• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Dahi rəhbər”in qapısı önündə... “Ölüm sükutlu” dəhliz, soyuq baxışlı oğlan və müəmmalı otaq - REPORTAJ

  • Nida.az
  • 19 Noyabr 2014 12:00
  • 1 081 Baxış
“Dahi rəhbər”in qapısı önündə... “Ölüm sükutlu” dəhliz, soyuq baxışlı oğlan və müəmmalı otaq - REPORTAJ

- İsa bəylə görüşmək olarmı?

- Sizə nə lazımdır?

Soyuq baxışlı oğlan göstərdiyim təbəssümə qarşılıq vermədi. “Yəqin, keçmiş başqanın ən yaxınında olan adam budur” deyə düşündüm.

- Jurnalistəm, Publika.az xəbər portalından gəlirəm, İsa bəyə suallarım var.

Soyuq baxışlı oğlan qapının arxasında gözdən itdi. Məni saxladıqları qapının kandarından içəri dar çərçivədə görünürdü. Görünən otağın içinə daha bir qapı açılırdı. İsa Qəmbər o qapının arxasında idi.

Başqan seçkilərindən sonra “İsa Qəmbər harda oturacaq” məsələsi xeyli müddət medianın gündəmində olmuşdu. Bir çoxları yeni başqanın daha xarizmatik olsun deyə Müsavat qərargahında hər kəsin “başqanın kabineti” kimi tanıdığı otağı seçəcəyini, İsa Qəmbərinsə kabinetsiz qalacağını düşünürdü. Görünür, ya yeni başqan anlayışlı davranmış, ya da postu verən keçmiş başqan kreslosundan imtina etməmişdi. Ya vəlvələdən, ya zəlzələdən - İsa Qəmbər yerində idi. Bir azdan sonra mənə müsahibə də verə bilərdi və bu, çox maraqlı olacaqdı. Çünki qurultaydan sonra iki, ya üç dəfə media qarşısına çıxan keçmiş başqan əsas müsahibəsini oğlu Turqut Qəmbərin rəhbərlik etdiyi mediaya vermişdi. İkinci mən ola bilərdim, amma...

Soyuq baxışlı oğlan geri döndü və “Başqan məşğuldur” dedi.


- Çox yox, heç olmasa, beş dəqiqəlik vaxt ayıra bilməzmi?

- Məşğuldur.

Eyni cavab eşidilir. Bu arada İsa Qəmbər haqqında “başqan” deyə bəhs edilməsi diqqətimdən yayınmır.

- Heç olmasa, üç dəqiqə.

Eyni baxışlarla qarşımda dayanıb.


- İki...

...İllərin siyasətçisi jurnalisti qapısının kandarından qaytarmışdı. Məsələyə bu formada da yanaşmaq olar. Amma məni qulağımın aldığı bir səs daha çox düşündürürdü. İsa Qəmbəri arxasında gizlədən qapıdan o yana sanki bir musiqi eşidilir və mən bu musiqini xatırlamağa çalışıram... Hansısa məşhur filmin soundtrekidir, deyəsən. Ya da mənə elə gəlirdi.

“Görəsən, jurnalisti qapısından qaytaran illərin siyasətçisi nə haqda düşünür” deyə öz-özümə fikirləşirəm. Yəqin, ölkənin gələcəyini düşünür, ya da partiyanın taleyini. İkinci daha inandırıcı versiyadır. “Yoxsa filmə baxdığı üçün jurnalistə iki dəqiqəsini ayırmaqdan vaz keçməz” deyə özümə təsəlli verirəm.

Hələ də qapının önündə dayanmışam. Getmək istəmədiyimi görən “ən yaxın adam” qapını üzümə bağlayır.

... 18 noyabr, 2014-cü il. Saat 15:43, Bakı şəhəri, Müsavat Partiyasının mərkəzi qərargahı. İsa Qəmbərin kabinetinin önündə qapı arxasında dayanan mənəm, o içəridədir.

Müsavat Partiyasının mərkəzi qərargahından reportaj hazırlamaq üçün redaksiyadan çıxdım. VIII qurultaydan sonra seçkinin nəticələrini Müsavat üçün müsbət hesab etmək olmazdı. Partiyanın tanınmış şəxsləri yeni başqanı tanımır, hər gün media və sosial şəbəkələr üzərindən “ittiham atəşləri” havada uçuşurdu. Bu situasiya fonunda qərargahdakı ab-hava maraqlı olardı. Həm də, nə gizlədim, ürəyimdə yeni rəhbərlik və görüşə bilsəydim, keçmiş başqan İsa Qəmbərlə təmas quracağımı da planlaşdırmışdım.

15:32-də qərargaha çatdım. İsa Qəmbərin məni qəbul etmək istəmədiyi vaxta 11 dəqiqə qalıb. Hər tərəf səssizlikdir. Otaqların birinin dərinliyindən gülüş səsi gəlir. Yaxınlaşıram, partiyanın mətbuat konfranslarında bəzən çay içdiyimiz, adam əlindən tərpənmək olmayan çayxanada cəmi iki nəfər oturub. Səssizliyin səbəbini soruşuram, yəni “millət hardadır?” demək istəyirəm. “İkinci mərtəbəyə qalx, hamı iclasdadır”.

Deyiləni edirəm. İkinci mərtəbədə “ölüm sükutu” var. Hətta o qədər səssizlikdir ki, iclasın hansı otaqda keçirildiyini müəyyənləşdirməyə çətinlik çəkirəm. Dəhliz boyu gedib-gəlirəm, üzərində heç nə yazılmayan otaq görünür. Yaxınlaşıb döyürəm, soyuq baxışlı adam qarşılayır....

...Saat 15:47. “Ən yaxın adam” üzümə qapını bağlayandan sonra “dahi rəhbərin” qapısı önündə bir qədər də dayandım. Nədənsə yadıma türk sənətçisi Əhməd Kayanın “Yorğun demorkat” mahnısı düşür. Niyəsini heç özüm də bilmirəm.

Amma yalan dedim, bəlkə də, bilirəm...

“Ölüm sükutunu” tərk edib qərargahın önünə gəldim. Və budur, yeni başqan Arif Hacılı çıxdı. Özündən əmin addımlarla irəliləyir, əl tutuşuruq. Özümü təqdim edirəm.


- Arif bəy, sizdən müsahibə almaq istəyirəm.

- Mümkün deyil, vaxt yoxdur.


- Bəy, o boyda yol gəlmişəm, heç olmasa, 5 dəqiqənizi ayırın.

- Cəmi bir suala cavab verə bilərəm, artıq yox.

Razılaşırıq. Müsavatda son istefalardan soruşuram. Başqan nizamnaməni, demokratiyanı və mövcud situasiyanı dilə gətirərək ağıllı siyasətçi cavabını verir. Görünür, nə şişi yandırmaq istəyir, nə də kababı. Amma dediyini edir, ikinci sualı cavablandırmadan “Mersedes” markalı avtomobilinə yaxınlaşır. Yeni başqanın sürücüsü də var, bu, bir siyasətçiyə az da olsa xarizma gətirə biləcək amildir. Sözarası qərargahdakı səssizliyi soruşuram.

- Narazılar qərargahın boşaldığını deyirlər.

- Sən özün necə düşünürsən, adam yoxdurmu? – gülə-gülə deyir. Maşının qapısını açarkən, “Müavinlərim yuxarıdadır, onlardan nə istəsən, soruşarsan” deyib gedir.

“Ölüm sükutu” və İsa Qəmbərin oturduğu ikinci mərtəbəyə gəlirəm. Dəhlizin keçmiş başqanın kabinetinin olduğu istiqamətindən əks hissəsində boş bir otaq gözümə dəyir. Otaqda təmir getdiyini xatırladan vəziyyət var.
Nəhayət, dəhlizdən ayaq səsləri eşidilir. Müsavatçılardan biridir. Yaxınlaşıb söhbət edirəm. Təmir gedən otağı soruşuram. “Gənclər pul toplayıb özlərinə ayrıca otaq düzəldirlər” deyir.

Partiyadakı vəziyyəti, son istefaları soruşuram və “Ankara kulislərində” qaranlıq həqiqətləri xatırladan əsl proseslərdən danışır.

“Onlar satqındırlar”, – bir qədər sərt formada deyir, – iqtidara işləyirlər. Qubad İbadoğlu vaxtilə Elçibəyi devirən AMİP-də olub. Amma özü qurultaydan öncə “Mən hakimiyyətdə olmamışam, təmizəm” deyirdi. Sanki hakimiyyətdə olmuş İsa Qəmbərin, Arif Hacılının əlləri çirkaba batıb. Onların məqsədi bəlli idi. Hələ qurultaydan çox əvvəl bu proseslərin olacağı görünürdü. “Saxtakarlıq olmasa, partiyadan getməyəcəm” deyirdi Qubad. Müsavatda hansı saxtakarlıq ola bilərdi. Amma Arif Hacılı hər nə olsa da, Müsavatda qalacağını bildirirdi. İndi durub partiyanı bölürlər. İsa bəy onlara çox dedi, amma eşitmədilər. Arif bəy çox çağırdı, gəlmədilər. Müsavatçılıq deyə-deyə Müsavatı çətin duruma salırlar. Səxavət Əlisoy bağıra-bağıra danışır. O elə əvvəldən belə idi. “Naxçıvanlı müsavatçını çıxartdılar” deməsinlər deyə özümüz çıxartmırdıq. Dillənmirdik. Amma nə vaxta qədər susmaq olar. Səxavət Əlisoy Sülhəddin Əkbərin adamı idi. Sülhəddin getdi, o isə qaldı və dünənə qədər partiyanı qarışdırmaqla məşğul olub. Axı sən Müsavat üçün neynəmisən? Vaxtilə məni Sülhəddin Əkbər görüşə dəvət etdi. Onda hələ getməmişdi. Mənə “gəl biz tərəfə keç” dedilər. Sülhəddin “Müsavatın başqanı naxçıvanlı olmasa, hakimiyyətə gələ bilməyəcəyik” dedi. Mən qəbul etməyəndə Səxavət “Bundan heç nə çıxmaz” dedi. Bunlar belə insanlardır. Hikmət Hacızadə döşünə döyə-döyə özünü demokratiyanın atası adlandırır. Bu adamların danışmağı var, heç biri Müsavat üçün heç nə etməyib. Ancaq pul qazanmaqla məşğul olublar”.

- Bəy, Müsavatda ikinci partiya yarana bilərmi?

- Qoy yaratsınlar. Kimə nə edə bilərlər? 3-5 nəfərdən başqa onların yanında kim var?!


- İsa bəy niyə bu proseslərə müdaxilə etmir?

- İsa bəy daha nə etməlidir? Onlara “Belə etməyin, ayıbdır” dedi. Amma qulaq asmadılar. Çünki hakimiyyətə işləyirlər və Müsavatı zəiflətməyə çalışırlar.

Daha sonra “sən jurnalistsən, gedib yazacaqsan deyə çox şeyləri açıb-ağartmıram” deyir. Mən də gülürəm. Adam haqlıdır.

Adını demək istəmir, amma Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü olduğunu deyir: “Mən MNTK-nın sədri də olardım, amma bəzi məsələlərə görə üzdə görünmək istəmirəm”.

Arif Hacılının otağında rayon təşkilat sədrlərinin şura iclası davam edir. İclasa başqanın müavini Gülağa Aslanlı rəhbərlik edir.

Qərargahda rastlaşdığımız müsavatçılardan biri maraqlı fakt açıqlayır. Onun dediyinə görə, təmir olunan otaq başqan Arif Hacılının yeni kabineti olacaq. Bu da bir müəmmadır.

Saat 16:30-u keçib. İclas başa çatır və rayon təşkilat sədrləri başqanın kabinetini tərk edirlər. İclası aparan Gülağa Aslanlı başqa otağa keçdiyi üçün onunla söhbətləşə bilmirik.
Əvəzində partiyanın təşkilat şöbəsinin sədri Razim Əmiraslanovdan son durumları öyrənirik.

- Müsavatın qərargahı deyildiyi kimi boşalmayıb. Günün ikinci yarısı olduğu üçün üzvlərin çoxu gedib. Hər şey öz axarında davam edir. Müsavatın VIII qurultayı şəffaf və demokratik şəraitdə keçdi. Qurultaydan bir neçə nəfər narazı qaldı. Bunu da normal qarşılayırıq. Amma vəziyyət narazıların iddia etdikləri kimi deyil. Əksəriyyət qurultayın nəticələrini tanıyır, rayon təşkilatları yenidən təşkilatlanır. Partiya hər gün daha da genişlənir. İstefa verənlər olsa da, hazırda onlarla insan üzv olmaq üçün bizə müraciət edib. Biz gedənlərə görə üzülürük. Hikmət Hacızadə kimi adamın getməsi Müsavat üçün itkidir. Amma əlimizdən nə gəlir? Siyasətdə belə hallar olur, bəzən kimlərsə gedir, amma onların yerinə gələnlər də olur. Məqsədimiz Müsavatı genişləndirmək, demokratik partiya olaraq inkişaf etdirməkdir.


- Qurultaydan sonra neçə nəfər istefa verib?

- Təxminən 11-12 nəfər istefa verib. İki nəfər partiyadan uzaqlaşdırılıb.


- Narazılar onlardan sonra qərargahın boşaldığını iddia edirlər.

- Özünüz gördünüz. Dediyim kimi, günün ikinci yarısıdır, ona görə adam azdır. Amma Müsavat yerində qalır, heç bir yerə getməyib. Narazılıq edənlər də bir neçə nəfərdir.

Razim bəylə sağollaşıb çıxırıq. Nədənsə qərargahda Arif Hacılının yeni müavinləri Elman Fəttah, Osman Kazımov, Səxavət Soltanlı və digərləri gözə dəymir. Yenə sakitlikdir. Dəhlizin “İsa Qəmbər hissəsində” yenə “ölüm sükutu” hökm sürür. “Yorğun demokratdan” hələ də səs çıxmır. “Ən yaxın adam” isə heykəl kimi susaraq köməkçi otaqda oturub. “Yəqin, köhnə başqan memuar yazır” deyə düşünürəm. “Ölüm sükutu” təsiri altında qərargahı tərk edirəm.


Yolboyu “Yorğun demokrat” mahnısının nəqarətini xatırlayıram.

“Bu yolda dönənlər oldu
Şam kimi sönənlər oldu
Yar köksünə baş qoymadan
Vurulub düşənlər oldu”


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR