Qənirə Paşayeva parlamentdə hərbi qulluqçuların probleminə toxundu
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva parlamentdə hərbi qulluqçuların probleminə toxundu

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2015-ci il büdcəsinin Hökumət üzvlərinin iştirakı ilə müzakirələri zamanı çıxışında bir qrup şəhid ailələri və müharibə əlilləri ilə bağlı təşkilatların müraciətini səsləndirərək Parlament və Hökumətdən 2015-ci ildə həmin məsələnin öz həllini tapmasını xahiş edib.

O bildirib: "Azərbaycanın ərazi bütövlüyü zamanı şəhid olmuş və aldıqları xəsarətlərdən qalan ömürlərini əlilliklə keçirən Qarabağ müharibəsi əlilləri, onlara qanunla hərbi qulluqçu olduqlarına görə ödənilməli olan dövlət, icbari sığorta ödənişlərini ala bilməmişlər. Bir qrup şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin məhkəmələrə bu istiqamətdə müraciətləri əsasında məhkəmələr Qarabağ müharibəsi əlillərinin iddialarını haqlı sayaraq qanunla ödənilməli olan dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsini cavabdeh Dövlət Sığorta Şirkətinin "Azərsığorta"nın üzərinə qoyub. 2012-ci ildən bəri bu kateqoriyalı 42 məhkəmə qərarı "Azərsığorta" tərəfindən icra olunub. Amma sonradan bu kimi tələblərin çoxluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin sorğusuna əsasən Konstitusiya Məhkəməsi Plenumu qərarı ilə "Hərbi qulluqçuların dövlət, icbari şəxsi sığortası haqqında" 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıradək sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericiliklə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir qərarını qəbul etmişdir və bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa vaxtda müəyyən edilməsi Milli Məclisə tövsiyə edilmişdir. Amma indiyənədək bu məbləğin ödənilməsi qaydaları və şərtləri müəyyən edilmədiyindən o insanlar dövlət icbari sığorta ödənişlərini ala bilmirlər və bu istiqamətdə hətta məhkəmə qərarları belə icra olunmur.

Cənab Prezidentin hər zaman şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğısını, onların həyat şəraitini yaxşılaşdırmaq üçün həyata keçirdiyi önəmli layihələri əsas tutaraq xahiş edirəm ki, qısa bir zamanda bu insanlara ödənilməli olan dövlət, icbari sığorta ödənişlərinin ödənilməsi şərtləri və qaydaları müəyyənləşsin və bu insanlara verilməyə başlansın. Əks halda ortaya bir paradoks çıxır ki, atəşkəs dövründə bu qrupa aid olan insanlara bu ödənişlər verilsə də, Qarabağ müharibəsi şəhid və əlillərinə verilmir. Biz hər iki qrupa hansı dövrdə olmasından asılı olmayaraq, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş və ya sağlamlığını itirərək əlil olmuş hərbi qulluqçulara dövlət icbari sığorta ödənişlərinin verilməsini təmin etməliyik. İnanıram ki, bu problemlə üzləşən insanlarımızın müraciətinə Milli Məclis və hökumətimiz qısa zamanda müsbət cavab verəcək və problem öz həllini tapacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm