Eldar Quliyev: “Müsəlmanı müsəlmanın əli ilə qırmaq istəyirlər” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Eldar Quliyev: “Müsəlmanı müsəlmanın əli ilə qırmaq istəyirlər” – MÜSAHİBƏ

Azərbaycan Kooperasiya Universitetinin rektoru, “Azərittifaq” İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Eldar Quliyevin Publika.az-a müsahibəsi:

- Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Bu cür məlumatlar nə qədər həqiqətə uyğundur?

- Bu cür söhbətlər boş və cəfəngiyatdır. Mən indiyədək Nardaranda İran bayrağı görməmişəm. Heç kəs də orada İranın bayrağının dalğalanması barədə fakt söyləyə bilməz. Ancaq Nardaranda qara rəngdə matəm bayrağı asılıb. Bu bayraq da hər zaman Nardaranda olub. Digər tərəfdən, Aşura günü İranın heç bir nümayəndəsi Nardaranda olmayıb. Ümumiyyətlə, Aşura günü orada heç bir təxribat olmayıb. Hər il olduğu kimi, bu il də Aşura günü insanlar məscidlərə gedib-gəliblər. İndi kimlərsə özündən yazır ki, guya Nardaranda İran bayrağı və nümayəndəsi olub və sairə. Bu cür məlumatlar doğru deyil. Mən hər zaman Nardaran camaatının vəziyyəti ilə maraqlanıram, burada nümayəndəm var. Aşura günü də köməkçim Nardaran məscidində və qəsəbədə olub. Dövlətimizin müvafiq orqanları və onların nümayəndələri də Aşura günü Nardaranda olublar. “Yeni Müsavat” qəzeti də Nardarandan reportaj hazırlamışdı. Bu qəzetin əməkdaşı Aşura günü gedib Nardaranda sakinlərdən müsahibə alıb yayıb. İran bizim qonşu dövlətimizdir. İranla yaxşı münasibətlərimiz var. Ancaq kimlərsə bizim qonşuluq münasibətlərini korlamağa çalışır. Hansısa təxribatçı qüvvələr Nardaran camaatını şərləmək istəyir. Ona görə də bu cür məlumatlar yayırlar. Bu gün Nardaranda, demək olar ki, problem qalmayıb. Vaxtilə qaz və işıq problemləri olsa da, indi onlar da həllini tapıb. Ona görə də bu gün kimlərsə İranın guya Nardaranda iş aparması barədə məlumatlar yayırsa, bütün bunların hamısı yalandır. Hamımız müsəlmanıq, dini adət-ənənələrimiz eynidir. Dinimiz birdir, İslam dinidir. Mən gözüm də bu regiondanam, atam-anam da buradandır. Babam və nənəm də Nardaranlıdır. Bizim 250 illik nəslimiz Nardarandadır. Ona görə də Nardaran mənə çox yaxındır. Çalışıram ki, burada yaşayan insanların problemlərinin həllində hər hansı köməyim olsun. Çox təəssüf ki, bəzi təxribatçı qüvvələr var və onlar Nardaranla bağlı təxribatçı məlumatlar yayırlar. Bu gün dünyada baş verənlərə baxın. İŞİD üzvləri hər gün nələr törədirlər. Bəs bu İŞİD tankı və digər hərbi texnikaları maliyyəni haradan alır? Müsəlman müsəlmana pul vermir ki, get müsəlmanı öldür. Hər halda, bunun arxasında hansısa islama aid olmayan qüvvələr dayanır. Bu gün bəzi qruplar var ki, müsəlmanı müsəlmana qırdırır. Bəlkə də, indi Nardaranda da təxribat salmaq istəyənlər eyni qruplardır. Onlar istəmir ki, Azərbaycanda sabitlik olsun, ölkə prezidenti doğru siyasət yürütsün və sairə. Bu gün Azərbaycan regionun lider dövlətidir. Ola bilsin ki, kimlərsə bütün bunları görmək istəmir və ona görə də təxribata əl atır. Allaha şükürlər olsun ki, İran prezidenti də bu yaxınlarda Azərbaycanda çox yüksək səviyyədə qarşılandı və bir neçə sənəd imzalandı. Ən yüksək səviyyədə görüşlər keçirildi. Fevral ayında bizim prezident İranda oldu, indi də İran prezidenti Bakıya gəldi. İran və Azərbaycan münasibətlərinin inkişafı üçün bundan böyük nə ola bilər?

- Sizcə, İŞİD-ə dəstək verən qüvvələr kimlərdir?

- Bilirsiniz, İŞİD Məhəmməd peyğəmbəri, Kəbəni, Qurani-Kərimi qəbul etmir. Bəs bunun harası müsəlman oldu? Məhəmməd peyğəmbəri, Kəbəni, Qurani-Kərimi qəbul etməyən adam müsəlman ola bilməz. Sözsüz ki, İŞİD ya Qərb, ya da digər din mərkəzləri tərəfindən idarə olunur. Axı necə olur ki, 2 milyard müsəlman əhalinin içərisində qəfil bir qrup peyda olur və bu qrup da İslam dinini qəbul etmir. Bu gün İŞİD-ə qarşı NATO hava əməliyyatları keçirir, ancaq İŞİD-in kökünü kəsə bilmir. Təbii ki, bu, məqsədli şəkildə edilir. Çünki Qərb istəyir ki, İŞİD-ə qarşı quru əməliyyatları başladılsın və bu əməliyyatlarda da Türkiyə yaxından iştirak etsin. Türkiyəni oyuna salmaq istəyirlər. Ancaq Türkiyə ağıllı siyasət yürütdüyü üçün bu oyuna getmir. Müsəlmanı müsəlmanın əli ilə qırmaq istəyirlər. Ümumiyyətlə, Qərbin müsəlmana qarşı ədalətli siyasəti ola bilməz. Baxın, 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal edib. Ancaq indiyədək bir dəfə də olsun ki, Qərb bununla bağlı səmərəli addım atmayıb. Bu gün “böyük dövlətlər”in öz maraqları mövcuddur. Bu dövlətlər üçün beynəlxalq hüququn tələbləri bəzən əhəmiyyətli hesab olunmur. Bu gün Qərb üçün Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalması, Qarabağdan qaçqın düşmüş insanların vəziyyəti maraqlı deyil. Mən çox beynəlxalq tədbirlərdə və səfərlərdə iştirak edirəm. Vaxtilə mən indi BMT-nin baş katibi olan Pan Gi Munla da şəxsən görüşmüşəm. O zaman Pan Gi Mun Koreyanın xarici işlər naziri idi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyraov şəxsən məni onunla tanış etdi. Çünki mən Azərbaycan-Koreya Parlamentlərarası Dostluq Qrupunun rəhbəriyəm. O vaxtı mən onlara Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə danışmışam və Pan Gi Mun da bizə söz verib ki, gələn dəfə bu məsələ qaldırılanda, biz də sizin lehinizə səs verəcəyik. Ancaq dəfələrlə Qarabağla bağlı məsələ beynəlxalq tribunalarda müzakirəyə çıxarılanda və səsvermə olanda, Koreya yenə də bitərəf qalır. İndi BMT-nin baş katibi həmin Pan Gi Mundur. Əgər BMT-nin baş katibi öz verdiyi sözə bu qədər əməl etmirsə, o zamandan ondan daha nə gözləyək? Yəni, BMT-nin mövqeyində heç bir dəyişiklik yoxdur. Bundan öncə də Qarabağla bağlı 4 qətnamə qəbul olunub, amma bunu icra edən yoxdur.

- Nədənsə həmin beynəlxalq təşkilatlar ötən həftə cəbhə xəttində ermənilərə məxsus hərbi vertolyotun vurulması hadisəsinə laqeyd qala bilmədilər və bununla bağlı bəyanatlar verdilər. Buna necə baxırsınız?

- O vertolyotu yaxşı vurduq. Onlar bizim ərazilərimizdə hərbi təlimlər keçirirdi. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də qeyd olunur ki, Ermənistan silahlı dəstələri qeydi-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır. Ancaq onlar yenə də beynəlxalq hüququnun tələblərinə əməl etmir. Nardaran əhalisinin də birmənalı olaraq mövqeyi odur ki, torpaqlar dərhal qaytarılmalıdır. Nardaran sakinləri də hər an Ali Baş Komandanın müharibə əmrinizi gözləyir. Ali Baş Komandan bu dəqiqə əmr etsə, hamımız döyüşməyə gedəcəyik. Bütün cavanlar da döyüşə getməyə can atırlar. Allah rəhmət etsin Mübariz İbrahimova, o kişi kimi gedib torpaqlarımızı işğal edən düşməndən intiqam aldı. Azərbaycanda gənclərin əksəriyyəti bu ruhda böyüyür. Son illər Azərbaycan ordusunda döyük əhvali-ruhiyyəsi qat-qat artıb. Bütün bunlar da ölkə prezidenti, cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm