• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Samir Şərifov: "Neftin qiyməti 60 dollara da düşsə, bizə təsir etməyəcək" - Yenilənir

  • Nida.az
  • 18 Noyabr 2014 14:22
  • 1 167 Baxış
Samir Şərifov: "Neftin qiyməti 60 dollara da düşsə, bizə təsir etməyəcək" - Yenilənir

“Bu gün bankların kapitallaşma səviyyəsi 18 faizdir. Onların 90 faizi Mərkəzi Bankın kapitalla bağlı qoyduğu tələbə cavab verir”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı söyləyib.

O deyib ki, sektorun likvidliyi 2 dəfə çoxdur. Buna görə də bankların faizləri aşağı salınmalıdır: “Bilirsiniz ki, həddən artıq borclanma problem yarada bilər. Bankların pul qazanmaq xatirinə belə bir yola addım atması onların stabilliyi itirməsinə səbəb olar. Bizim tədbirlərimiz nəticəsində bunun qarşısı alınır. AMB-nin səyi nəticəsində bu il istehlak kreditləri 2 dəfəyə qədər azalıb. Ötən il bu rəqəm 30% idi. Hazırda isə bu rəqəm 15 % civarındadır. 1995-ci ildə adambaşına düşən kreditin həcmi 27 dollar, əmanətin həcmi isə 2 dollar təşkil edib. Hazırda bu rəqəm müvafiq olaraq 2350 dollar və 939 dollardır”.

İpoteka kreditləşməsindən söz açan MB sədri qeyd edib ki, güzəştli ipoteka kreditləri dövlətin nəzarətində saxlanılacaq: “Kommersiya ipoteka kreditləri isə daha da liberallaşdırılacaq. İnidyə qədər 1 milyard manat ipoteka krediti verilib. Bunun 600 milyon manatı İpoteka Fondunun xətti ilə, 400 milyon dolları isə bankların öz vəsaitləri hesabına reallaşdırılıb. Kommersiya ipoteka kreditləri isə daha da liberallaşdırılacaq".

Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir.

AMB sədri banklara maliyyə yardımlarından da söz açıb. Bildirib ki, böhran illərində dünya dövlətləri bankların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına 8 trilyon dollar xərcləyib: “Azərbaycan dövləti isə banklara kiçik yardımlar etmişdi. Artıq o yardımlar geri qaytarılıb. Bir neçə zəif bankla fərdi iş aparacağıq. Bizim məqsədimiz əhalinin ziyan çəkməməsindən yanadır. Bununla bağlı işlər görürük”.

*******

Gələn il ölkə iqtisadiyyatına yatırılan investisiya 25 mlrd. ABŞ dolları keçəcək. Bunun 6,9 mlrd. dolları xarici investisiyaların payına düşəcək”

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib. Məlum olub ki, 2015-ci ildə neft sektoruna 7,4 mlrd. dollar həcmində investisiya yönəldiləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektorunun inkişafına yönəldiləcək: “Növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox investisiya yatırılacağı proqnozlaşdırılır.

İqtisadiyyatda dövlət investisiyaları vasitəsilə struktur potensialı qurulub, güclü sosial infrastruktur quruculuğu həyata keçirilib və bu davam edir. Bu siyasət gələn orta müddətdə də davam edəcək. Nəticədə sistem qeyri-neft sektorunun inkişafını təmin edən amillərin əsası olan insan kapitalının inkişafına, həm də infrastrukturun inkişafına nail ola biləcəyik. Bizim əsas infrastruktur layihələrimiz bu müddətdə bitəcək”.

Nazir müavini əlavə edib ki, 2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir.

2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsinin aşağı olacağını bildirən S. Həsənova deyib ki, Azərbaycanda makroiqtisadi birlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.

******

“Neftin qiymətində 60 dollara düşməsi ssenarisində belə heç bir problem yaşanmayacaq”.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2015-cil dövlət büdcəsinin müzakirəsi zamanı söyləyib.

Onun sözlərindən bəlli olub ki, hazırkı vəziyyətdə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı əsaslar azdır: “Yəni neftin qiymətinin proqnozlarımıza uyğun səviyyədə olacağı ehtimal olunur”.

Xatırladaq ki, 2015-ci il dövlət büdcəsində neftin qiyməti 90 dollar olaraq proqnozlaşdırılıb.

*****

“Neftin qiyməti 90 dollardan aşağı düşərsə, Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar ziyan vura bilər”.

Bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri deputat Ziyad Səmədzadə bildirib. O qeyd edib ki, dünya bazarlarında neftin qiyməti 75-80 dollar da ola bilər: “Neftin qiyməti 75 dollar olsa, biz 2-3 mlrd. dollar itirə bilərik. Amma bizim strateji valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötüb. Bu, 2-3 mlrd. dollarlıq zərəri ödəməyə imkan verir. Neftin qiyməti dünya siyasətindən asılıdır və bizim buna müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycan heç bir sosial proqramdan qıraqda qalmayacaq”.

2015-ci ilin büdcəsinə daxilolmalar 2003-2006-cı illərin büdcələrindən 1,4 dəfə çoxdur: “Dövlət büdcəsinin kəsiri 1-2 faiz olsa da, bu, problem yaratmayacaq. Ölkənin daxili imkanları kəsiri örtməyə imkan verir. Bu gün dünyanın müxtəlif yerlərində dövlətlərdə qeyri-sabitlik hökm sürür. Bu, həmin dövlətlərin rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində olub”.

O vurğulayıb ki, 2015-ci ildə ümumi daxili məhsulun artımı qeyri-neft sektoru hesabına təmin olunacaq: “Ümumi daxili məhsulun adambaşına düşən həcmi 8 min dollar olacaq. Bu da MDB məkanında Rusiya və Qazaxıstandan sonra Azərbaycanı üçüncü yerdə qərarlaşdırır”.

Ziyad Səmədzadə onu da deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. “Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.

*****

Cari ilin doqquz ayında ümumi daxili məhsul 2,3 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollara çatıb.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında büdcə müzakirələri zamanı spiker Oktay Əsədov bildirib. O qeyd edib ki, bütün maliyyə mənbələrindən 24 milyard dollar sərmayə yatırılıb. Növbəti ilin büdcəsindən söz açan O.Əsədov bildirib ki, 2015-ci il dövlət büdcəsi dünyada baş verən bütün proseslər və Azərbaycana mənfi təsirlər nəzərə alınaraq hazırlanıb: “Büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi, bazar prosesləri nəzərə alınaraq bu qərar verilib”. O.Əsədov həmçinin deyib ki, ilin sonunadək neft-qaz sahəsi istisna olmaqla, bütün sahələrdə artım müşahidə ediləcək.

******

Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsinə başlanıldı.

Publika.az xəbər verir ki, büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

Xatırladaq ki, 2015-ci ildə icmal büdcənin gəlirləri 20,2 milyard manat, xərcləri isə 25,9 milyard manat nəzərdə tutulub. İcmal büdcənin gəlirlərində 2014-cü ilin proqnozları ilə müqayisədə nə az, nə çox, 1,7 milyard manat və ya 7 faizdən çox azalma baş verəcək. Xərcləri isə 2014-cü ilin proqnozuna nisbətən 6 faiz artıb. Gələn il icmal büdcədə kəsir 5,1 milyard manat olmaqla, 2014-cü ilin proqnozunu iki dəfə üstələyir. Cari ilin proqnozunda bu rəqəm 2,4 milyard manat göstərilir. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7% təşkil edir.

İcmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə gəlincə, burada gəlirlər 19,43 milyard manat (5,7 faiz artım), xərcləri isə 21,1 milyard (5,2 faiz artım) manat proqnozlaşdırılır. Büdcə kəsirinin 1.6 milyard manat təşkil edəcəyi gözlənilir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR