• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Biz qardaşıq, problem dinc şəraitdə, danışıqlar yolu ilə həll olunmalıdır”

  • Nida.az
  • 24 İyun 2012 17:57
  • 225 Baxış
“Biz qardaşıq, problem dinc şəraitdə, danışıqlar yolu ilə həll olunmalıdır”

Tarixçi-professor, millət vəkili Musa Qasımlı Publika.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.


- Musa müəllim, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son insidentlərdən və iki ölkənin xarici işlər nazirlərinin iyunun 18-də Parisdə keçirilən görüşünün nəticəsiz başa çatmasından sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi yenidən gündəmə gəlib. Hətta, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov həmsədrlərin regiona çoxsaylı səfərlərinin xalq tərəfindən “turist səfərləri” adlandırıldığını bildirib...
- Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu davakar separatizm və Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həll etmək üçün yaradılıb. Artıq 20 ildən çox müddət bitib. Amma bu qurumun fəaliyyətində heç bir irəliləyiş yoxdur. Onların səfərləri həqiqətən də az qala turist gəzintilərinə bənzəyir. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən mənfi qarşılanır. Çünki bu qurum indiyədək mandatı çərçivəsində fəaliyyətində heç bir irəliləyişə nail olmayıb. Bir neçə dəfə müxtəlif təkliflər - “mərhələli həll”, “paket həll”, “ümumi dövlət” təklifləri irəli sürülüb. Bu təkliflər Ermənistan tərəfindən rədd edilib.Həmsədr ölkələr təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymalı, təcavüzkara öz yerini göstərməlidirlər. O zaman ədalətli həlldən söhbət gedə bilər. Təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyulması ədalətli yanaşma deyil.

- ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi münaqişəni BMT müstəvisinə daşımaqla bağlı təkliflərin yaranmasına səbəb olub. Sizcə, bu təkliflərin perspektivi varmı? BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan qurumun belə bir mandat alması üçün hərəkətə keçməlidirmi?
- Hər şeyi sıfırdan başlamaq zaman itkisidir. Bu, Azərbaycanın maraqlarına uyğun olmazdı. Digər tərəfdən Minsk Qrupunun həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Biz çalışmalıyıq ki, BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr yerinə yetirilsin. Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınır, işğal olunmuş ərailərdən işğalçı qüvvələrin çıxarılması tələb edilir.

- Bu günlərdə Bakıda Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Cənubi Tirol modelinin Cənubi Qafqazdakı münaqişələrə uyğunluğu mövzusunda beynəlxalq konfrans keçirildi. Necə düşünürsünüz: münaqişənin həllində hansı modelə üstünlük vermək Azərbaycan üçün daha məqsədəuyğundur?
- İtaliyadan gələn mütəxəssislərlə görüşdə mən də var idim. Amma bundan öncə qeyd edim ki, Cənubi Tirolla bağlı məsələni mən universitetdə tədris edirəm. Bu, 1919-cu ildə Sen-Jermen sülh müqaviləsi imzalanandan sonra İtaliyaya keçən ərazinin bir hissəsidir. Bir zamanlar Aland modeli haqqında fikir yürüdülürdü, sonra Tatarıstan təklifi səsləndi və cənab prezident İlham Əliyev ötən ilin iyununda “Euronews” televiziyasına müsahibəsində Dağlıq Qarabağa geniş muxtariyyət verilə biləcəyini dedi və misal olaraq Tirol modelinin adını çəkdi. Fikrimcə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uyğun bir model olardı. Amma hər halda hansı model olur olsun, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək statusu verməyə hazırdır. Bunu dövlət rəhbələrimiz dəfələrlə bəyan ediblər.

- Türkmənistanla Azərbaycan arasında yaranmış gərginliyə münasibətinizi bilmək istərdik...
- Bütün bu məsələlər Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməməsi, dənizin bölüşdürülməsinin başa çatmaması ilə bağlıdır. Türkmənistanla Azərbaycan arasında sərhəddə elə neft yataqları var ki, bir hissəsi Türkmənistan, digər hissəsi Azərbaycan tərəfdədir. Bu mübahisələr əvvəlki dövrlərdə də olub. Türkmənlər həmin yataqları “Sərdar”, azərbaycanlılar isə “Kəpəz” adlandırır. Azərbaycan yataqların işlənməsi ilə bağlı müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürüb. Bu barədə Rusiya ilə müəyyən razılaşmalar olmuşdu. Azəbaycan Türkmənistana da təkliflər verdi. Türkmənistanda hakimiyyət dəyişkənliyindən sonra dövlət başçıları bu yataqlarda işin aparılmaması barədə razılaşmışdılar.
Mənim fikrimcə, rəsmi Aşqabadın belə bir addım atması təkcə Türkmənistanın daxilindən gələn hərəkət deyil. Elə ölkələr var ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin gərginləşməsində maraqlıdırlar. Bunun üçün də müəyyən amillər axtarırlar. Bu amillərdən biri “Kəpəz” yatağıdır. Amma hesab edirəm ki, Azərbaycanla Türkmənistan bu məsələni qardaşcasına həll edəcək. Çünki bütün mübahisələrə baxmayaraqTürkmənistan bizə qardaş ölkədir. Türkmənlərlə biz qardaşıq. Aramızdakı bütün mübahisələr də sakit, dinc danışıqlar yolu ilə həll olunmalıdır. Buna qədər də bu mübahisələr dinc yolla həll olunub. Təbii ki, bundan sonra da mübahisələr ola bilər. Necə ki, hətta qardaşlar arasında da söz-söhbətlər olur.

- Azərbaycanla Türkmənistan arasında münasibətlərin gərginləşməsində hansı ölkələr maraqlı ola bilər?
- Bu ölkələr məlumdur. Həmin ölkələrin adlarını da çəkmək mümkündür. Ən azı Xəzərin hüquqi statusu məsələsi meydana çıxandan bəri Türkmənistanı Azərbaycanla üz-üzə qoyan ölkələrdən biri Rusiya, digəri İrandır.

- Bəs necə olur ki, türkmənlərlə Azərbaycan türklərinin eyni tarixi köklərə, eyni dil qrupuna malik olmasına baxmayaraq, rəsmi Aşqabad Rusiya və İranın dediyi ilə oturub-durur, Azərbaycana qarşı bu cür hərəkət edir? Türk dünyasındakı bu başıpozuqluğun səbəbi nədir?
- Şüarlarla heç bir birlik qurmaq mümkün deyil? Xarici siyasət şüarlar, emosiyalar əsasında qurulmaz. Xarici siyasət sırf milli maraqlara dayanar və hər hansı ölkənin öz milli marağından çıxış etməsi pis hal deyil. Ancaq bu milli maraq digər ölkələrin milli maraqlarına toxunmamalı, onlarla toqquşmamalıdır. Toxunursa belə, bu açıq münaqişəyə gətirməməli, dinc danışıqlar yolu ilə həll olunmalıdır.

- Sizcə bu münaqişə nə ilə nəticələnəcək?
- Hesab edirəm ki, Türkmənistan və Azərbaycan bu məsələni dinc yolla həll edəcək. Çünki başqa yol bizim xalqların maraqlarına uyğun deyil.

- Artıq iki ilə yaxındır ki, parlamentin deputatısınız. Bu müddət ərzində göstərmiş olduğunuz fəaliyyət özünüzü qane edirmi?
- Bilirsiniz ki, deputatın konkret səlahiyyətləri var. Mən də həmin səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirəm. Deputatın səlahiyyətlərindən biri qanunvericilik fəaliyyətidir. Mən bu istiqamətdə Milli Məclisdə çıxışlar edirəm, qanunların müzakirəsi zamanı öz təkliflərimi bildirirəm. İkicisi, yerlərdə seçicilərlə işin aparılmasıdır. Mən seçicilərimlə mütəmadi olaraq görüşürəm. Bu görüşlərin bəziləri mətbuatda işıqlandırılır, bəziləri işıqlandırılmır. Seçicilərimin mənimlə əlaqə yaratmasında heç bir problem yoxdur. Cib telefonum 24 saat açıqdır. İstənilən seçici istədiyi vaxt mənə zəng edib birbaşa danışa bilir. Milli Məclisə gələn istənilən şəxsi qəbul edirəm və adətən mən özüm Sumqayıtda mikrorayonlarda və məhəllələrdə seçicilərlə görüşürəm. İndiyədək mənim adıma daxil olan bütün məktublara cavablar verilib və məktub göndərən şəxslərlə telefon əlaqəsi saxlanılıb. İmkanlarımız daxilində köməklik etmişik. Digər tərəfdən mən bir deputat olaraq ölkə daxilində keçirilən toplantılarda iştirak, çıxış edirəm, televiziya və radiolara müsahibələr verirəm. Beynəlxalq tədbirlərə, konfranslara qatılıram. Hesab edirəm ki, seçicilərimlə normal münasibətlər, işgüzar şərait qura bilmişəm.

- Seçicilərinizin qaldırdığı müxtəlif məsələlərlə bağlı yəqin ki, dövlət orqanlarına müraciətlər edirsiniz. Bu zaman hansı münasibətlə qarşılaşırsınız? Xahiş və istəklərinizi yerinə yetirməkdən imtina halları olurmu?
- Bəri başdan deyim ki, mən şəxsi işlərimlə bağlı dövlət qurumlarına müraciət etmirəm. Seçicilərimin müraciətlərini müvafiq qurumlara göndəririrəm və həmin qurumlardan cavab alıram. Hesab edirəm ki, həmin qurumlarla bizim əməkdaşlığımız xeyirxah məqsəd güdür. Çünki həm o qurumların, həm də bizim məqsədimiz seçicimizin yaxşı yaşaması, problemlərinin az olmasıdır. Ancaq insan nə qədər varsa, insan cəmiyyəti nə zamandan mövcuddursa, həmişə problemlər olub, indi də var. Bundan sonra da daim olacaq. Əsas məsələ ondan ibarətdir ki, müvafiq qurumlar o problemlərin həllinə səy göstərsinlər və mən etdiyim müraciətlərin hamısında problemlərin həllinə səyin olduğunu görmüşəm. Buna görə də həmin qurumlara minnətdarlığımı bildirirəm.

- Sizə əsasən hansı məsələlərlə bağlı müraciət edirlər?
- Seçicilərin etdiyi müraciətlər bəzən deputat səlahiyyətinə uyğun olmur. Bəzən kabellərin köhnəlməsi, asfaltın dağılması, giriş qapılarının qoyulması, binaların üstünün vurulması, zirzəmilərin təmizlənməsi və digər bu kimi məsələlərlə bağlı çoxlu müraciətlər olur. Amma bizim tərəfimizdən həmin müraciətlər müvafiq icra strukturlarına göndərilir. Bu gün Sumqayıtda çox geniş tikinti-quruculuq, abadlıq, təmir işləri gedir. Sumqayıtın əsası qoyulandan bəri şəhərdə heç vaxt indiki kimi geniş quruculuq işləri aparılmayıb. Seçicilərin qaldırdığı məsələlər də tədricən yerinə yetirilir. Bütün istəklərin hamısını birdən-birə həyata keçirmək, eyni zamanda yerinə yetirmək mümkün deyil. Amma əsas odur ki, onu həyata keçirməkdən ötrü məqsəd, istək var.

- Bəzən elə seçicilər var ki, onu təmsil edən deputatdan açıq-aşkar maddi yardım istəyir. Siz də belə halla rastlaşırsınızmı?
- Bilirsiniz ki, mən professoram. Mən ancaq bankomata baxıram. Biznesim yoxdur. Bəlkə də seçicilərim bunu bilirlər və ona görə də bu barədə mənə müraciət etmirlər. Ancaq əlbəttə, əgər mən Bakıda oluramsa, imkanlarım daxilində seçicilərimin xeyir-şər məclislərində mütləq iştirak edirəm. Amma mənim doğrusu elə maliyyə imkanlarım yoxdur ki, seçicilərə maddi köməklik edəm. Bundan da utanmıram, hesab edirəm ki, hərənin öz sahəsi var. Mən tarixçiyəm, deputatam.Tarixçi olaraq da öz işimi görməliyəm. Seçicilərim də məni anlayışla qarşıladıqları üçün onlara təşəkkür edirəm.

Səxavət Həmid
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR