir çox məsələlərin müzakirəsində
maraqlı olduqlarını göstərir. Bu da Azərbaycanın yeni statusda
çıxış etməyinə imkan verir. Azərbaycan iki cəbhə arasında ötürücü
naqil rolunu oynamağa başlayıb”.
Z. Oruca görə, Rusiya ilə yaranan problemlər fonunda Qərb İranla
bağlı tabularını aradan qaldıracaq.
“Bu da ilk olaraq bölgənin inkişafı üçün yeni iqtisadi imkanlar vəd
edir. İran qaz resurslarına malik ölkələrin ilk üçlüyündədir. Ona
olan ehtiyac artır. Sırf Rusiyanı cəzalandırmaq üçün İrana bu
imkanı tanıya bilərlər. Bunun fonunda Azərbaycanın İranla
əlaqələrinin yenidən qurulması bizə qazanc gətirəcək. Bunu Avropa
da arzulayır. Hadisələrin belə inkişafı Ermənistanı yenə iqtisadi
imkanlardan kənarda saxlaya bilər. Faktiki olaraq, bu istəklər var.
Avropaya da bəllidir ki, Qromıkonun qaz diplomatiyasını indi
“Qazprom” həyata keçirir. Avropanın 6 ölkəsi 100 faiz, 7-si 80 faiz
Rusiyadan enerji asılılığındadır. Aİ ilə Rusiyanın ticarət
dövriyyəsi isə 420 milyard dollardır. Onlar bu rəqəmi azaltmaqla
Rusiyanı çökdürmək istəyirlər. Buna görə də keçmişdə aralarında
problem olan dövlətlərlə münasibətləri yeniləyirlər. Amma İranla
Rusiyanın yeni enerji anlaşması imzalaması da unudulmamalıdır. İki
ölkə bu məsələdə bir-birinə qarşı manevr etməyəcəklərinə dair
razılığa gəliblər. İndi Türkiyənin, Türkmənistanın, İranın da cəlb
edilməsi bölgənin qazanılması uğrunda mübarizənin yeni bir
mərhələsidir. Azərbaycan TAP və TANAP-ı seçməklə Rusiya ilə
toqquşmaqdan yan keçdi. Rusiya-Ukrayna konfliktini bir il
qabaqladı. Əgər NABUCCO seçilsəydi, koalisiyanın önündə dayanan
Azərbaycan birbaşa Rusiyanın hədəfinə düşəcəkdi. Amma TAP
layihəsinin önündə Türkiyənin olması koalisiyanı daha güclü edir.
İranla Türkiyə isə son günlər ərəb dünyasına görə fikir ayrılığı
yaşamaqdadırlar. Buna görə də Azərbaycan çoxvektorlu siyasətdə öz
maraqlarını güdməlidir”, - deyə millət vəkili vurğulayıb.
Asif Nərimanlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO