• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Narazılardan İsa Qəmbərə ittiham: “O boyda rəhbər şər atır”

  • Nida.az
  • 19 Noyabr 2014 14:59
  • 426 Baxış
Narazılardan İsa Qəmbərə ittiham: “O boyda rəhbər şər atır”

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər qurultaydan sonra partiyada yaranmış qarşıdurmaya uzun fasilədən sonra münasibətini açıqladı. Mediadan yayınan keçmiş başqan öz fikirlərini “facebook” səhifəsində paylaşıb.


“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir”, - deyə İ. Qəmbər bildirib.


Müsavatda hələ də söz sahibi olan keçmiş başqanın bu mövqeyi onun yeni rəhbərliyin yanında olduğunu bir daha nümayiş etdirdi. Həmçinin bu, narazıların iqtidara işlədiyi iddialarına İ. Qəmbərin də qol qoyduğunu göstərdi.


Müsavatın VIII qurultayında başqan seçilən Arif Hacılının legitimliyini tanımayan Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə, Səxavət Əlisoy və digərləri hakimiyyətə işləməkdə ittiham olunur. İddialara görə, iqtidar Müsavatı zəiflətmək üçün belə ssenarini əvvəlcədən hazırlayıbmış.
Hakim partiya bu iddialara “gülməli yanaşma” deyə cavab verib. Amma yeni rəhbərlik öz mövqelərindən geri çəkilmir.

Bu baxımdan, İ. Qəmbərin “əslində savaş hakimiyyətlə Müsavat arasında gedir” açıqlaması onun hansı cəbhədə olduğunu aydınlaşdırdı. Sosial şəbəkələrdə fikirlərini paylaşan keçmiş başqanın “statusuna” yazılan şərhlər də olduqca maraqlıdır.

Ən diqqətçəkən şərh isə Müsavat Partiyasının Məclis üzvü, Arif Hacılının tərəfdarı Vəfa Cümşüdlünün fikirləridir. Məclis üzvü İsa Qəmbərin fikirləri ilə yanaşı YAP rəsmisi Siyavuş Novruzov və Qubad İbadoğlunun fikirlərini paylaşıb.


Siyavuş Novruzov: “Təkrar qurultay keçirilməsə, yeni Müsavat Partiyası yaranacaq. Səxavət Əlisoyun Müsavatdan çıxarılması onu göstərir ki, orada repressiya gedir”.

Qubad İbadoğlu: “Biz növbədənkənar qurultayı hədəf kimi götürmüşük. Odur ki heç bir şərtlə güzəştə getmək niyyətində deyilik, ardıcıl olaraq bu istiqamətdə planlaşdırılmış fəaliyyətlərə Müsavatdakı repressiyaları dayandırandan sonra başlayacağıq”.

İsa Qəmbər: “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir”. Şərhə ehtiyac yoxdur”.


“Bir cümləlik sözün arxasında çox məsələlər dayanır”


İki gün öncə partiyadan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy İsa Qəmbərin fikirlərinə sərt reaksiya verib. O, Publika.az-a açıqlamasında kimin kimə işlədiyini zamanın göstərəcəyini bildirib.


“İsa Qəmbər bununla düşündüyünü açıqlayıb. Lakin zaman hər şeyin dərmanıdır. Vaxt gələcək, kimin kimə işlədiyi ortaya çıxacaq. Bu fikirlər İsa bəyin mövqeyini bildirdi. Buna başqa ad vermək mümkün deyil. Bir cümləlik sözün arxasında çox məsələlər dayanır. Sadəcə etika xətrinə bəzi şeyləri demək hələlik tezdir. Sonra hər şey bəlli olacaq”, - deyə o bildirib.


S. Əlisoy qurultaydan sonra İsa Qəmbərin onların heç biri ilə görüşmədiyini qeyd edib: “Mənimlə görüşməyib. Digərləri ilə görüşdüyünü də eşitməmişəm. Bircə Hikmət Hacızadə ilə görüşdüyünü bilirəm. Onda da Hikmət bəy tərəflər arasında barışdırıcı mövqe tuturdu”.

“İsa Qəmbər şər atır”


Səxavət Əlisoyun Müsavatdan çıxarılmasına etiraz edən Əlövsət Talışxanlı isə Publika.az-a açıqlamasında İsa Qəmbərin şər atdığını deyib: “25 ildir mübarizə aparıram. Ortaya bir fakt qoysunlar, onlarla razılaşaram. O boyda rəhbər faktla danışmalıdır, şər atmamalıdır. Ayıbdır. Mənim üçün ona görə ayıbdır ki, üzvü olduğum partiyanın rəhbəri bu cür qeyri-dəqiq informasiyalara əsaslanır. Tanınmış müsavatçıların 80 faizi kənarda qalıb. Partiyada repressiv metodlar qurultaydan əvvəl də, qurultay vaxtı da, ondan sonra da olub. Bu cür yanaşma gülüncdür. Bu, o cür ranqlara yaraşmayan deyimlərdir”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR