• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qubad İbadoğlu Arif Hacılıya cavab verdi: “O heç vaxt səmimi olmayıb”

  • Nida.az
  • 15 Noyabr 2014 16:05
  • 360 Baxış
Qubad İbadoğlu Arif Hacılıya cavab verdi: “O heç vaxt səmimi olmayıb”

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm”


Müsavat Partiyası başqanı Arif Hacılı başqanlığa keçmiş namizəd, narazı qrupun lideri Qubad İbadoğlunu dəfələrlə görüşə dəvət etdiyini, qarşı tərəfin qəbul etmədiyini açıqlayıb.


Qubad İbadoğlu Arif Hacılının iddialarına cavab verib.


Publika.az-a açıqlamasında Q. İbadoğlu həqiqətən yeni başqanın onu görüşə dəvət etdiyini bildirib:

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm. Birinci təklif konkret zamanda görüş üzərində qurulduğundan, həmin vaxtda görüşmək imkanım olmadığından növbəti gün görüşmək üçün başqa alternativ irəli sürmüşəm. İkinci və üçüncü təkliflər gün ərzində olub, lakin həmin günlərin heç birində Bakıda olmamışam. Təklif olunan 7 noyabr tarixində Finlandiyada, 13 noyabr tarixində isə Salyan və Lənkəranda yas mərasimində olmuşam. Bununla yanaşı, mən noyabrın 8-də partiyanın mərkəzi qərargahında keçirilən görüşə başqanlığa keçmiş namizədlərin hamısını dəvət etmişəm. Lakin onlardan yalnız Səxavət Əlisoy toplantıya qatılıb. Tural Abbaslı başqa işi olduğuna görə iştirak edə bilməyəcəyini bildirdi. Arif Hacılı toplantı başlayanda qərargahda olsa da belə dəvətlə bağlı ondan heç bir rəy daxil olmayıb. Bütün bunlarla yanaşı Arif Hacılının belə açıqlamalarında səmimi olmadığını da qeyd etmək istəyirəm. O, bir tərəfdən qucaq açdığını bəyan edir, digər tərəfdən də cəza maşınının idarəçiliyi ilə məşğuldur və konkret şəxslərin cəzalandırılması ilə bağlı partiya strukturlarına sifarişlər verir. Son günlər ərzində Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov, Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəyli partiya sıralarından çıxarılandan sonra, dünən Sumqayıt təşkilatı keçmiş seçki məhbusu, fəal və fədakar müsavatçı Ənvər Əhmədə töhmət verib. Aparılan təhlillər və qiymətləndirmələr göstərir ki, indiyə qədər tətbiq olunan cəzalarla bağlı gətirilən əsasların heç biri nizamnamə norması ilə əsaslandırılmayıb. Növbədənkənar qurultayla bağlı nizamnamənin 4.1.-ci maddəsində norma olduğu halda, Ənvər bəyin qurultayın yenidən çağırılması üçün imzaların yığılmasına çağırış etməsinə görə cəzalandırılması bir daha göstərir ki, belə qərarlar sifarişlər əsasında və kobud nizamnamə pozuntusu ilə verilir”.


Q. İbadoğlu son qərarların cəzalandırılan partiya üzvlərinin yalnız partiyadaxili diskussiyalarda iştirakına və mövqeyinə görə olduğunu deyib.


“Bu partiyada tənqidlərə dözümsüzlüyün, tolerantlığın olmamasının göstəricidir, eləcə də insanların fundamental haqlarına və azadlıqlarına ziddir. Bu bir daha göstərir ki, hazırda partiyada daxili demokratiya, söz və ifadə azadlığının pozulması ilə bağlı təhlükəli tendensiya formalaşıb. Bunu dayandırmaq üçün partiyada qalaraq sonadək mübarizə aparmaq və hər bir müsavatçının hüququnu qorumaq əzmindəyik”, - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR