• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Milli Şura mahiyyətini itirib” - Leyla Əliyeva detallardan danışır

  • Nida.az
  • 10 Fevral 2014 11:52
  • 882 Baxış
“Milli Şura mahiyyətini itirib” - Leyla Əliyeva detallardan danışır


Milli Şuradan istefa verən politoloq Leyla Əliyeva Publika.Az –a müsahibəsində qurumla bağlı bir sıra detallara aydınlıq gətirdi.

-Milli Şuradan getdiniz, amma istefa vermədiyini deyirsiniz. Bunu necə başa düşək?

-Milli Şura artıq mahiyyətini itiribdir. Onun əsas mənası məhz iki partiya-AXCP və Müsavatın orda birləşməsi idi. İki partiya bir-birindən ayrılıb, indi hansı Milli Şuradan söhbət gedə bilər. Burdan istefa da verməz olmaz axı. Mən istefanı nədən verirəm, Milli Şura indi kimin təşkilatıdır? Artıq onun mənası itib.

“Qurumun iki ciddi problemi var idi...”

-Amma Müsavat getsə də, AXCP və Cəmil Həsənli qurumun daha da gücləndiyini iddia edirlər.

-Mən inanmıram ki, onun mahiyyəti hələ də qalıb. Çünki bu ölkədə əsas problem iki əsas qüvvələrin arasında birliyi olmamasıdır. Milli Şuranın əsas üstünlüyü və unikallığı ondan ibarət idi ki, birlikdə bu iki partiya və başqaları onun ətrafında cəmləşmişdilər. Bu qurumun iki ciddi problemi var idi. Birinci odur ki, üzvlərin seçilməsi prinsipi idi. Yəni üzvlər, partiyalar, müxtəlif hərəkatlar nəyin əsasında ora üzv olurlar, burda hansı kriteriyalar var. Legitimlik üçün ən azı hansısa seçki olmalı idi. İkinci çox vacib problem və qurumun zəifliyi ondan ibarətdir ki, orda siyasi qərar qəbul olunmasının mexanizmi zəif idi. Bu mexanizm konsensus idi. Amma orda qeyri-bərabər qüvvələr toplaşıb, hər birinə də eyni səlahiyyətlər verilib. Yəni bir nəfər hansısa ekspert qərarlara veto qoya bilərdi, yaxud səs verməməməklə təklifin keçməsinə mane ola bilərdi. Bir tərəfdə ciddi, təsir qüvvəsi geniş olan partiyalar, qurumlar, digər tərəfdə daha zəif iştirakçılar var. Milli Şuranın seçkidən də sonra yaşaması üçün bu iki problemi həll etmək lazım idi. Lakin əfsus ki, seçkidən sonra bu dəyişikliklər baş tutmadı. Ona görə Müsavat getdi, daha sonra da digərləri.

-Bu məsələdə tərəflər razılığa gələ bilmədi, yoxsa...?

-Mən ümumiyyətlə, bu məsələlərlə bağlı hansısa müzakirələr getdiyini, yaxud belə bir ideyanın qəbul olunduğunu bilmirəm. Mənim nöqteyi-nəzərimə görə, qurumun zəifliyi bu iki problemə görə idi. Bəlkə təsisçilər başqa cür düşünürdü, konsensus mexanizmində hansısa problem görmürdülər, bunu mən bilmirəm. Onu bilirəm ki, iki partiyanın birliyi pozuldu, bununla da Milli Şuranın əsas üstünlüyü yoxa çıxdı.

“Onlar arasında ideologiya və platforma əsasında rəqabət getsəydi, birləşə bilərdilər”

-Sizin fikrinizcə, bu iki partiya arasında ziddiyyətlər nədən yaranır?

-Bunu partiyaların platformaları və ideologiyalarının zəifləməsi ilə izah edirəm. Çünki iki partiya arasında bu müstəvidə hansısa fərqlilik yoxdur. Biri daha sağdır, nəinki o birisi. Bunu demək çətindir. Çünki orijinal proqramlarda onlar bir-birindən çox fərqlənmirlər. Sadəcə bir qədər sosial baza, lider və komandaları fərqlidir. Onlar arasında məzmun, mahiyyət, ideya əsasında müzakirələr yoxdur. Əsasən şəxsi maraqlar, liderlik, komada arasında gedən hansısa mübahisələr, müzakirələrdir. Yəni mənə elə gəlir ki, onlar arasında ideologiya və platforma əsasında ciddi şəkildə rəqabət getsəydi, onda ortaq fikrə gələ, birləşə bilərdilər.

“Orda olan maraq qrupları üstünlük təşkil edir”

-Milli Şuranın zəifləməsi, Müsavatın getməsi və bir sıra proseslərə səbəb kimi bəzən Cəmil Həsənlinin zəif siyasətçi olmasını göstərirlər.

-Mən razı deyiləm ki, Cəmil Həsənli zəif insandır. O, güclü insandır, sadəcə orda olan maraq qrupları üstünlük təşkil edir. Konsensus əsasında qurulmuş qəbul prinsipi ona gətirib çıxartdı ki, hansısa dəyişikliklər mümkün olmadı. Cəmil Həsənli əslində iki tərəfdən də razılaşdırılmış namizəd idi. O, özü üçün yaxşı nüfuz qazandı, siyasətçi kimi özünü göstərdi. Burda başqa məsələlər var.



-Amma bütün hallarda baş verənlər qaranlıq qalır və açıq suallar buraxır. Bu da doğru, yaxud yanlış ehtimallara yol açır.

-Azərbaycan çox mürəkkəb ölkədir. Onun mürəkkəbliyi siyasi palitrada da özünü göstərir. Burda neft və qaza görə güclü ölkələrin maraqları var. Ona görə də başqa ölkələrlə müqayisədə hər şey daha mürəkkəb keçir və bu, özünü siyasi qüvvələrin rəqabətində əks etdirir. Mən də açıq sualların qalmasına razı deyiləm, onlar daha açıq olmalıdırlar. Mehman Əliyev də prosesi gözəl təhlil etmişdi. Əslində Müsavatın Milli Şuradan çıxması təbii idi. Çünki Müsavat ötən il çalışırdı ki, vaxt itirilmədən seçkilərə hazırlaşmağa başlasınlar. Milli Şurada isə bunu ləngidirdilər. Müsavatın yerində kim olsa bunu edərdi, çünki bu partiya müstəqil qurum kimi seçkilərə daha ciddi hazırlıq görə bilərdi, nəinki Milli Şuranın tərkibində. Onlar çox gecikdilər və müxtəlif problemlər yarandı.

Leyla Əliyeva Müsavat gəlir?

-2015-ilin seçkiləri gəlir. Müxalif düşərgədə yeni birliklərin olacağı gözləniləndir?

-Yeni birliklər olsa da, yenə də eyni problem ortaya çıxacaq. Əgər əsas qüvvələr birlik yarada biləcəksə, yaxşı olacaq, olmasa yenə də problemlər yaşanacaq.

-Özünüz necə hansısa birlikdə təmsil olunacaqsınız?

-Bu çox şeydən asılıdır. Mühit və ehtiyac lazımdır. əsasən də ehtiyac. Ehtiyac olarsa qoşulacam, olmasa xeyr.

-Müsavat keçə bilərsiniz, çünki indi ən böyük ehtimal kimi bu görünür?

-Xeyr, ümumiyyətlə, siyasət məni maraqlandırmır. Mən ancaq siyasi təhlilçi kimi çalışıram. Əsas prinsipim ölkədə demokratiyanın inkişafıdır. Bunu təkcə siyasətlə deyil, vətəndaş institutları, və digər müxtəlif yollarla etmək olar. Əgər bu prosesdə mənim iştirakım olacaqsa razı olacam. Amma ümumiyyətlə siyasətdən uzaq qalmağa çalışıram.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR