MSK sədrinin müavini: “Seçki səhvlərini dövlətin siyasi iradəsi ilə bağlamaq doğru deyil”
Bizi izləyin

Nida.az

MSK sədrinin müavini: “Seçki səhvlərini dövlətin siyasi iradəsi ilə bağlamaq doğru deyil”

“Bəzən hardasa bir səhvə yol verilirsə, bunu dövlətin siyasi iradəsi ilə bağlayırlar”.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bələdiyyə seçkiləri keçiriləcək seçki dairələrinin dairə seçki komissiyalarının trenerləri üçün keçirilən treninqdə söyləyib.


N. Məmmədov seçki protokollarının səhv çatdırılmasını tənqid edib: “Dairə və məntəqədə seçki protokolu tərtib edən şəxsin qələmi 30-40 min seçicinin iradəsini mübahisə mövzusuna çevirə bilir. Bu, etinasızlıq, tənbəllikdən qaynaqlana bilər. O protokol müxtəlif subyektlərə müxtəlif cür çatdırılırsa, seçkidə iştirak edən qüvvələr bunu texniki səhv kimi qiymətləndirmir. Dövlətin siyasi iradəsi həmişə seçkilərin şəffaf keçirilməsi ilə bağlı olub. Biz ölkəmizə, xalqımıza layiq azad seçkilər keçirmək iradəsini ortaya qoymuşuq. Kimsə hardasa işinin öhdəsindən gələ bilmirsə, o səhvə ortaq ola bilmərik, o səhvlər aradan qaldırılmalıdır. Azərbaycan seçki təcrübəsinin inkişaf etdiyi ölkədir. Biz veb-kamera tətbiq etmişik, 50-55 min müşahidəçini seçkiləri müşahidə etməyə sərbəst buraxmışıq. Bu cəsarət hardandır? Bu, dövlətin siyasi iradəsi və seçki komissiyalarının fəaliyyətinin təkmilləşməsindən qaynaqlanan cəsarətdir. Bizim bu gün nəyəsə uyğunlaşmaq, müəyyən dəyərlər yaradıb onları ortaya qoymaq istiqamətində də iddiamız böyükdür”.


N. Məmmədli qeyd edib ki, seçki prosesinin bütün mərhələlərinin şəffaf keçməsi tək seçki komissiyasının üzvlərindən asılı deyil. Onun sözlərinə görə, seçkidə seçicilərin, seçkidə iştirak edən qüvvələrin sayı qədər subyektlər var.


“Seçki komissiyalarının üzvləri seçki günü özlərini məsuliyyətli şəxs kimi hiss etməyə borcludur. Demokratiya tarixinə malik olan xalqlarda seçki prosesi vərdiş, ənənə halına keçib. Azərbaycanda da elə adət-ənənələr var ki, bu sahədə qanuna belə ehtiyac yoxdur, bu adət-ənənələr müəyyən məsələləri tənzimləyir. Ancaq Azərbaycanla müqayisədə Qərb və daha inkişaf etmiş ölkələrdə seçki prosesi icra edilməsi baxımından yüksək səviyyədədir. Seçki prosesinin iştirakçıları maariflidirsə, seçki daha yüksək səviyyədə keçir. Pozuntusuz, ideal formada proses arzulamaq olar. Ancaq seçki prosesi böyük prosesdir, anlaşılmazlıqlar mümkündür. Əsas seçki prosesinin iştirakçılarının hüquq və vəzifələrini nizama salmaq, pozuntuları zamanında aradan qaldırmaqdır. Bu səlahiyyət seçki komissiyalarına məxsusdur. Biz seçki prosesinin demokratik keçdiyini müşahidəçilərə dedirtmək məcburiyyətindəyik. Seçki prosesini müşahidə etmək istəyən qüvvələr səhvsiz fəaliyyət göstərəcəyimizə inanaraq gəlmirlər. Seçkini müşahidə etməyə gələn qüvvələrin səhvlərimizi anlayışla qarşılamasını gözləməməliyik. İddia etdiyimiz münasibətə layiq olduğumuzu sübut etməliyik”, - deyə MSK sədrinin müavini vurğulayıb.

MSK sədrinin müavini son illər Azərbaycanda seçki praktikasının böyük uğurlar qazandığını bildirib: “Azərbaycanda seçki dairələri üzrə 250-yə qədər trener var. Trenerlər məntəqə seçki komissiyalarının maarifləndirilməsində önəmli rol oynayır. Tələb yüksəkdir. Tələb o qədər yüksəkdir ki, bizə səhv etmək şansı vermir. Biz sizin uğurlarınıza sevinir, uğursuzluqlarınıza ağlayırıq. Dövlətimiz, seçki prosesində iştirak edən qüvvələr bizə etibar edib”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm