• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arıf Hacılı: “Həbsxanada çalışırdım ki, heç kimə problem yaratmayım”

  • Nida.az
  • 25 İyun 2012 22:48
  • 216 Baxış
Arıf Hacılı: “Həbsxanada çalışırdım ki, heç kimə problem yaratmayım”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arıf Hacılı Publika.Az-ın suallarını cavablandırıb


-Həbsdən azad olunmağınız gözlənilməz olmadı ki?
-Çox gözlənilən idi. Açığı, həbs olunduğumuz ilk həftələrdən tezliklə azadlığa çıxacağımızı gözləyirdik. Amma həmin gün azadlığa çıxacağımızı gözləmirdik. Bu barədə mənə Penitensiar Xidmətin Mərkəzi Aparatında məlumat verdilər. Məni 16 saylı cəzaçəkmə müəssisəsindən həbsxana maşınında Penitensiar Xidmətin Mərkəzi Aparatına gətirdilər. Burada mənə azadlığa çıxmağım barədə fərmanın olduğunu bildirdilər və məni evimə gətirdilər. Bununla da mən həbsxana yoldaşlarımla vidalaşmaq, eyni zamanda qarşılanma imkanlarımdan məhrum oldum.

-Həbsxanada müxalifətçiyə münasibət fərqlidirmi?
-Məsələnin bu şəkildə qoyulmasını istəməzdim. Söhbət müxalifətçidən yox, insandan gedir. Həbsxana Azərbaycan cəmiyyətinin bir hissəsidir. Kim özünə cəmiyyətdə yer tuta bilirsə, yer qazana bilirsə, o, həbsxanada da yer tuta bilir. Kim cəmiyyətdə yer qazana bilmirsə, problemlərlə üzləşirsə, həbsxanada da eyni problemlərlə üzləşir. Əvvəla, mənə Azərbaycanda tanınmış, 50-dən çox yaşı olan şəxs kimi hörmət göstərirdilər. Mən də çalışırdım ki, davranışımla, rəftarımla kimin üçünsə problem yaratmayım. Bütövlükdə mənə olan münasibəti müsbət qiymətləndirirəm.

-Əfv sərəncamını necə qiymətləndirirsiniz?
-Mən bu addımı müsbət addım kimi qiymətləndirirəm. Düşünürəm ki, insanların azadlığa buraxılması istiqamətində addımların atılması müsbət haldır və bu addımların davam etdirilməsini arzu edirəm.

-İstirahət etməyi düşünürsünüzmü?
-Mən artıq siyasi fəaliyyətə başlamışam. Həbsxanadan azad olunduğum günün səhəri Əbülfəz Elçibəyin məzarını ziyarət etdim. Orada siyasi mövqeyimi açıqladım, Elçibəyin ruhu qarşısında hesabat verdim. Müsavat Partiyasının Məclisində iştirak etdim, bu gün Divanın toplantısında iştirak etmişəm. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri kimi öz vəzifəmin icrasına başlamışam. Hesab edirəm ki, xüsusi bir istirahətə ehtiyac yoxdur.

-Həbsdə olduğunuz müddətdə müxalifət düşərgəsində hansı dəyişikliklər olub və ümumi mənzərəni necə görürsünüz?
-Çox şey dəyişib. Nəyin necə dəyişdiyini müəyyənləşdirmək üçün mənə bir az vaxt lazımdır. Hazırda vəziyyəti öyrənməklə, məlumat toplamaqla məşğulam. Bu proses başa çatdıqdan, demokratik düşərgədə, cəmiyyətdəki vəziyyətin mahiyyəti barədə kifayət qədər məlumat əldə etdikdən sonra bu məsələlər barədə mövqeyimi açıqlayacam.

-Qəzetlərlə təmin olunurdunuzmu?
-Həbsxanada olduğum ilk dövrlər istisna olmaqla “Yeni Müsavat”, “Azadlıq”qəzetləri ilə mütəmadi olaraq tanış olmaq imkanım olub. Eyni zamanda Azərbaycanda FM dalğasında yayımlanan radio verilişlərinə qulaq asmaq imkanım var idi. Bu məsələ heç də asan həll olunmadı. Qəzetlərin mənə verilməsini həbsxana rəhbərliyindən xahiş etdim, onlar isə bu məsələnin Penitensiar Xidməti və Ədliyyə Nazirliyi səviyyəsində həll olunmasının vacibliyini diqqətimə çatdırdılar. Biz müəyyən müraciətlər etdikdən sonra Kürdəxanı həbsxanasında qəzetlərlə təmin olunduq. 16 saylı cəzaçəkmə müəssisəsində olduğum ilk dövrdə də bu məsələnin Penitensiar Xidməti və Ədliyyə Nazirliyi səviyyəsində həll olunmasının vacibliyini diqqətimə çatdırdılar. Məhz Penitensiar Xidmətlə bu məsələni razılaşdırdıqdan sonra qəzetlərin mütəmadi olaraq bizə verilməsinə nail oldum.

-Ümumiyyətlə, məhbusların qəzetlərlə təmin olunmasında vəziyyət necədir?
-Həbsxanalar mətbuata abunə yazılır. Həbsxanaya gətirilən qəzetlər sırasında “Azərbaycan”, “Respublika”, “İki Sahil”, “Səs”, “Ədalət”, “Şərq” və digər qəzetlər var. Vəkillərimiz və bizimlə görüşmək imkanı olan adamlar lazım olan qəzetləri gətirirdilər.

-“Müsavat”ın qurultayı gecikir və gecikmə səbəblərindən biri kimi sizin həbsdə olmağınız göstərilirdi...
-Mənim həbsxanada olmağım qurultayı ləngidən amillərdən biri idi. Hesab edirəm ki, birincisi deyil. Əvvəla ona görə, ki, mən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri kimi qurultaya hazırlıq üzrə işlərin daha sürətlə görülməsini təmin edə bilərdim. Mənim həbsxanada olmağım bunun qarşısını aldı. Sonrakı mərhələdə də bəzi dostlarım mənim iştirakımla qurultayın keçirilməsini vacib hesab etdikləri üçün qurultayın sürətlə keçirilməsi işində fəallıq göstərmirdilər. Bir daha qeyd edirəm ki, bu amil qurultayın ləngiməsində başlıca amil deyildi. Əsas səbəb Azərbaycan hakimiyyətinin Müsavat Partiyasının qurultayının keçirilməsi üçün müvafiq yeri ayırmaması ilə bağlıdır.

-Qurultayın Gürcüstanda keçirilmə variantına münasibətiniz necədir?
-Müsavat Partiyası qurultayının Bakıda keçirilmə imkanları tükənməyib. İstərdim ki, partiyanın növbəti qurultayı Azərbaycanın partaxtı Bakı şəhərində keçirilsin. Bu məsələ ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müəyyən açıqlamalar verib. Hətta “Kristal Zal”ın “Müsavat”ın qurultayının keçirilməsi üçün ayrılmasının mümkünlüyündən danışıb. Bu onu göstərir ki, hakimiyyət dairələri Müsavat Partiyası qurultayının Bakıda keçirilməsi üçün yer ayıra bilər. Biz bu məsələləri müzakirə edirik və Müsavat Partiyasının dünən keçirilən toplantısında da ən qısa müddətdə qurultayın keçirilməsi üçün konkret addımların atılması tapşırığı verilib. Tapşırığın icrası istiqamətində işlər davam edir.

-Qurultayın 2013-cü il prezident seçkilərindən sonra keçirilməsi mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilərmi?
- Müsavat Partiyasının nizamnaməsinə görə, qurultay 4 ildən bir keçirilməlidir. Bu müddət 2010-cu ildə başa çatıb və yalnız təşkilatı, texniki hazırlıqlarla bağlı olan problemlər üzündən, ikinci mərhələdə isə hakmiyyətin qurultayı keçirmək üçün müvafiq yer ayırmaması üzündən qurultayımız ləngiyib. Bir daha deyirəm ki, mümkün olan ən yaxın müddətdə Müsavat Partiyasının qurultayı keçiriləcək. Bu Müsavat Partiyası başqanı İsa Qəmbərin və Müsavat Ali Məclisinin iradəsidir.

-“Müsavat”ın növbəti başqanı olaraq ən çox sizin adınız çəkilir...
-Bu məsələ yalnız kiminsə iddiaları ilə bağlı deyil. Müstəqil, demokratik, firavan, bütöv Azərbaycan qurmağı hədəf götürmüş bir təşkilatıq və bu istiqamətdə fəaliyyət göstəririk. Bu məsələlərdə üzərimə hansı vəzifə qoyulacaqsa, həmin vəzifəni məmnuniyyətlə yerinə yetirəcəm. Mənim bu iş üçün sıravi olmağım zəruri hesab olunacaqsa, sıravi olacam. Əksinə, “Müsavat”ın başqanı olacağım zəruri hesab ediləcəksə, başqanlığa namizədliyimi irəli sürməyə hazıram.

-Müxalifət düşərgəsində ən çox müzakirə olunan məsələlərdən biri də prezident seçkisinə vahid namizədin müəyyən edilməsidir. Bu məsələnin hansı şəkildə həll edilməsinə tərəfdarsınız?
-Azərbaycan müxalifətinin əsas gücü İctimai Palatada birləşib və İctimai Palata vahid namizəd müəyyənləşdirəcəksə, bu elə müxalifətin vahid namizədi olacaq. İctimai Palatanın özünün vahid namizədinin müəyyənləşdirilməsi məsələsi müəyyən adamlara problematik görünür. Bu məsələnin indi müzakirəyə çıxarılmasına qarşı olan adamlar da var. Bu məsələdə mənim mövqeyim bir qədər fərqlidir. Əgər vahid namizədin müəyyənləşməsi məsələsində problem mövcuddursa, yaxud hansısa problemlər proqnozlaşdırılırsa, bu məsələlər sonraya, seçkilər ərəfəsi mərhələsinə saxlanılmamalıdır. Bu məsələ seçkilərə bir il qalmış, hətta bundan da əvvəl müəyyənləşdirilməlidir ki, həmin müzakirələrin yaratdığı fəsadlar seçkilərə kimi aradan qaldırılsın. Ancaq başqa cür düşünən insanlar da var. Seçki ərəfəsində ölkədə siyasi vəziyyətin dəyişəcəyi barədə fikirlər səslənir və bu da kifayət qədər realdır. Mən bu məsələnin seçkilər ərəfəsində həll edilməsinə təfərdar olanların fikirlərinə də hörmətlə yanaşıram.

Ömər Əmirov
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR