• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Keçmiş silahdaşından Eldar Namazova ittiham: “Yenə gedənlər olacaq”- Müsahibə

  • Nida.az
  • 14 Noyabr 2014 17:45
  • 502 Baxış
Keçmiş silahdaşından Eldar Namazova ittiham: “Yenə gedənlər olacaq”- Müsahibə

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdən sonra “El” hərəkatından ayrılan Mehdibəy Səfərov Publika.az-a müsahibəsində hərəkatın sədri Eldar Namazovu bir sıra məsələlərdə ittiham edib.


- Hərəkatdan istefa verdiyiniz xəbəri yayıldı. Səbəbi nədir?


- İstefa verməmişəm. Sadəcə olaraq, artıq buraxılan “El”də yoxam. Eldar Namazov bir il yarım öncə qurultayın keçirilməsi ilə bağlı bütün strukturları buraxdı. Qurultayın keçirilməsi üçün Təşəbbüs qrupunun yaradılacağını bildirdi. Lakin özünü Təşəbbüs qrupunun sədri elan edən Eldar Namazov bu müddət ərzində qurultayın keçirilməsi ilə bağlı heç bir əməli addım atmadı. Hərəkat tam fəaliyyətsiz vəziyyətindədir. Biz də avtomatik olaraq buraxılmış hərəkatın tərkibində deyilik.


- Eldar Namazovun fəaliyyətsizliyi nə ilə bağlıdır?


- Bu daha çox seçkidən seçkiyə olan prosesdir. Eldar müəllimi yanaşmasına görə qınamıram. Çünki seçkidən seçkiyə 5 il müddətində bir təşkilatı ayaqda saxlamaq, yeni üzvlər gətirmək üçün böyük maddi vəsait tələb olunur. Reallıq baxımından, bəlkə də, bu, doğru addımdır. Mənim fikrimcə, fəaliyyətsizliyin səbəbi budur.


- Lakin siz bununla razılaşmaq istəmirsiniz.


- Mən Eldar müəllim kimi hərəkət etməyin tərəfdarı deyiləm. Hesab edirəm ki, siyasi təşkilat yalnız hakimiyyətə gəlmək, prezident seçilmək üçün deyil. Təşkilat ölkənin ictimai-siyasi həyatında aktiv olmalı, öz sözünü deməlidir. Əgər sözü olmasa, yalnız seçkidən-seçkiyə fəallaşırsa, bu nələrəsə hesablanmış addım olur. Bunları qəbul etmək mənim təbiətimə uyğun deyil.


- Eldar Namazovla bu məsələlər ətrafında hansısa müzakirə olubmu?


- Maraqlı olan da budur. Eldar müəllim hərəkatın əvvəlki sədri və Təşəbbüs qrupunun hazırki rəhbəri kimi bizimlə heç bir əlaqə yaratmır. Siyasi təşkilatın hərəkət mexanizmi, yaxud gələcək perspektivlərlə bağlı heç bir fəaliyyət, yaxud müzakirə yoxdur. Səhhətində ciddi problemlərin olduğunu və buna görə Avropada uzun müddətli müalicə aldığını deyir. Lakin müalicəsinin qurtardığını, özünü də Bakıda olduğunu eşitmişəm. Bakıda olsa da, bizimlə əlaqə saxlamır.


- “El”də qarşıdurmaların olduğu xəbərləri də var. Məlumatlara görə, sizinlə Eldəniz Quliyev Avropada Azərbaycanı istəməyən qüvvələrlə görüşmüşünüz. Buna görə də Köçəri Nağıbəyli sizi hərəkatdan uzaqlaşdırmağı tələb edib.


- Bu xəbərlərlə tanışam. Amma mən Avropaya heç bir ictimai-siyasi məsələ ilə bağlı səfər etməmişəm. Köçəri bəy sonradan özü bu məlumatı təkzib etdi. Ümumiyyətlə, mənim hərəkatdakı ziyalılara böyük hörmətim var.


- Yəni fikir ayrılığı yoxdur?


- Heç bir fikir ayrılığı yoxdur. sadəcə olaraq, fəaliyyətsizlik üzündən orda özümü görmürəm. İctimai təşkilat, heç olmasa, nələrəsə səy göstərməlidir. Hansısa təşkilatda formal olaraq qalmaq doğru deyil.


- Eldəniz Quliyevə yaxınlığı ilə seçilən Seyran bəy də hərəkatdan gedibmi?


- Seyran bəy uzun müddətdir xaricdədir. Eldəniz Quliyevin məhkəməsi başlayandan sonra o, xaricə köçdü.


- Sizcə, hərəkatdan istefa verənlər olacaqmı?


- Gedənlərin olacağını düşünürəm. Amma getsələr də, bunu ictimailəşdirməyəcəklər, yaxud xüsusi bəyanat verərək bu addımı atamayacaqlar.


- Bundan sonra siyasi fəaliyyət baxımından hansı addımlar atmağı düşünürsünüz?


- “El”də əsas Eldəniz Quliyevlə Eldar Namazov idi. Eldəniz müəllim artıq təşkilatdan ayrılıb. İndi Milli Şurada təmsil olunur. Amma mən Milli Şuradan istefa vermişəm. Mənim Eldəniz Quliyevin siyasi fikirlərinə böyük hörmətim var. Güman ki, gələcəkdə onunla birlikdə hərəkət edəcəyəm. Hansısa ictimai-siyasi təşkilatda birlikdə təmsil olunacağıq.

Bizim başqa bir fikrimiz də var. Gələcəkdə Azərbaycanda bütün regionların təmsil olunacağı yeni model təşkilat yaratmaq istəyirik. Amma bu, hələlik fikir olaraq var.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR