Arif Yunus: “İndi Qarabağda müharibə İrana faydalıdır“
Bizi izləyin

Nida.az

Arif Yunus: “İndi Qarabağda müharibə İrana faydalıdır“

Son günlər Qərbin siyasi analiz mərkəzləri, həmçinin müstəqil ekspertlər Dağlıq Qarabağda müharibə təhlükəsi ilə bağlı ardıcıl bəyanatlarla çıxış edirlər.

Beynəlxalq Böhran Qrupunun yaydığı hesabatda isə bildirilib ki, bu yaxınlarda Azərbaycanla Ermənistan arasında bir necə hərbçinin ölümü ilə nəticələnən insidentlər BP və onun tərəfdaşlarının enerji layihələrinə 35 milyard dollar sərmayə qoyduğu regionda total müharibəyə çevrilə bilər.

Konfliktoloq Arif Yunus Publika.Az-a açıqlamasında sözügedən bəyanatlarla razılaşmadığını bildirib. O, hesab edir ki, nəinki yaxın aylar, hətta yaxın bir neçə il ərzində irimiqyaslı hərbi əməliyyatların bərpasından söhbət gedə bilməz. Ekspert müharibənin yalnız mətbuatda aparıldığını söyləyib.

Qərbin siyasi analiz mərkəzləri, həmçinin müstəqil ekspertlərin müharibə xəbərdarlıqlarına gəlincə, Arif Yunus bunu İran məsələsi ilə izah edir:

"İranla bağlı gərginlik hamını narahat edir. Qərbi daha çox düşündürən odur ki, Dağlıq Qarabağda vəziyyətin qarışması İran məsələsinə necə təsir edər...

İran da öz növbəsində fikirləşir ki, ona qarşı hücum olsa Azərbaycandan olan təhlükəni necə aradan qaldırsın. Bunun üçün ən yaxşı variant Qarabağdır. Qarabağda müharibə İrana faydalıdır. Qərbdə səslənən müharibə bəyanatlar da məhz İranla bağlıdır. Qərb başa düşür ki, Dağlıq Qarabağda əməliyyatlar başlasa bu Qərbin İranla bağlı siyasətinə zərbə vuracaq".

Arif Yunus Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar Rusiya əleyhinə Qərbdə artan tənqidlərə də toxunub:

"Putinin siyasətinə Qərbin neqativ reaksiyası var. Rusiyanın həm İran, həm də Suriya ilə bağlı mövqeyi Qərbi razı salmır. Məgər Qərb indiyə kimi bilmirdi ki, Rusiya Ermənistana silah verir, Ermənistandakı hərbi bazası həm Azərbaycan, həm də Türkiyə üçün təhlükə törədir? NATO-nun hesabatlarında bunlar dəfələrlə qeyd edilib. Qərbin indiki tənqidləri də Rusiyanın Qərbdən kəskin fərqlənən yanaşmaları ilə bağlıdır".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm