Arif Hacılı istefalara münasibət bildirdi: “Hər kəs buna əməl etməyə borcludur”
Bizi izləyin

Nida.az

Arif Hacılı istefalara münasibət bildirdi: “Hər kəs buna əməl etməyə borcludur”

“Müsavat Partiyası nizamnaməni qəbul edən və buna əməl edəcəyini öhdəlik kimi üzərinə götürən insanların təşkilatıdır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat partiyasının başqanı Arif Hacılı son istefalara münasibət bildirərkən deyib.


Müsavat başqanı sistemli şəkildə nizamnaməni pozan şəxslər haqqında müxtəlif qərarlar qəbul edilməsinin normal hal olduğunu bildirib: “İstənilən demokratik cəmiyyət, yaxud partiya quruculuğu hökmən qanunun aliliyi prinsipinə əməl edilməsi ilə müşayiət olunmalıdır. Müsavat üzvləri üçün də münasibətləri tənzimləyən qanun səviyyəsindəki sənəd partiyanın nizamnaməsidir. Partiyanın hər bir üzvü bu nizamnaməyə əməl etməyə borcludur. Qurultayın, Məclisin, Divanın qərarlarını saymamaq, dəvəti qəbul etməmək nizamnaməyə zidd hərəkətlərdir. Bu baxımdan bir qərar qəbul etdik və bu qərarın nizamnamə, eləcə də demokratik prinsiplərə uyğun olduğunu düşünürəm”.


A. Hacılı partiyadan heç kimin istefa verməsini istəmədiyini açıqlayıb.


“Hər bir üzv mənim üçün əzizdir. Mən heç kimin istefa verməsini istəməzdim. Lakin partiyadan istefa verən şəxslər kifayət qədər təcrübəli siyasətçilərdir. Onların belə qərar verməzdən əvvəl ciddi düşündüklərini hesab edirəm”, - deyə başqan bildirib.


Müsavat başqanı partiyada söz azadlığının, fikir plüralizminin tam şəkildə qorunduğunu bildirib: “Müsavat demokratik partiyadır. Belə olmasaydı, qurultay keçirilməz, başqan dəyişikliyi olmazdı. Bunlar reallaşan məsələlərdir. Partiyada söz azadlığının boğulduğuna dair deyilən fikirlərin heç bir əsası yoxdur. Nizamnamə pozuntusuna görə qəbul edilən cəza tipli qərarları antidemokratik addım hesab etmək yolverilməzdir. Müsavat Partiyasından hər kəsin fikrinə hörmətlə yanaşılır, dinlənilir və nəzərə alınır. Bu partiya illərdir belə fəaliyyət göstərib. Hər kəsin fikrinə dözümlü yanaşıldığı kimi partiyanın rəhbər orqanlarının qərarlarına da dözümlü yanaşılmalıdır”.


A. Hacılı partiyada avtoritar idarə üsulunun tətbiq edilməsi haqda iddialara da münasibət bildirib.


“Bunlar sadəcə iddiadır. Hər kəsin fikri qəbul ediləndə demokratiya olur, amma kiminsə xoşuna gəlməyən qərarlar olanda avtoturizm sayılır? Hər şey göz önündədir. Müsavat demokratik partiya olaraq öz işini yenə də davam etdirəcək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm