Liberal getdi, millətçi çıxdı, yerdə kim qaldı? – Müsavatda problem
Bizi izləyin

Nida.az

Liberal getdi, millətçi çıxdı, yerdə kim qaldı? – Müsavatda problem

Müsavat Partiyasının keçmiş Məclis üzvü Hikmət Hacızadənin hələ bir neçə gün bundan əvvəl partiyada fəaliyyətini dondurduğu barədə açıqlaması ciddi müzakirələrə səbəb olmuşdu. Müsavat kuluarlarında şok effekt yaradan bu qərardan sonra onun istefası gözlənilməz olmadı.

H. Hacızadə bu addımı yeni başqan Arif Hacılı komandasının söz azadlığının kobud və birtərəfli pozmasına, fərqli fikrə dözümsüzlük kampaniyasına etiraz olaraq atdığını bəyan edib və bu barədə geniş danışmaq istəmir.

Qeyd edək ki, H. Hacızadə Müsavatda liberal qanadın başında duran şəxs olub. Müsavatçılar onun partiyanın bərpa olunmasında xidmətlərinin əvəzsiz olduğunu vurğulayırlar.


H. Hacızadənin istefasından sonra REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı sosial şəbəkələrdə ictimaiyyət qarşısında maraqlı sual qoyub: “1990-cı illərdə Müsavat partiyasında iki cərəyan - iki qrup var idi: liberallar və millətçilər. Liberalları Hikmət Hacızadə təmsil edirdi, millətçiləri isə Nəsib Nəsibli. Hər ikisi də partiya proqramının öz versiyasnı yazmışdı. Zamanına görə çox ciddi sənədlər idi. Dünən xəbər tutdum ki, Hikmət bəy Müsavat sıralarını tərk edib. Ondan 1-2 həftə əvvəl isə Nəsib Nəsibli partiyadan ayrıldığını elan etmişdi. Bir sözlə liberalların da, millətçilərin də “ideya ataları” partiyanı tərk etdilər. Maraqlıdır indi Müsavatda kimlər qaldı?”


Məsələ ilə bağlı Publika.az-a danışan Müsavatın keçmiş Divan üzvü Novella Cəfəroğluna görə, partiya proqramını Nəsib Nəsibli ilə Hikmət Hacızadə yazsa da, onu İsa Qəmbər reallaşdırıb: “İsa Qəmbər partiyadadır. Nəsib Nəsibli və Hikmət Hacızadə partiyadan getsə də, Müsavatın ideologiyası onların ürəyindədir. Onlar Müsavatda olmasalar da, bu ideologiyadan geri çəkilməyəcəklər. Müsavatçılar məhz partiyanın ideologiyasına görə onun başına yığışıblar. Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy davamçıları bu partiyadadır. Nəsibin də, Hikmətin də getməsi mənə pis təsir etdi. Amma onların partiyadan getməsi Müsavat ideologiyasının itirilməsi demək deyil”.


N. Cəfəroğlu Müsavatın liderinin hələ də İsa Qəmbər olduğunu deyib.


“Hikmət Hacızadə də, Arif Hacılı da, Nəsib Nəsibli də, Qubad İbadoğlu da Müsavatda öndə gedən insanlar idi. Bu gün Arif Hacılını kənarda qoymaq olmaz. Çünki Arif Azərbaycanın müstəqilliyinə qol çəkən insanlardan olub. O, Müsavat üçün çox böyük işlər görüb. Ola bilər, Arif Hacılı da düzgün hərəkət etməyib. Amma bu, digərlərinin Müsavatdan getməsinə əsas yaratmamalıdır. Bir neçə aya hər şey öz yerini tapacaq. Müsavata hamı könüllü gəlib. Partiyadan qovulma halları xoşuma gəlmir. Neçə illərdir insanlar Müsavatda bir qəpiksiz xidmət edirlər. Onları Müsavatdan qovmaq məni ağrıtdı”.


Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Müsavatda ideoloji qarışıqlıq olduğunu deyib. Onun sözlərinə görə, Hikmət Hacızadə və digər tanınmış şəxslərin getməsi Müsavatın çökməsi deməkdir: “Bu, əvvəldən gözlənilən idi. Liberallarla millətçilərin çəkilməsi əlavə idarəetmə üsulunu ortaya çıxarır. Hazırda Müsavatda baş verənlər bunun avtoritar üsul olduğunu göstərir. Neçə ilin müsavatçılarını kimisə tənqid etdiyinə görə partiyadan uzaqlaşdırmaq doğru deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm