Vaşinqton Bakıya yaxınlaşmağın yollarını axtarır – Obamaya müraciətin səbəbi
Bizi izləyin

Nida.az

Vaşinqton Bakıya yaxınlaşmağın yollarını axtarır – Obamaya müraciətin səbəbi

ABŞ konqresmeni Robert Aderholt prezident Barak Obamaya məktubla müraciət edərək Vaşinqtonu Azərbaycana dəstək verməyə çağırıb.

Konqresmen Aderholt öz məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına, Avropanın və İsrailin enerji təhlükəsizliyinə dəstəyini vurğulayıb. O, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. Amerikalı konqresmen Azərbaycan və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını və bu əhəmiyyətli dövrdə ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə münasibətləri saxlamasının önəmini vurğulayıb. Eyni zamanda, konqresmen prezident Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.


Amerikalı konqresmenin bu mövqeyi Vaşinqtonda Bakının dəyərini anlayanların hələ də qaldığını deməyə əsas verir. Halbuki, keçmiş səfir Riçard Morninqstarın getdiyi ərəfədə Ağ Evin belə qəbul etmədiyi qalmaqallı fikirləri münasibətlərdə lazımsız gərginlik yaratmışdı.


Konqresmenin çağırışı fonunda məşhur amerikalı jurnalist Reynaldonun “Los Angeles Times” nəşrində Azərbaycana həsr olunmuş məqaləsi diqqət çəkir. Jurnalist bir sıra anti-Azərbaycan mövqeli siyasətçidən fərqli olaraq Bakı hökumətinin KİV azadlığına, demokratiyaya qayğısından danışır və Qərbin Azərbaycana qarşı kampaniyalarını pisləyir. Reynaldo Dağlıq Qarabağ münaqişəsinə toxunur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktını gündəmə gətirir. O, beynəlxalq hüququn Azərbaycandan yana olduğunu bildirir.

Ekspertlər bu mövqeləri Vaşinqtonda Azərbaycanın əhəmiyyəti haqda düşünənlərin hələ də qalması kimi xarakterizə edir.


Publika.az xəbər verir ki, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin baş direktoru, politoloq Andrey Petrov bunu Vaşinqtonun Bakıya yaxınlaşmaq cəhdləri kimi şərh edib. Onun sözlərinə görə, ABŞ bunun üçün manevrlərə əl atır: “Son illər ABŞ və Qərbdə Azərbaycanın vətəndaş cəmiyyətində ciddi problemlərin olduğuna dair iddialar gündəmə gəlirdi və buna görə rəsmi Bakı sərt formada tənqid edilirdi. Hətta Barak Obama Azərbaycanın adını insan haqları pozulan ölkələr sırasında çəkdi. Bu yanaşmalar səfir Morninqstarın Bakıda olarkən dilindən də səslənmişdi. Bu Azərbaycana təzyiq üçün bir növ “siyasi kəşfiyyat” idi. Görünür, “siyasi kəşfiyyat” yekunlaşıb və ABŞ əvvəlki mövqeyindən geri çəkilir. Bu fonda Amerika KİV-ləri və siyasətçilərinin Azərbaycanı müdafiə edən çıxışlar etməsi təəccüblü deyil. ABŞ prezidentinə və dövlət katibinə səfir təyinatı ilə bağlı müraciətlərin edilməsi də təsadüfi deyil. Əslində, diplomatik münasibətləri olan iki ölkə arasında səfir təyinatı güzəşt deyil, vəzifədir. Lakin Vaşinqton bununla Bakıya öz jestini etməyə çalışır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm