• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Həsrət Rüstəmov: “Variantlardan biri də ümumiyyətlə seçkilərə qatılmamaqdır” - MÜSAHİBƏ

  • Nida.az
  • 22 İyun 2012 19:27
  • 281 Baxış
Həsrət Rüstəmov: “Variantlardan biri də ümumiyyətlə seçkilərə qatılmamaqdır” - MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov Publika.Az-ın suallarını cavablandırıb.

-İctimai Palatanın təşəbbüsü ilə keçirilən “Seçki dinləmələri” mövzusunda tədbirdə qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın çıxışından bir sitatı xatırladıram: “…bununla da aydın oldu ki, niyə insanlar ADP-nin sıralarını tərk edir”. Doğrudanmı ADP-ni tərk edənlər var?

-Vidadi bəy belə bir söz deyibsə, bu məndə təəssüf doğurur. O, bir hüquqşünas olaraq dəqiq faktlara söykənməli, istinad etməlidir. Uzun müddətdir ki, Azərbaycan Demokrat Partiyasında sakitçilikdir və belə bir kampaniya yoxdur.

-Ola bilərmi ki, bu barədə mətbuatın xəbəri yoxdur, Vidadi Mirkamalın xəbəri var?

-Belə bir hal olsaydı, mətbuat mütləq xəbər tutardı. Çünki hansısa bir partiyadan tərketmələr olanda bu bir kampaniya halına gətirilir. Hansısa maraqlı qüvvə bu barədə informasiyaları ötürürlər. Belə bir kampaniya yoxdursa, deməli ADP-ni tərk edənlər də yoxdur.

Eyni zamanda deyim ki, belə kampaniyalar seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində baş tutur. Vidadi bəy bu məsələyə kökündən səhv yanaşır. Bu bir müzakirə mövzusu ola bilməz.

-Həmin tədbirdə partiya sədri Sərdar Cəlaloğlunun çıxışı etirazla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz?

-Hər bir insanın müəyyən məsələlərə şəxsi mövqeyi var və onu zorla dəyişdirmək olmaz. Amma sözügedən etirazları səhv mövqe olaraq qiymətləndiririk. Seçkilərlə bağlı daha çox siyasi partiyaların müzakirəsinə ehtiyac var. Çünki siyasi partiyaların birləşib bir komanda yaratması, seçkilərlə bağlı hər hansı bir strategiya işləməsi gündəlikdə olan məsələdir. İctimai təşkilatlar bu məsələdə dəstəkçi rolunda çıxış edə bilərlər. Mənin bildiyimə görə, Sərdar bəy də belə bir fikir işlədib. Sadəcə, bu fikir bəzi yoldaşlar tərəfindən düzgün anlaşılmayıb. Belə başa düşüblər ki, Sərdar bəy ümumiyyətlə QHT-lərin siyasi və ictimai həyatda iştirakına qarşıdır. Vidadi bəy də QHT-nin rəhbəri olduğu üçün bunu özünə şamil edib. Hesab edirəm ki, bu adi bir haldır, şişirtməyə ehtiyac yoxdur. ADP-nin olub-olmadığı istənilər demokratk prosesləri dəstəkləyirik.

-ADP sədrini həm də pessimist olmaqda ittiham ediblər…

-Vidadi bəyin səsləndirdiyi kimi, ADP heç də pessimist deyil. Əksinə biz, seçkilərdən dərhal sonra preziednt seçkilərinə hazırlaşmağın, indiyə qədərki səhvlərdən nəticə çıxararaq müxalifətin vahid cəbhədə birləşməsinin zəruriliyini dəfələrlə təkrarlayıb. İnsafı olan adamlar oturub mətbuatı vərəqləyə bilərlər. İctimai Palatanın üzvləri, o cümlədən Vidadi bəy belə hesab edirdi ki, növbədənkənar parlament seçkiləri keçirmək lazımdır. Onlar indi bizim mövqeyimizə gəliblər ki, prezident seçkilərinə hazırlaşmaq lazımdır. Yəni, onlar ADP-nin mövqeyinə gəliblər. Bunda da bir qəbahət görmürük. Çünki hansısa bir hadisəni başqasından tez görmək demək deyil ki, bu məsələdə kimsə irəli çıxmalıdır. Biz qətiyyən belə bir iddiada deyilik. Əksinə biz deyirik ki, müxalifətin prezident seçkilərində uğurlu bir komanda formalaşdırılması üçün bütün iddialarımızdan əl çəkməyə hazırıq, heç bir iddia ortaya qoymuruq. Sadəcə olaraq, Azərbaycanda demokratiyanın inkişafı üçün belə bir təkanın olmasını arzulayırıq və bu istiqamətdə işləmək istəyirik. Kimsə buna görə bizi qınayırsa, təbii ki, bunu başa düşə bilmirik.

-Müxalifətin vahid seçki mərkəzinin yaradılmasına ehtiyacı varmı?

- O halda mümkün ola və effektiv işləyə bilər ki, vahid komanda olsun. Hesab edirik ki, indiki məqamda müxalifət neytral bir namizədin ətrafında birləşməlidir. Çünki partiya sədrlərinin prezidentliyə vahid namizədliyinin razılaşdırılması mümkünsüz görünür. Hesab edirəm ki, bu alınmayacaq. Azərbaycan müxalifət spektrini təmsil edən bütün qüvvələr bu komandada təmsil olunmalıdır. Həmin komanda elan etməlidir ki, keçid dövrü üçün hansı addımlar atacaq. Razılaşdırlmalıdır ki, həmin komandanın lideri növbəti seçkilərdə namizdəliyini irəli sürməyəcək. Azərbaycanda neytral adamlar var. Akademik Rafiq Əliyev müxalifətin namizdələrindən biri ola bilər. Əks halda nailiyyət əldə etmək çətin olacaq.

-Sözünüzdən belə çıxır ki, indiki halda heç bir partiya rəhbəri prezident seçkilərində iştirak etməməlidir?

-Hər bir partiyanın özünün proqramı, siyasi baxışları var. Amma indiki dövr üçün başqa bir problem də var. Siyasi partiya liderinin digərinə güzəştə getməsi öz partiyası daxilində psixoloji problemlər də yarada bilər. Bəziləri də hesab edir ki, lider başqa partiyalara güzəştə getməklə partiyasının inkişafına mənfi təsir göstərə bilər. Neytral bir adamın ətrafında birləşmək keçid dövründə bu problemləri bir kənara atmağa imkan verir. Daha çox siyasi ambisiyaların geri çəkilməsinə və ümumi maraqların önə çıxmasına səbəb olur.

-Bir müddət əvvəl adını çəkdiyinz Rafiq Əliyevdən başqa, Firudin Cəlilov və Mehman Əlıyevin adı vahid namizəd olaraq çəkilmişdi…

-Rafiq Əliyev ilə yanaşı, Firudin Cəlilov və Mehman Əlıyevin də vahid namizəd olmasında heç bir problem görmürük.

-Sərdar bəyin özü necə, hansısa bir neytral namizədin lehinə prezidentliyə namizədlikdən imtina edə bilərmi?

-Sərdar bəyin özü də prezidentliyə namizəd olmasını qeyri-real hesab edir və qeyri-real iddianı ortaya qoymaq fikrində deyil. Başqaları bunu etdiyi halda, ADP də belə bir qərar qəbul etsə, partiya maraqları naminə seçkilərə gedə bilərik. Amma bütün bunlardan imtina etmişik. Prezident seçkiləri ilə bağlı heç bir iddia irəli sürmürük. ADP bu gün yeganə partiyadır ki, lideri prezidentliyə iddialı deyil. Bununla da partiya təkcə hakimiyyət maraqları uğrunda mövcud olan bir təşkilat olmadığını ortaya qoyur.

-İctimai Palatanın namizədini necə, dəstəkləyəcəksinizmi?

-İctimai Palata belə bir namizədi ortaya çıxarsa, bu ADP-də müzakirə olunacaq və indidən deyim ki, müsbət cavab imkanları çoxdur. Amma gümanımız azdır ki, İctimai Palata vahid namizəd ortaya çıxara bilər. Müsavat və AXCP namizədi müəyyələşdirə bilsə, ADP-nin həmin namizədi dəstəkləmə nisbəti əlli faizdən çoxdur. Bu ADP rəhbərliyinin rəyidir. 2005-ci ildə Müsavat və AXCP ilə bir blokda təmsil olunmuşuq. Onlarla bir komandada da işləyə bilərik. İndiki situasiyada isə onların vahid namizəd müəyyən edəcəyinə ümid azdır.

-Söhbət müxalifətin vahid namizədindən gedirsə, təbii ki, bu İctimai Palata ilə məhdudlaşdırıla bilməz…

-İctimai Palatanın ümumilikdə müxalifət ilə eyniləşdirilməsi düzgün deyil. Əvvəla İctimai Palata ictimai bir təşkilatdır, siyasi blok deyil. Bu şəkildə təqdim etmək də düzgün deyil. Müsavat və AXCP-nin namizədi heç bir halda müxalifətin namizədi hesab oluna bilməz. Yalnız o halda olar ki, oraya bütün müxalifətin əsas spektri qoşulsun, maraqları olsun. Elə-belə bəyanatlar da önəmli bir rol oynamır.

-“Beşlər”in növbəti toplantısı niyə gecikir?

-“Beşlər”in ilk toplantısı AMİP-in təşəbbüsü ilə baş tutmuşdu. Lakin bu konkret təşkilat deyil, toplantılarla bağlı daimi bir planı yoxdur. Müəyyən məsələlər aktuallaşarsa, görüş ola bilər. Məsələn, prezident seçkisi bu məsələlərdən biridir. Niyyətimiz var ki, nəinki “beşlər”, digər partiyaların da iştirakı ilə Avropa Şurasının Azərbaycanla bağlı fəaliyyəti müzakirə edilsin.

-“Qarabağ” blokunda ADP ilə birgə təmsil olunan Ümid Partiyasının sentyabr ayında keçiriləcək qurultayında İqbal Ağazadənin prezidentliyə namizədliyini təsdiqləyəcəyi gözlənilir. “Ümid”in namizədinin dəstəklənməsi ADP-nin mümkün variantlarından biri ola bilərmi?

-ADP ilk növbədə müxalifətin vahid namizədinin dəstəklənməsi variantı üzərində dayanacaq. Bu alınmasa, bir variant da “Qarabağ” blokunun vahid namizədlə seçkilərə getməsidir. Amma bu o demək deyil ki, blokun namizədi mütləq İqbal Ağazadə və yaxud Sərdar Cəlaloğlu olacaq. Bu başqa bir şəxs də ola bilər. Bir variant öz namizədimiz ilə seçkilərə qatılmaq, başqa bir variant isə ümumiyyətlə seçkilərə qatılmamaqdır.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR