“Sadvalçılar” arasında qarşıdurma: Qurbanovun həbsində “sui-qəsd” faktoru – Şok Detallar
Bizi izləyin

Nida.az

“Sadvalçılar” arasında qarşıdurma: Qurbanovun həbsində “sui-qəsd” faktoru – Şok Detallar

Vaxtilə Azərbaycana ərazi iddiaları ilə çıxış edən, sonradan müvəqqəti sakitləşən “Sadval” təşkilatının rəhbərliyində təmsil olunmuş şəxslər arasında qarşıdurma yaranıb.


Publika.az-a Dağıstandakı mənbələrdən daxil olan məlumata görə, “Sadval”ın yaradıcılarından olan Hacı Abdurrəhimovla təşkilatın digər yaradıcısı Feyzuddun Nağıyev arasında “Azərbaycana işləməklə” bağlı qarşıdurma başlayıb.

Hazırda Dağıstanda Alban İnstitutunun direktoru olan F. Nağıyev iki il öncə “Ləzgi xalq hərəkatı Sadval. Bərpa. İctimai fəaliyyət və siyasi vəziyyət” adlı xüsusi məqalə ilə çıxış edərək, H. Abdurrəhimovu Azərbaycana işləməkdə ittiham edib.

H. Abdurrəhimov isə öz növbəsində cavab olaraq kitab nəşr etdirib. “Loğva və tənqidçiyə cavab” adlanan kitab bu il Mahaçqalada nəşr olunub. 72 səhifəlik kitabın hansı nəşriyyatda tərtib olunduğu göstərilmir. Kitab Azərbaycan əleyhinədir. Lakin diqqətçəkən məqam kitabda F. Nağıyevə qarşı sərt ittihamların səslənməsi, onun vəzifəpərəst olduğu və Azərbaycan xüsusi xidmət orqanlarına işləməsi haqda yazılanlardır. Burdan görünür ki, Azərbaycana qarşı uzun illər mübarizə aparmış separatçılar daxildən çat verib.

Kitabın Dağıstanda geniş yayıldığı deyilir. Eyni zamanda, məhdud sayda olsa da, Azərbaycanın Şimal bölgəsində də bu kitabdan var.


Kitabda xüsusi diqqətçəkən məqamlardan biri hazırda Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyevlə bağlı faktlardır. İ. Yarəliyevin Dağıstan baş prokurorunun birinci müavini, daha sonra baş prokuror olmasında “Sadval”ın əməyi böyük olub. Təşkilat Yarəliyevin bu postda oturması üçün 1992-ci ildə Bakı-Rostov yolunu təzyiq vasitəsi olaraq bağlayıbmış.

İ. Yarəliyevlə bağlı daha bir fakt da diqqətdən yayınmır. 1990-cı illərin əvvəllərində “sadval”çıların qurultayında bütün sənədləri, qətnamələri Yarəliyev hazırlayıbmış.


Qurban Qurbanovu işində “sadval” barmağı: o, sui-qəsd hazırlayıbmış?


İ. Yarəliyev haqda ortaya çıxan faktlar hazırda həbsdə olan Dağıstan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Qurban Qurbanova qarşı aparılan kampaniyanın görünməyən tərəflərini açır. Ona qarşı qaldırılan cinayət işində iddia olunur ki, azərbaycanlı icra başçısı 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Lakin bu “cinayət işi”nin arxasında Dağıstanın ləzgi və avar klanlarının olduğu açıq şəkildə ortada idi. Son bir neçə ildə bu iki klan Qurbanovlara qarşı hücumu başlamışdı. Etnik klanlar hələ ötən il Qurban Qurbanovun qardaşı, Dağıstanın Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri olan Maqomed Qurbanovu Azərbaycanda ləzgilərin və avarların hüquqlarını kifayət qədər müdafiə etməməkdə, Azərbaycan hakimiyyətinin maraqlarına xidmət etməkdə ittiham edirdilər. Nəticədə 2013-cü ilin mart ayında M. Qurbanov geri çağırıldı.

Qurbanov qardaşları Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi, mərhum Səid Qurbanovun övladlarıdır və ailənin Bakı ilə münasibətləri hələ sovetlərin dönəmindən sıxlığı ilə seçilir.

Səid Qurbanovun ölümündən sonra onun oğulları Qurban və Maqomed Qurbanov atalarının yolunu davam etdirdilər. Onlar Bakı ilə münasibətlərini yüksək səviyyədə saxlayır, Azərbaycanın dövlət maraqlarını müdafiə etməkdən heç vaxt çəkinmirdilər. Bu isə Dağıstandakı etnik klanların heç də xoşuna gəlmirdi. Nəticədə, Maqomed Qurbanov “vuruldu”, eyni taleyi Qurban Qurbanov da yaşadı. Onun mətbuat konfransında “mənə qarşı aparılan kampaniya qardaşımın (Maqomed Qurbanov) vəzifədən çıxarılması prosesinin davamıdır” deməsi də kartları açır.

Dağıstan rəhbərliyi əvvəlcə onu istefaya çağırdı. Lakin Qurbanov “məni bu vəzifəyə xalq seçib, o da göndərə bilər” formasında cavab verdi. Səlahiyyət müddəti 2015-ci ildə bitirdi, amma rəhbərliyin planı başqa cür qurulmuşdu.


Ssenariyə görə, Qurbanov keçmiş ədliyyə naziri milliyyətcə tabasaranlı olan Azadi Rəhimovu özünə müavin təyin etməli, ardınca “səhhətindəki problemlərə” görə istefa verməli və gələnilki seçkilərə qədər onun vəzifəsini Rəhimov icra etməli idi. Dirəniş göstərdiyi üçün vəzifədən sui-istifadə maddəsi ilə həbs olundu.


Ona qarşı kampaniyada bir neçə şəxs yer alırdı.


Avanesov Aleksandr Ambarsumoviç: Ermənidir, Dərbənd şəhər icra hakimiyyəti başçısı aparatının rəhbəri vəzifəsini daşıyır. Şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri onunla razılaşdırılmış şəkildə həyata keçirir. Kremldə dayaqlara malikdir. Yerevanla sıx təmaslarda olur.


İmam Yarəliyev: Dərbənd şəhər icra hakimiyyətinin başçısıdır. Vaxtilə Dağıstanın baş prokuroru olub. Fəaliyyəti dövründə Azərbaycana qarşı açıq çıxışları ilə seçilib. Qurbanovları heç vaxt qəbul edə bilməyib. Onun məqsədi Qurban Qurbanovun yerinə keçməkdir.


Mübariz Mursalov: Milliyyətcə ləzgidir, Dərbənd şəhərində yaşayır. Məlumatlara görə, vaxtilə əks-kəşfiyyatçı kimi də fəaliyyət göstərib. Sovetlərin dövründə hərbi jurnalist kimi işləyən Mursalov ittifaq dağılandan sonra Moskvada “Lezginskiy vesti” qəzetini buraxaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib.


“Loğva və tənqidçiyə cavab” kitabında yer alan İ. Yarəliyevlə bağlı faktlar Dərbənddə Azərbaycanın “sonuncu mogikan”ının “vurulmasında” klanların rolunu açıq şəkildə ortaya qoyur.

Ən maraqlı detal isə kitabın müəllifi H. Abdurrəhimovun Q. Qurbanovla bağlı iddiasıdır. O, 2009-cu ildə ona qarşı təşkil olunan sui-qəsdin Qurban Qurbanov tərəfindən hazırlandığını iddia edir. Bu daha çox populist iddiadır. Lakin görünür, köhnə “sadvalçı” öz kinini unutmayıbmış, Qurbanovun həbsi ilə bir növ qisasını aldı.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm