Baba Tağıyev: “Müxalifət mətbuatının yazdığı yazılar heç yerə yapışmır” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Baba Tağıyev: “Müxalifət mətbuatının yazdığı yazılar heç yerə yapışmır” – MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı Baba Tağıyevin Publika.az-a müsahibəsi:

- Neçə müddətdir ki, mətbuatda gözə dəymirsiniz. Hazırda nə işlə məşğulsunuz?

- Bütün Azərbaycan vətəndaşları kimi, mən də Vətənimin və xalqımın rifahı naminə bir sıra işlərlə məşğul oluram.

- Biznes fəaliyyətiniz var?

- Mən bizneslə məşğul deyiləm. Axı məşğul olmadığım bir şey haqqında nə deyə bilərəm?

- “Avropa qapıları” şirkətinin sizə məxsus olması barədə mediada tez-tez məlumatlar yayılır. Bəs buna münasibətiniz necədir?

- Yazsınlar da. Amma mən heç bir bizneslə məşğul olmuram. Müxalifət mətbuatının yazdığı yazılar heç yerə yapışmır. Ataların da gözəl misalı var ki, yalan ayaq tutar, yeriməz. Bu gün kimsə mənə böhtan yazırsa, buna bəzən indi, bəzən də sonra zamanı çatanda cavab verilir.

- Biznesiniz ümumiyyətlə yoxdur?

- Mən dedim ki, bizneslə məşğul deyiləm. Bu cavab sizi qane etməlidir.

- Hələ də Yeni Azərbaycan Partiyasının üzvüsünüz?

- Bəli, yenə də YAP-ın üzvüyəm. Azərbaycanda olanda partiyanın tədbirlərində də iştirak edirəm.

- Xaricdə tez-tez olursunuz?

- Belə də, oluram.

- Gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə namizədliyinizi irəli sürməyi düşünürsünüz?

- Parlament seçkiləri çox önəmli mövzudur. Bütün Azərbaycan vətəndaşları üçün vacib əhəmiyyət daşıyır. Əlbəttə ki, mənim üçün də çox əhəmiyyət kəsb edir. Ancaq seçkilərə qədər daha əhəmiyyətli işlər var. Bunlar haqqında düşünməyə və danışmağa dəyər.

- Ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri izləyirsiniz?

- Əlbəttə ki, izləyirəm. İctimai-siyasi vəziyyəti nəinki izləyirəm, faktiki olaraq, bunun içərisindəyəm.

- Bəs müxalifət cəbhəsində baş verənlərə münasibətiniz necədir?

- Müxalifət cəbhəsində baş verənlərdən daha çox, cənab prezidentin uğurlarından danışmaq mənə ləzzət edir. Çünki müxalifət cəbhəsi hər zaman olduğu kimi, bu gün də eynidir. Amma cənab prezidentin yürütdüyü siyasət və onun komandasının fəaliyyəti çox təqdirəlayiqdir. Bu, çox sevindiricidir. Mən bunun gələcəkdə daha da uğurlu olacağına inanıram.

- Parlamentin və burada təmsil olunan deputatların indiki fəaliyyətini necə qiymətləndirirsiniz?

- İstər Azərbaycan parlamentində, istər qeyri-hökumət təşkilatlarında, istərsə də cəmiyyətin bütün dairələrində müstəqil fikirli insanlar var. Elə bir dairə yoxdur ki, orada müstəqil fikirli insanlar olmasın. Bu var və mən sevinirəm ki, bu cür azadlığı olan insanlar var. Düşünürəm ki, bu daimi olacaq və bu Azərbaycan xalqına fayda gətirəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm