Azərbaycan layihəsinə Astana-Aşqabad-Kabil marağı
Bizi izləyin

Nida.az

Azərbaycan layihəsinə Astana-Aşqabad-Kabil marağı

Orta və Mərkəzi Asiya ölkələri Bakının təşəbbüskarı olduğu Bakı-Tiflis-Qars (BTQ) dəmiryoluna diqqəti artırıb. Qazaxıstanla yanaşı, Əfqanıstan da layihəyə qoşulmaq istəyini açıqlayıb. Bu məsələ ilə bağlı Aşqabadda Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə danışıqları da keçirilib.


Publika.az xəbər verir ki, ötən bazar ertəsi Türkmənistan hökumətinin forumla bağlı bəyanatında deyilir: “Görüş iştirakçıları layihənin əhəmiyyətini qeyd etdilər. Bu layihə iştirakçı ölkələrə region və dünya bazarlarına çıxış əldə etmək baxımından önəmlidir”.


Bəyanatda Əfqanıstanın layihəyə qoşulmasının bu ölkə üçün iqtisadi dirçəliş ilə nəticələnəcəyi xüsusi vurğulanıb. Tərəflərin sonrakı mərhələdə bərabər təsir imkanlarına sahib olması məsələsinin də müzakirə olunduğu deyilir.

“Qarşılıqlı əməkdaşlıq, siyasi, iqtisadi-ticarət və humanitar sahələrində məhsuldar əməkdaşlığın dərinləşməsi ümumi maraqlara cavab verir”, - deyə Aşqabadın bəyanatında bildirilib.


Rusiyanın “Nezavismaya qazeta” nəşri bu layihənin genişlənməsini region ölkələrinin inkişafına müsbət təsir edəcəyini yazıb. Astana və Aşqabad layihədə xüsusilə maraqlıdırlar. Çünki bu onları təkcə Xəzər vasitəsilə Avropaya birləşdirməyəcək. Onlar həm də üçüncü ölkələrin mallarından tranzit haqqı ala biləcəklər. Bu da əlavə divident deməkdir.


Qeyd edək ki, 2007-ci ilin 21 noyabrında BTQ-nin təməli Gürcüstanın Marabda kəndində qoyulub. Bu layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan dəmiryol vasitəsi ilə beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə BTQ dəmiryolundan tranzitdən minimal illik gəliri 50 milyon dollar təşkil edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm