Müsavat daxilində “video qalmaqalı” - QARŞIDURMA
Bizi izləyin

Nida.az

Müsavat daxilində “video qalmaqalı” - QARŞIDURMA

Müsavat Partiyasında başqan Arif Hacılının qrupu ilə narazı tərəfin lideri Qubad İbadoğlunun tərəfdarları sosial şəbəkələrdə əsl qarşıdurma başlayıb.


“Qubad İbadoğlunun bütün fikirləri videoya çəkilsin”


Publika.az xəbər verir ki, buna səbəb Məclis üzvü Alya Yaqublunun “facebook”da başqan müavini Elman Fəttahın “İsa bəy qərarların qəbulu prosedurunu səs çoxluğundan konsensusa dəyişdirdi. Yəni bütün qərarlar hamının, xüsusilə də Qubad bəyin razılığı ilə qəbul edilib” fikirlərini paylaşması olub. “Bundan sonra Qubad İbadoğlunun fikir bildirdiyi bütün məqamları videoya çəkməyi təklif edirəm” açıqlamasını verən A.Yaqublu dolayısı yolla Q. İbadoğlunun yalan danışdığına işarə vurub.

Bundan sonra Q. İbadoğlunun da daxil olduğu “şərh savaşı” başlayıb.


“Əsas faciə Müsavat cameəsi daxilində bu cür yalanların bəzən ayaq tutub yeriməsi üçün şəraitin olmasındadır”


Müsavat Partiyasına yaxınlığı ilə seçilən Əhrar Partiyasının sədri, Arif Hacılının qardaşı Vaqif Hacıbəyli İbadoğlu və digərlərinin yalan danışdığını bildirib: “Lakin faciə təkcə bunda deyil. Əsas faciə Müsavat cameəsi daxilində bu cür yalanların bəzən ayaq tutub yeriməsi üçün şəraitin olmasındadır. Bu şəraitin yaranmasının əsas səbəbi də Müsavatın mənəviyyat simvolları kimi qəbul etdiyimiz bəzi simalarının özlərini üzdə olan bu həqiqətlərdən bixəbər kimi apararaq yaxşı halda susqunluq nümayiş etdirmələri, pis halda Müsavata qarşı iqtidar tərəfindən aparılan siyasətə dəstək vermələridir. İndi Müsavat ətrafında yaradılan bu situasiyada susmaq və mövqe bildirməmək hər bir vicdanlı adamdan məsuliyyət tələb edir. Mən adlar çəkmirəm. Lakin bəzi adamların bu gün guya siyasət aparıb özlərini bu situasiyanın fövqündəki kimi göstərmək cəhdləri də günümüzün acı reallığıdır. Xeyirlə şər, haqla nahaq, yalan və həqiqət üz üzə gələndə mövqesizlik, bitərəflik əslində mənəviyyatsızlıqdır”.


“Yalanları qəzetlərdə tirajlayanlar həqiqətin qarşısında heç 1 dəqiqə də duruş gətirə bilməyəcək”


Qubad İbadoğlu müzakirələrə qoşularaq məsələyə münasibət bildirib.


“Əziz və dəyərli müsavatçılar, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin bütün toplantılarının audio yazısı var. Təklif edirəm ki, hamımız yığışaq qərargaha və həmin diski dinləyək. Yaxud da audio yazı əsasında TK-nın iclaslarının stenoqramasını dərc edilsin. Onda bilinəcək ki, həqiqəti kim, yalanı kimlər müdafiə edir. İnanıram ki, o halda yalanları qəzetlərdə tirajlayanlar həqiqətin qarşısında heç 1 dəqiqə də duruş gətirə bilməyəcəklər. Onda o da bilinəcək ki, bu adamların vicdanları var, yoxsa yox. Çünki vicdan ağrıyan şeydir, vicdanı olanlar onu yaxşı bilir”, - deyə o, sərt danışıb.


Vaqif Hacıbəyli başqan müavini Elman Fəttahın bütün qərarların Q. İbadoğlunun iştirakı ilə qəbul edildiyi fikirlərini xatırladaq eyni fikirləri İsa Qəmbərin Məclisdəki çıxışında da dediyini bildirib.

Qeyd edək ki, E. Fəttah İbadoğluya təkliflərini açıqlaması ilə bağlı da müraciət etmişdi.

“Bu təklifi 23 avqust tarixində rəsmi olaraq “e-mail”lə Gülağa bəyə də göndərmişəm


Q. İbadoğlu məsələyə münasibət bildirərək təkliflərindən birini açıqlayıb: “Partiya başqanının sərəncamı ilə təyin olunmuş şəxslərin namizədlərin təbliğat-təşviqat kampaniyasında iştirakı qadağan olunur. Bu təklifi 23 avqust tarixində rəsmi olaraq “e-mail”lə Gülağa bəyə də göndərmişəm. Buyurun, münasibətinizi bildirin. Seçki zamanı inzibati resursların qarşısını almaq üçün irəli sürülən bu təklif beynəlxalq normalardan irəli gəlirdi. Nə üçün qəbul olunmadı?”


“Keçirilən seçkini ədalətsiz adlandırmaq ikiqat demaqogiyadır”


Vaqif Hacıbəyli isə Q. İbadoğluna beynəlxalq normaların fərqli olduğunu deyib. O, qarşı tərəfi demaqogiya ilə məşğul olmaqda ittiham edib.


“Müxalifətin seçki qanunvericiliyi üzrə hazırladığı və ictimai müzakirəyə təqdim etdiyi bir çox layihələrin əsas müəlliflərindən biri olmuşam. Bunu sonradan mənim bu barədə fikir söyləməyə siyasi və mənəvi haqqımın olmadığını deməməyiniz üçün qeyd edirəm. Bəzi ölkələrdə seçki komissiyaları funksiyalarını daxili işlər orqanları yerinə yetirir. Buna görə beynəlxalq təcrübədə inzibati resurslardan istifadə mövzusunda danışanda bir az ehtiyatlı olaq. MDB ölkələri üçün nəzərdə tutulan standartlar ATƏT-in Venesiya komissiyasında təsdiq olunub. Mən ATƏT-in DT və İHB-nun Bakı ofisi vasitəsi ilə bu prosesdə iştirak etmişəm. İnzibati resurs söhbəti dövlət qulluqçularına, büdcədən maliyyələşdirilən idarə və müəssisələrin işçilərinə aid ola bilər. Partiyada heç bir maaş almadan fəaliyyət göstərən şöbə müdirlərinin inzibati resurs kimi təqdim edilməsi demaqogiyadır. Digər tərəfdən, başqan tərəfindən təyin olunan müavinlər təbliğat prosesində Qubad İbadoğlunun yanında gəzərək onu təbliğ ediblər. Bundan sonra, keçirilən seçkini ədalətsiz adlandırmaq ikiqat demoqogiyadır. Qərarların konsensus yolu ilə qəbul edilməsi proseduru gözəldir. Lakin bu heç bir halda azlığın çoxluğa öz iradəsini diktə etməsi vasitəsinə çevrilə bilməz”, - deyə o, Q. İbadoğlunu ittiham edib.


“Qubad bəyin yerinə olsam, bu cavabdan sonra o bəhanələri fakt deyə ortaya atmazdım”


Alya Yaqublu isə V. Hacıbəylinə İbadoğluna verdiyi cavaba görə təşəkkür edib: “Təşəkkürlər, Vaqif bəy! Mən Qubad bəyin yerinə olsam, bu cavabdan sonra o bəhanələri daha heç vaxt fakt deyə ortaya atmazdım”.


Daha sonra o, Q. İbadoğluya müraciət edib.


“Qubad bəy, bu günə qədər sizin ittihamlarınıza qarşı gətirilən arqumentləri israrla “iqnor” edərək təkrar-təkrar Müsavata hücum eləməyinizin səbəbi nədir? O arqumentlərin ciddiliyini dərk və qəbul edə biləcək qədər ağıllı biri olduğunuza şübhəm yoxdur. Hesab edirəm ki, sizi bu duruma gətirib çıxaran səbəbin özü ilə mübarizə aparmanız daha məntiqli olardı”, - deyə o bildirib.


Qeyd edək ki, Arif Hacılının tərəfdarları ilə Qubad İbadoğlunu dəstəkləyənlər bu müzakirələrdə bir-birinə qarşı sərt ittihamlar irəli sürüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm