• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Sizə səs verənlər utanırlar” – Qubad İbadoğlu iqtidara işləyir? - Cavab

  • Nida.az
  • 15 Noyabr 2014 14:15
  • 406 Baxış
“Sizə səs verənlər utanırlar” – Qubad İbadoğlu iqtidara işləyir? - Cavab

Müsavat başqanının müavini Səxavət Soltanlı Qubad İbadoğlunu yenə hakimiyyətə işləməkdə ittiham edib.


Publika.az xəbər verir ki, Qubad İbadoğlunun “Seçkini azad və ədalətli keçirən siyasi qüvvənin ortaya çıxması çox önəmli bir hadisə ola bilərdi” açıqlamasına diqqət çəkərək belə bir qüvvənin ortaya çıxması hakimiyyəti və Müsavatı qəbul etməyən qüvvələri narahat edə biləcəyini deyib: “Qubad İbadoğlunun “Yeni Müsavata” verdiyi müsahibəni oxudum, dəhşətdir. Belə bir həqiqətdən uzaq müsahibəni Qubad İbadoğlu necə verə bilər? Axı gözümüzün qarşısında o proses baş verib. Belə bir qərəzi illərlə fəaliyyət göstərdiyi təşkilata və dostlara qarşı insan niyə göstərsin axı? Nədir məqsəd? Qurultaydan sonrakı dövrdə biri digərini izləməyən açıqlamaların kökündə nə dayanır? Mən kimisə harasa işləməkdə ittiham etməkdən uzağam. Amma əvvəlcədən risklər sırasına Müsavat Partiyası üçün müsbət tərəflərin çox olmaması, Müsavatı bu qurultayda zəiflətmək üçün hakimiyyətin ciddi addımlar atacağı da daxil idi. O zaman hakimiyyət necə hərəkətə keçib? Kimdir bu məsələdə hakimiyyətin maraqlarını təmsil edənlər? Müsavat Partiyasının azad və ədalətli, demokratik seçki keçirməklə seçkini azad və ədalətli keçirən siyasi qüvvə kimi ortaya çıxması çox önəmli bir hadisə olacaqdı. Əgər Qubad İbadoğlu və bir neçə tərəfdarı cığallıq etməsəydi, nümunəvi bir demokratik seçkiyə ləkə atmasaydılar! Əgər Qubad bəy və bir neçə şəxs qurultay gecəsi seçkinin nəticələrini tanıyıb, qalibi təbrik edib, səhərisi gün başqa fikir bildirməsəydi, qurultaysonrası ardıcıl olmayan mövqelər sərgiləməsəydilər, Müsavatın nümunəvi seçkisinə qarşı total kampaniya başladılmasaydı, azad və ədalətli seçki keçirən siyasi qüvvə mübahisəsiz Müsavat Partiyası olacaqdı. Əminliklə deyirəm, Qubad İbadoğlu və bir neçə tərəfdarının etdikləri Müsavat Partiyasına, müsavatçılara və Azərbaycan xalqına qarşı edilmiş ən böyük pislik kimi tarixə yazılacaq!”.


Ardınca başqan müavini sərt açıqlamalarını davam etdirib.


“Qubad bəy, sizə qurultayda səs verənlər belə sizə səs verdiklərinə görə utandıqlarını deyirlər. Siz nə tərəfdar-tərəfdar davası salmısınız?!

Qurultayın tam demokratik keçirilməsini isə istənilən şəxsə sübut etməyə hazıram. Siz də bu debata hazırsınızsa, buyurun. Buyurun bu məsələləri keçmiş QHTK üzvləri, istədiyiniz başqa QHTK üzvünü də dəvət edin, ictimaiyyət qarşısında açıq şəkildə danışaq, hər kəs həqiqətləri bilsin.
Bir dəfə belə imkanımızın olmasına baxmayaraq, arqumentləriniz olmadığı üçün kobud şəkildə müzakirədən qaçmışdınız. Hər kəsə hər şeyi bağışlamaq olar, amma, müzakirə mövzusu müsavatçılıqdırsa heç kimin yalanına göz yummaq olmaz”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavatda baş verən qalmaqalda iqtidarı günahlandırmaq halı birinci dəfə deyil.
Bundan öncə Müsavat Divanının yaydığı bəyanatda da baş verənlərdə iqtidarın barmağının olduğu iddiaları yer almışdı: “Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır”.


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında bu iddialara belə cavab verib.


“Müsavat öz daxilində münasibətləri aydınlaşdıra bilmədiyi halda bəhanəni hakimiyyətin üzərinə atır. Bu, gülməli iddiadır. Qurultayın ədalətsiz keçirildiyini, başqanlıq seçkisində saxtakarlıq olduğunu biz demirik. Tənqidi fikirləri başqanlığa namizəd olmuş Qubad İbadoğlu və digərləri deyir. Müsavatın bərpasında iştirak edənlərin hər biri etiraz edərək partiya sıralarından çıxırlar. Nəsib Nəsibli Müsavatdan getdi, Gənclər Birliyinin sədri partiyanı tərk etdi. Bunun hakimiyyətə nə aidiyyəti var? Müsavatın qurultayında saxtakarlıq olub, bir sıra müsavatçılar isə bu ədalətsizliyi qəbul etmir”, - deyə o bildirib.


YAP rəsmisi obyektiv və tam şəffaf şəkildə təkrar qurultayın keçirilməsinin vacibliyini vurğulayıb: “O zaman Müsavat üzvlərinin kimə daha çox səs verəcəyi məlum olacaq. Müsavatın taleyi şübhə altındadır. Partiyada yenidən qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli seçim olmalı, sonradan strukturlar formalaşmalıdır, əks halda Müsavat daxilində ikinci, üçüncü partiyalar yaranacaq. Bu partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə başlayacaq. Vəziyyət o həddə çatıb ki, azad fikir və söz deyənləri Müsavat qərargahından didərgin salırlar, onları partiyadan çıxarmaqla hədələyirlər. Seçkinin saxta keçirildiyi ilə əlaqədar irəli sürülən fikirlərə Müsavat rəhbərliyindən heç kəs münasibət bildirmir. Başqanın iki qardaşından başqa Müsavat rəhbərliyində təmsil olunan kimsə deyilənlərə cavab vermir. Müsavat Partiyasının qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşdüyü göz qabağındadır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR