Politoloq: “Xəzərdə Rusiya-İran-Türkmənistan üçbucağı yaranıb“
Bizi izləyin

Nida.az

Politoloq: “Xəzərdə Rusiya-İran-Türkmənistan üçbucağı yaranıb“

ABŞ-ın məşhur "Foreign Policy" jurnalı regional rəqəbətin gücləndiyi Xəzər dənizini "barıt çəlləyi" ilə müqayisə edib. Jurnal Xəzər regionundakı keçmiş SSRİ ölkələrinin sürətlə silahlanmasına diqqət çəkib:

"Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəniz sərhədləri hələ ki, həll olunmamış qalır. Mübahisəli sularda zəngin neft-qaz yataqları var və buna görə də Azərbaycan, Qazaxıstan və Türkmənistan öz yeni var-dövlətlərini qorumaq üçün pullar xərcləyirlər".

Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirli bildirib ki, "Foreign Policy" jurnalında dərc olunan yazı regiondakı real vəziyyəti əks etdirir.

Xəzər regionunda vəziyyətin kifayət qədər mürəkkəb olduğunu deyən politoloq qeyd edib ki, durum son dövrlər daha da pisləşib:

"2008-ci ildə Xəzərin statusu ilə bağlı Azərbaycan və Türkmənistan anlaşma əldə etmişdi. Lakin son vaxtlar Türkmənistan tərəfi bu məsələdə yenidən radikal mövqe tutmağa başlayıb və "Kəpəz" yatağına iddia irəli sürüb. Paralel olaraq İrandan Azərbaycan dəniz sərhədləri daxilində olan bir yataqla iddia səslənir.

Rusiya da Xəzərdə irimiqyaslı hərbi təlimlər keçir. Bu reallıqları nəzərə alsaq Xəzər regionunda çox ciddi münaqişə ocağının əlamətləri görünməkdədir. Hesab edirəm ki, Qərbin İrana təzyiqləri fonunda Xəzərdə suyu bulandırmaq tendensiyası müşahidə olunur".

Elman Nəsirli hesab edir ki, Rusiyanın bir sıra məsələlərdə mövqeyinin İranla üst-üstə düşməsinə baxmayaraq, rəsmi Tehran Moskvanın Xəzərdə güclənməsinin əleyhinədir:

"İranın nüvə məsələsində Rusiya və İranın mövqeyi yaxındır. Amma Xəzərdə Rusiyanın güclənməsi əslində İranın da milli maraqlarına uyğun deyil. Xəzərdə Rusiya və İran tərəfdaş dövlət hesab oluna bilməz".

Xəzər regionunda davranış baxımından qruplaşmaların da meydana gəldiyini deyən Elman Nəsirli bildirib ki, Rusiya, İran və Türkmənistanın mövqeyi daha yaxındır: "Faktiki olaraq Rusiya-İran-Türkmənistan üçbucağı yaranıb. Baxmayaraq ki, Türkmənistan özünü neytral dövlət elan edib, hesab edirəm ki, onun davranışları neytrallığa uyğun gəlmir".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm